Muradov, Volkov və Lentsov – Rusiya Qarabağda nə planlaşdırır?

Aktual

01.05.2023 - 10:06

Ədalət Verdiyev: “Azərbaycan Ordusunda iki min nəfərlik kontingenti polkovnik edarə edir, Rusiya isə bu qədər kontingentə general-polkovnik göndərir”

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinə yeni komandan olaraq general-polkovnik Aleksandr Lentsov təyin edilib. Əvvəlki komandan general Andrey Volkovu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müşaviri əvəzləyib.

Qeyd edək ki, Lentsov uzun illər Rusiyanın kəşfiyyat və desant diviziyalarına rəhbərlik edib. Əfqanıstanda döyüş təcrübəsi olan rus general son illərə kimi Quru Qoşunları Baş Komandanının müavini vəzifəsində çalışıb. 22 yanvar 2020-ci ildə Rusiya Prezidentinin fərmanı ilə bu vəzifədən azad edilərək müdafiə nazirinin müşaviri təyin edilib.

Bundan başqa, Lentsov Rusiyanın Suriyadakı əməliyyalarında da aktiv iştirak edib. O, 2016-cı ildə Suriyadakı Rusiya Federasiyası Silahlı Qüvvələri Qrupunun komendantlıqlar üzrə komandir müavini kimi çalışıb. Həmçinin, generalın Ukrayna müharibəsində iştirakına dair məlumatlar var.

Lentsov 2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə Rusiya-Ukrayna birgə mərkəzində Rusiya hərbçilərinə rəhbərlik edib.

Lentsovun təyinatı ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiya Qarabağdakı sülhməramlı kontingentinə tez-tez komandan dəyişməklə sanki onların hərəsinə ayrı-ayrı vəzifələr həvalə edir:

- Məsələn, general Rüstəm Muradov ilk komandan idi, meyit daşımaqla yadda qaldı. Sonrakı komandan Andrey Volkov idi, o da kənd təsərrüfatı ilə məşğul olması ilə yadda qaldı. Üzüm bağlarına gedirdi, əkin-biçinlə maraqlanırdı. Güllələnmiş bir traktor vardı, nə vaxt güllələndiyi də məlum deyildi. Bu traktoru hər dəfə bir yerdən başqa yerə aparırdılar, bəyanat verirdilər ki, səngər qazanda guya ki, Azərbaycan Ordusu bu traktora atəş açıb. Nə hikmətdirsə, 30 aydır bu traktoru “güllələyirik”, amma bir traktorçunun barmağı cızılmadı.

İndi general Aleksandr Lentsov göndərilib. Məncə, Lentsov “Böyük Ermənistan” ideyasının “dəfn edilməsinin” baş keşişi kimi yadda qalacaq. Çünki Lentsov komandan təyin olunan günlərdə ermənilərin sarsaq ideyası məhv edildi. Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsi quraşdırması ilə “Böyük Ermənistan” ideyası əbədi olaraq məhv edildi. Çünki nə SSRİ dönəmində, nə müstəqillik illərində Azərbaycanla Ermənistan arasında nəzarət-buraxılış məntəqəsi olubb. Ona görə də bu, tariximizdə ilkdir, zəfərdir. İndi qalıb ermənilərin bu ölmüş sarsaq ideyasını dəfn etmək. Onu da məncə, Lentsov yaxşı bacarar.

- Lentsovun komandan təyinatı Qarabağdakı separatçılara və yerli əhaliyə hansısa ümid verə bilərmi?

- Nə ümidi verə bilər ki?! Onlar artıq dərk etməlidirlər ki, Azərbaycanın şərtləri qəbul olunmalıdır. Bunun qarşısınıda nə Rusiya, nə Fransa, nə də ABŞ dayana bilər. Qarabağdakı separatçılara verilən mesaj aydındır. Eyni zamanda, yolunu azmış mülki erməni əhalisinə başa salırıq ki, Azərbaycan Ordusu onlara xəsarət yetirməmək üçün 30 aydır bu proses uzanır. Azərbaycan Ordusu istəsə, bu gün Ağdərədən girər, çox rahat şəkildə Xankəndiyə, oradan da Laçına gedər. Bütün bunlar cəmi bir həftə vaxt tələb edir. Söhbət ordunun nizami addımları ilə girişindən gedir və heç kəs bizə müqavimət göstərməyəcək. Əgər Buzluqda, Qırxqızda bizim əsgəri görən erməni əsgəri qaçıb gedirsə, məsələ aydındır. Bunun qarşısını sülhməramlılar ala bilməzlər. Çünki bu ərazi Azərbaycan ərazisidir və Azərbaycan Ordusu öz ərazisində istədiyi addımı ata bilər. Ümumiyyətlə isə, hesab edirəm ki, bu ilin qalan müddəti Qarabağdakı separatçı ünsürlər üçün də, sülhməramlılar üçün də, İrəvan üçün də böyük sürprizlərlə yadda qalacaq. Hesab edirəm ki, bu sürprizlər bir-bir ortaya çıxır.

- Söhbət hansı sürprizlərdən gedir?

- Məsələn, biri Laçın-Xankəndi yolunun başlanğıcında qurulan nəzarət-buraxılış məntəqəsi. Sizcə, bu, onlar üçün sürpriz deyilmi? Ardınca sərhəddə gömrükçülərimizin getməsi, pasport nəzarəti köşkünün qurulması. Bunlar hamısı onlar üçün sürprizdir. Çünki inanmırdılar ki, bunlar baş verəcək. Amma Azərbaycan qəti mövqeyini nümayiş etdirdi və bu, davamlı olacaq.

- Sizcə, Rusiyanın bundan sonrakı siyasəti necə olacaq?

- Təbii ki, Rusiya çalışacaq ki, bölgədə gərginlik yaransın. Yaxud da, Laçın yolunda hansısa nəzarəti qalsın. Çünki Azərbaycan əsgəri girib avtomobilləri yoxlayacaq, nə aparılıb-gətirildiyinə baxacaq, şübhəli nəsə görsə, maşını boşaltdıracaq. Bunları Rusiya özünə sığışdıra bilmir. Nəzərə almaq lazımdır ki, Rusiyanın hərbi elitası Birinci Qarabağ müharibəsində bizimlə savaşıb. Ermənistan, onun ordusu kim idi, nə gücü vardı ki, bizimlə müharibə etsin?! İkinci Qarabağ müharibəsində döyüşən Ermənistan hərbçilərini də Rusiya hazırlayırdı, KTMT-də əməkdaşlıqları vardı, təlimlər keçirdilər. İndi Rusiya baxır ki, nə özlərinin hərbçiləri, nə də yetişdirdiyi erməni hərbçilər nəsə edə bilmədilər. Bunu Rusiya özünə sığışdıra bilmir.

Təsəvvür edin ki, İkinci Qarabağ müharibəsində Rusiya “İsgəndər” raketi atdı. Bunu Ermənistan ata bilməzdi, çünki Ermənistanda bu raketi ata biləcək hərbçi yoxdur, bunu öyrədəcək hərbi məktəb yoxdur. Üstəlik, “İsgəndər” raketinin Ermənistanda olması, onlara verilməsi də qadağan edilib. BMT-nin silahlar reyestrində bu silahla bağlı nə alan, nə satanla bağlı məlumat verilib. Amma bu raket atıldı və hələ də açıqlama verilməyib ki, bu raketi kim atıb.

İndi Rusiya baxır ki, ən çəkindirici silahı olan “İsgəndər M”dən istifadə edib, Amma Azərbaycanı niyyətindən çəkindirə bilməyib. İndi də Rusiyada Azərbaycana qarşı qıcıq var. Azərbaycanın qələbəsini həzm edə bilmirlər.

- Daha bir məsələ isə Lentsovun şəxsi ilə bağlıdır. Deyilənə görə, yeni komandanın həyat yoldaşı ermənidir. Sosial şəbəkələrin Azərbaycan seqmentində belə bir fikir formalaşıb ki, Lentsov arvadının erməni kökəninə görə daha çox ermənipərəst mövqedə olacaq...

- Açığı, mən bu fikirlə razı deyiləm. Birincisi, Rusiyanın, rus generallarının ermənipərəstliyi var, arvad-uşaq ermənidirsə, bir az da bu ermənipərəstlik artır. Amma əsas olan dövlətinin siyasətidir. Lentsov kimdir ki, Rusiya siyasətini təyin edə bilsin. Arvadının erməni olub-olmamasından asılı olmayaraq, hər bir komandan öz Müdafiə Nazirliyinin və ümumilikdə Rusiyanın yeritdiyi siyasətin ərazidə tədbiqinə çalışacaq. Öz siyasətinə uyğun mövqe tuta bilməz. Təbii ki, ola bilər, arvadı erməni olduğuna görə daha çox ermənipərəst mövqe sərgiləsin. Rusiyada Baş nazirin də, xarici işlər nazirinin də erməni kökləri haqqında bilirik. Ona görə də, burada təəccüblü bir şey yoxdur.

Hesab edirəm ki, belə bir hərbi vəzifəli şəxsi, yəni generalı cəmi 2000-ə qədər heyətə komandan etmək artıq Rusiyanın da zəiflədiyinin göstəricisidir. Azərbaycan Ordusunda iki minlik kontingenti maksimum polkovnik-leytenant və ya polkovnik edarə edir. Rusiya isə sülhməramlı kontingentə general-polkovnik göndərir. Bu, onu göstərir ki, Rusiya Qarabağda baş verən proseslərdən, o cümlədən Laçın dəhlizindəki fəaliyyətlərimizdən, orada nəzarət-buraxılış məntəqəsi və gömrük postunun quraşdırılmasından çox narahatdır.

Müəllif: Anar Bayramoğlu