Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa...

Siyasət

27.10.2022 - 10:20

Böyük Britaniyada baş verənlər dünyaya nə vəd edir və bütün bunlar niyə?

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin Baş naziri postuna Hindistan əsilli sabiq maliyyə naziri Rişi Sunak seçilib. Onun yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib. Beləliklə, Sunak bu vəzifədə ötən həftə istefa vermiş Liz Trassı əvəz edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib. Cəmi bir neçə ay bu postda çalışan Trassın istefasının ardınca Boris Consonun yenidən Baş nazir olacağı iddia edilsə də, o, namizədliyini geri götürüb. Bununla bağlı bəyanatında bildirib ki, yerini gənclərə vermək niyyətindədir.

42 yaşlı Rişi Sunak Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub. Sunak hind əsillidir və ailəsi ilə birlikdə ötən əsrin 60-cı illərində Şərqi Afrikadan İngiltərəyə köçüb. Prestijli “Winchester” məktəbində oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb. Sonra Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.

O, aspirant olduğu Stenford Universitetində təhsil alarkən nəhəng IT şirkətinin həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlənib. Bir müddət “Goldman Sachs”da analitik olaraq çalışan Sunak daha sonra iki fondun həmtəsisçisi olub.

Böyük Britaniyanın dünyanın aparıcı ölkələrindən biri olduğunu və yeni Baş nazirin beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli töhfələr verə biləcəyini nəzərə alsaq, Sunakın rəhbərliyi hansı dəyişikliklərə yol açacaq?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, keçmiş maliyyə naziri Rişi Sunakın Böyük Britaniyanın növbəti Baş naziri olacağı gözlənilən idi: “Daha çox ehtimallar məhz onun üzərində idi. Buna qədər keçmiş Baş nazir Boris Consonun şansı daha çox qiymətləndirilirdi. Xüsusən Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilkin dövrlərində Ukraynaya açıq dəstəyi, ən gərgin dönəmdə Kiyevə səfər etməsi ona qarşı xüsusi rəğbət yaradırdı. Lakin Conson seçki marafonu dövründə öz namizədliyini geri götürüb. Bununla bağlı bəyanatını da mətbuata təqdim etdi”.

“Təbii ki, Böyük Britaniya dünyanın aparıcı ölkələrindən biridir və orada keçirilən seçkilər bütün dünyanın maraq dairəsində idi. Bu mənada seçki marafonun dünya kütləvi informasiya vasitələri tərəfindən izlənməsi təbiidir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin fikrincə, bu seçkilər Britaniyanın daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq: “Böyük Britaniya o ölkələrdəndir ki, burada iqtidarda kimin olması ümumi yürüdülən siyasətə ciddi təsir etmir. Bu mənada kiminsə Baş nazir seçilməsinin də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Bu, həm daxili məsələlərdə, həm də xarici siyasətdə belədir”.

“Məlumdur ki, Britaniya ABŞ-la birlikdə diplomatik siyasət yürüdür və Rusiyaya qarşı eyni cəbhədən mübarizə aparırlar. Təbii ki, Qərbin, ABŞ və Britaniyanın Rusiyaya münasibəti olduğu kimi davam edəcək. Sunak özü də bununla bağlı qəti mövqeyini ortaya qoyub. İngiltərənin mövcud siyasi kursu Ukraynanı dəstəkləməkdən və Rusiyaya qarşı təzyiqləri artırmaqdan ibarətdir. Hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu siyasət dəyişməyəcək”, - deyə Mollazadə vurğulayıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Sunakın Baş nazir seçilməsi Böyük Britaniya üçün yenilik sayıla bilər: “Əvvəla ona görə ki, onun 42 yaşı var və hind əsillidir. Belə bir adamın Böyük Britaniya kimi nəhəng dövlətə rəhbərlik etməsi yenilik sayıla bilər. Əslində ən şanslı namizəd Boris Conson idi, o da öz namizədliyini geri götürdü. Görünən budur ki, hədsiz demokratiya bəzən problemlərə yol açır. Məhz elə bunun nəticəsidir ki, Böyük Britaniya kimi böyük ölkə son dörd ayda üçüncü hökumət rəhbərini seçir”.

“Burada daxili və xarici amilləri də qeyd etmək lazımdır. Daxili amillər inflyasiya, bahalaşma, dünya miqyasında böhranla əlaqədardır. Xarici amillər isə əsasən Ukrayna böhranı ilə bağlıdır. Düzdür, Ukrayna ciddi nəticələr əldə edir, Rusiya küncə sıxışdırılır, ancaq bu gün də müharibə davam edir və real nəticəyə nail olunmayıb”, - deyə müsahibimiz qeyd edib.

Consonun namizədliyini götürməsini kənar təzyiq kimi qiymətləndirən Hüseynli hesab edir ki, Böyük Britaniyada bu, tamamilə gözlənilən bir siyasi hadisədir: “Lordlar Palatası necə ki, müxtəlif təzyiq alətlərindən istifadə edərək Boris Consonu, ardınca xanım Liz Trassı yola salmağa müvəffəq oldu, yəqin ki, Consonu da namizəd olmağa onlar qoymadılar. Hətta seçkilərdən sonra deyirdilər ki, Lordlar Palatasının dəstək verdiyi namizəd Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri olacaq. Görünür, Palata Sunakın üzərində dayanmağa üstünlük verdi”.

Müəllif: Azər Niftiyev