Sındırılmış uşaqlıq: cəzalar sərtləşdirilməlidir, lakin iş bununla da bitmir

Cəmiyyət

01.02.2022 - 23:17

Azərbaycanda pedofillərin cəzası necə olmalıdır – Ekspertlər həyəcan təbili çalırlar

Pedofillərin vicdanlarında çoxlu sındırılmış uşaqlıq var. Azyaşlılara qarşı azğın hərəkətlər, zorakılıq onların fiziki və psixi sağlamlığına ciddi zərbə vurur və bu da gələcəkdə təsirsiz ötüşmür.

Bütün dünyada, eləcə də ölkəmizdə cinsi cinayətlərin sayı az deyil. Belə ki, ötən ilin payızında İmişli rayonunda 11 yaşlı qızın ögey atası tərəfindən zorlanması və ondan hamilə qalması faktı ictimaiyyəti şoka salmışdı.

Əgər fiziki zorakılıq olmasa belə, qurban yenə də qurban olaraq qalır, çünki söhbət yalnız həyatı yenicə dərk edən uşaqdan gedir. Bundan əlavə, zorakılıq psixoloji da ola bilər.

Bu cür cinayətlər cəmiyyətin haqlı qəzəbinə və cinayətkarın ciddi şəkildə cəzalandırılması tələbinə səbəb olur. Amma bizdə çox vaxt belə insanlar minimum cəza alırlar.

Məsələn, paytaxtda 13 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən 32 yaşlı kişi buna görə cəmi 2 il 7 ay həbs cəzası alıb. O, yeniyetməni onunla evlənəcəyini deyərək aldadıb və qıza qarşı seksual xarakterli hərəkətlər edib. Məhkəmə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və digər cinsi xarakterli hərəkətlər) maddəsi ilə təqsirli bilib. Pdeofil ifadəsində əməlindən peşman olduğunu bildirib və himayəsində iki azyaşlı övladının olduğunun nəzərə alınmasını istəyib.

Çoxları deyir ki, Azərbaycanda pedofillərə verilən cəza çox yumşaqdır və buna görə qanuna düzəliş edilməlidir. Qeyd edək ki, Rusiyada Dövlət Duması yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hərəkətlərinə, habelə iki və daha çox azyaşlıya qarşı ilk dəfə zorakılığa görə əvvəllər məhkum olunmuş pedofillərə ömürlük həbs cəzası haqqında qanun qəbul edib. Başqa ağır və ya xüsusilə ağır cinayətlə birlikdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq törədənlər də ömürlük həbs cəzasına məhkum ediləcəklər.

Həmçinin zorakılıq şəxs tərəfindən törədildikdə, yeni ağırlaşdırıcı halların tətbiqi müzakirə olunur: evdə uşaqla yaşayan şəxs; himayəsində yetkinlik yaşına çatmayan şəxs olan, onun təhsili, təlimi və maraqlarının qorunması üçün məsuliyyət daşıyan şəxs; yetkinlik yaşına çatmayanların təhsili və tərbiyəsi üçün əmək fəaliyyətinin həyata keçirən şəxs. Bundan əlavə, azyaşlı uşaqlara qarşı cinayətlər üzrə iddia müddətinin zərərçəkmiş uşaq yetkinlik yaşına çatanadək dayandırılması təklif edilir.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov AYNA-ya açıqlamasında deyib ki, əgər insan pedofildirsə, o zaman himayəsində azyaşlı uşaqların olması cəzanı yüngülləşdirəndən daha çox risk faktorudur: “Çünki o uşaqlar növbəti qurbanlar ola bilərlər və ya bu amil şübhəni başqa istiqamətə yönəltmək üçün cinayətkarın istifadə etdiyi pərdədir. Amma pedofillərin ailələri onları tez-tez başqa tərəfdən görür və ittihamlara inanmır. Digərləri isə qurban komleksi yaşayırlar və özlərini cəlladla eyni tərəfdə dünyanın qalan hissəsinə qarşı hiss edirlər. Məsələ barədə danışanda media faktoru da var ki, onların arasında hətta sübut olunmuş faktlara belə inamsızlıq yaradanlar həmişə olur”.

“Cəmiyyətdə bəziləri hətta qurbanları qınayır: nədənsə onlara elə gəlir ki, onların özləri və ya qızları belə vəziyyətə düşməzdilər. Təcavüzkar bunu edibsə, o, belə tərbiyə alıbsa və illər boyu onun əməllərinin hamı tərəfindən görməzdən gəlinməsi amili demək olar ki, həmişə kölgədə qalır. Digər tərəfdən, qurbanın “sümüklərini yuyurlar”, iş-işdən keçəmiş məsələyə müdaxilə etmək istəyənləri qınayırlar”, - deyə hüquq müdafiəçisi bildirib.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə problemlə bağlı AYNA-ya şərhində söyləyib ki, təkcə qızlar deyil, oğlanlar da pedofillərin qurbanına çevrilirlər: “Pedofilin hərəkətləri heç də həmişə məcburiyyət xarakteri daşımır, çünki uşaqlar onlara nə etdiklərini başa düşmürlər. Uşaq bunun bir oyun olduğuna qərar verə bilər. Əgər uşağın yaşı 7-8-dən çox deyilsə, psixoloji travma unudula bilər, lakin onunla düzgün işləmək lazımdır. Şüuraltı səviyyədə olsa da, travma davam edə bilər. Yaşı bir az çox olan uşaqlar hər şeyə daha çox dözür, başlarına gələnlərin dəhşətli olduğunu başa düşür, onları ağrıdan utandırır. Ağrının azalması üçün vaxt lazımdır”.

“Biz dəfələrlə pedofillərə qarşı cəzanın sərtləşdirilməsinin zəruriliyi, o cümlədən müvafiq petisiyaya imza atmağı təklif etmişik. İndi Azərbaycanda pedofillərə 15 ildən çox olmayan müddət verilir. Belə cinayətkarlar üçün ölüm hökmünün qaytarılması çağırışları olub, amma düşünürəm ki, onların öldürülməsi vəziyyəti yüngülləşdirməyəcək, amma daha ağır cəza - ömürlük həbsə qədər, tamam başqa məsələdir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Ağazadə öz təcrübəsində pedofilin cinayət törətdiyini etiraf etməsini görməyib: “Az qala, hamısı həmişə deyir ki, onlara böhtan atılıb. Əgər pedofilin azyaşlı uşaqları varsa, onların onun qurbanına çevrilmək riski var. Amma nədənsə belə hallarda pedofilin valideynlik hüququndan məhrum edilməsi məsələsini qaldırmırlar. Lakin ataların uşaqları cinsi zorakılığa, təqiblərə məruz qoyması halları olub”.

“Bu cür cinayətləri çox vaxt ailə üzvləri olan şəxslər törədirlər. Məsələn, evdən qaçan bir qız bu yaxınlarda Azərbaycan Uşaqlar Birliyinə qəbul olunub. O, anasının sevgilisinin ona sataşması ittihamı ilə polisə şikayət edib. Amma bu barədə danışanda anası ona inanmayıb. Onunla söhbət edəndə məlum oldu ki, qız aldatmır, danışdıqları uşaq təxəyyülü deyil. Təəssüf ki, cinsi qısnama faktını sübut etmək çox çətindir. Sonda ana dedi ki, daha o kişi ilə münasibətdə olmayacaq. Amma çox güman ki, həmin adam  başqa uşaqlara da sataşacaq”, - deyə AUB rəhbəri fikrini yekunlaşdırıb.

Vəkil Elçin Qəmbərovun AYNA-ya dediyinə görə, pedofillərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı dəfələrlə məsələ qaldırıb: “Həbs müddəti 15 ildən ömürlük həbsə qədər artırılmalıdır. Bu, cəmiyyətdə müsbət rezonansa səbəb olardı. Bu cəza tədbiri ədalətli olmaqla yanaşı, həm də belə cinayətlərin törədilməsinə qarşı qabaqlayıcı tədbir rolunu oynayardı”.

“Təəssüflər olsun ki, indi bizdə pedofillərə çox vaxt 3 ilə qədər həbs cəzası verilir. Əgər uşaq zorlaması olubsa, o zaman həbs müddəti maksimum 15 ildir və hətta belə bir cəza da praktiki olaraq yerinə yetirilmir”, - deyə vəkil bildirib.

Qeyd edək ki, təkcə cəzanın sərtləşdirilməsi kifayət deyil, həm də azadlığa buraxılmış pedofillərlə işləyən nəzarət sisteminin olması lazımdır.

Müəllif: Elya Belskaya