Siqaret daha zərərlidir, yoxsa elektron siqaret – Günün dartışması

Cəmiyyət

04.05.2023 - 14:39

İqtisadçı: “Şirkətlər elektron siqaretləri idxal edir ki, insanlar nikotindən asılı qalmağa davam etsin”

Həkim: “Elektron siqaretlərin adi siqaretlərdən daha zərərli olduğunu sübut edən araşdırmalar görməmişəm, lakin...”

Siqaret çəkmək dünyada ən çox yayılmış pis vərdişlərdən biridir. Adi siqaretlər artıq öz yerini itirməyə başlayıb, əvəzində elektron siqaretlər (vape, veyp) və tütün isitmə sistemləri getdikcə populyarlaşır. Çoxları əmindir ki, onlar daha təhlükəsizdir.

Çox siqaret çəkənlər sağlamlıq risklərini azaltmaq üçün onlara keçir və bunu dəb hesab edən gənclər də aludəçisinə çevrilirlər. Bu cür cihazları hər yerdə almaq olar və onlar aktiv şəkildə reklam olunur. Ancaq həkimlər xəbərdarlıq edir: hamısı bu və ya digər dərəcədə sağlamlığa zərərlidir.

Bəzi ölkələr bu cür cihazların istifadəsinin miqyasından o qədər narahatdır ki, onların istifadəsinə qadağalar və məhdudiyyətlər tətbiq ediblər və ya həyata keçirməyi planlaşdırırlar. Belə ki, Ukraynada aprelin 20-də ətirli tütün məmulatlarının topdan və pərakəndə ticarətini və idxalını qadağan edə biləcək qanun layihəsi qeydə alınıb. Xüsusilə, bu, kapsullu və elektron siqaretlərə aiddir. Onlar qadağa altına düşməlidir, xüsusən də IQOS və GLO.

Bütün bunlar ona görədir ki, bu ölkədə ən son tütün məmulatlarının, o cümlədən elektron məhsulların istifadəsi sürətlə artır. Ətirli tütün məmulatları 18-29 yaşlı gənclər arasında sürətlə yayılır.

Ölkəmizdə gənclərin buxar və nikotin aerozolunu udmaq üçün müxtəlif cihazlara həvəsi də geniş vüsət alır. Onları hətta azyaşlılar da alırlar. Bununla əlaqədar sual yaranır: bu cür məhsullarla bağlı tədbirləri sərtləşdirməyə ehtiyac varmı?

İqtisadçı ekspert Əyyub Kərimli AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan adambaşına çəkilən siqaretin həcminə görə dünyada 13-cü yerdədir: “Bu, ürəkaçan göstərici deyil. Yalnız bu ilin yanvar ayında ölkəyə 14 milyon dollarlıq tütün məmulatı idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artımdır. Bu statistik göstəricilər belə, məhsulların qiymətinin qalxmasına baxmayaraq, onlara tələbatın artmasından xəbər verir”.

“Bu məbləğin nə qədərinin elektron siqaret olduğu bilinmir, lakin bu, adətən idxal edilən ümumi tütün məmulatlarının kiçik bir faizini təşkil edir. Amma son illərdə siqareti atmaq istəyənlər getdikcə daha çox veyplərə keçir. Lakin bu cihazlar da öz növbəsində asılılıq yaradır. Tütün firmaları elektron siqaretləri idxal edir ki, insanlar nikotindən asılı qalmağa davam etsin”, - deyə həmsöhbətimiz bildirib.

O xatırladıb ki, Azərbaycanda hər bir elektron siqaretin idxalı üçün 15% gömrük rüsumu müəyyən edilib: “Dünyada elektron siqaretlərin satışının qadağan edilməsi tendensiyası var. Belə ki, Türkiyədə onların idxalı və istehsalı 2020-ci ildən qadağan edilib. Səbəb onların xalqın sağlamlığı üçün təhlükə hesab edilməsidir”.

“Ölkəmizdə sağlamlığa ziyan vurduğuna görə bu cür cihazların satışına qadağa qoyulmasının zəruri olub-olmaması həkimləri maraqlandıran sualdır. Amma Türkiyənin özünün təcrübəsinin göstərdiyi kimi, qadağa əsasən elektron satış yolu ilə bazarda bu tip saxta məhsulların daha çox olmasına gətirib çıxaracaq. Və bununla məşğul olmaq çətindir. Yaxın gələcəkdə Azərbaycanda belə bir qadağanın tətbiq olunacağını düşünmürəm”, - deyə Kərimli vurğulayıb.

Terapevt Zaur Orucov AYNA-ya şərhində bir həkim kimi hər cür siqaretin əleyhinə olduğunu söyləyib: “Elektron siqaretlərə gəlincə, onların adi siqaretlərdən daha zərərli olduğunu sübut edən araşdırmalar görməmişəm. Yalnız elektron siqaretləri qadağan etmək məntiqsiz olardı. Yeniyetmələrin çox vaxt onlara həvəs göstərməsi ilə bağlı bunları deyə bilərəm: bununla bağlı yeni qanunlar qəbul etmək deyil, mövcud qanunların icrasına nəzarət etmək lazımdır”.

“Niyə belə malların satıldığı pərakəndə satış məntəqələrində qaydanı pozan satıcıları müəyyən edəcək reydlər və sınaq alışları keçirilmir? Uşaqlar rahatlıqla siqaret və spirtli içki ala bilirlərsə, bizim nəzarət orqanları nə edir?!”, - deyə mütəxəssis sual edib.

Xatırladaq ki, 2017-ci ildən Azərbaycanda “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanun qüvvədədir və o, təkcə klassik siqaretlərə deyil, qəlyana, eləcə də elektron siqaretlərə də şamil edilir. Xüsusilə, onların istifadəsinin qadağan olunduğu yerlərin siyahısı və təbii ki, onların yetkinlik yaşına çatmayanlara satıla bilməyəcəyi göstərilir. Qadağandır, amma satırlar.

Bundan əlavə, bu cür məhsulların reklamı qadağandır, lakin belə hallarla çox tez-tez rastlaşmaq olar - açıq və gizli. Ancaq artıq mövcud məhdudiyyətlər işləsə, pis vərdişə aludə olanlar xeyli azalacaq.

Müəllif: Elya Belskaya