"Sual" əvəzinə "soru", "məcburiyyət" əvəzinə "zorunda" narahatlıq yaradır

Cəmiyyət

04.12.2023 - 14:55

“Saytlarımız monitorinq aynasında” - Dövlət Dil Komissiyası 52 saytda monitorinq aparıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bu gün “Saytlarımız monitorinq aynasında” adlı tədbir keçirib. AYNA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, Monitorinq Mərkəzi 52 saytda monitorinq aparıb. Nəticələr ümumiləşdirilərək kitab halında nəşr olunub.

Saytlarda qeydə alınmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib. Onlardan 1371-i orfoqrafik, 356-sı leksik, 909-u qrammatik, 928-i isə üslub və ifadə səhvləridir.

Həmçinin qeyd olunub ki, birinci monitorinqə nisbətən irəliləyiş var.

Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova deyib ki, saytlarda aparılan monitorinq zamanı 4500 dil faktı aşkar olunub və onun 3564-ü hesabata daxil edilib: “Aşkar edilmiş dil faktlarından 1371-nin orfoqrafik, 356-sının leksik, 909-nun qrammatik norma pozuntusu, 928-nin üslub və ifadə səhvi olub. Əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlinir.

İsmayılova qeyd edib ki, saytlarda aparılan monitorinq zamanı 1371 orfoqrafik səhv qeydə alınıb: “Monitorinq zamanı üslub və ifadə səhvləri də qeydə alınıb. Bu səhvlər zamanı 928 dil faktı aşkarlanıb. Monitorinqlər 1-2 ay müddətində aparılıb”.

V.İsmayılova onu da bildirib ki, saytlarda bir çox sözün Azərbaycan dilində deyil, Türkiyə türkcəsində yazılması narahatlıq yaradır: “Mətnlərdə "köynək" əvəzinə "tişört", "sual" əvəzinə "soru", "məcburiyyət" əvəzinə "zorunda", "pulqabı" əvəzinə "cüzdan" işlənməsi bu kimi hallardandır".

Professor Sayalı Sadıqova deyib ki, xəbər saytlarında daha çox qrammatik normaların pozulması müşahidə olunur. Professor qrammatik və orfoqrafik normaların saytlar tərəfindən qorunmasının vacibliyini vurğulayıb.

“Orfoqrafiya qaydaları həm də ərəb dillindən alınan sözlərin yazılışında pozulur. Buna daha çox “səbir”, “meyil” və digər sözlər aiddir”. Bu sözləri isə akademik Nizami Cəfərov deyib.

N.Cəfərov qeyd edib ki, vergüldən çox istifadə edilir: “Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz, harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var".

Tədbir müzakirələrlə davam edib, tövsiyələr səsləndirilib.

Müəllif: Ayna.az