Şimali Koreyanın Ukraynaya qoşun yeritmək planları var

Dünya

27.06.2024 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Pxenyan Ukraynanın işğal olunmuş ərazilərinə “yenidənqurma işləri” adı altında öz mühəndis qoşunlarını göndərməyi planlaşdırır

Şimali Koreya iyul ayında Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə “yenidənqurma işləri” aparmaq adı altında öz mühəndis qoşunlarını göndərməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətinin sözçüsü yerli “TV Chosun”a bildirib.

Bildirilir ki, hazırda Ukraynaya göndəriləcək bölmələr Çində yerləşib. Mənbə qeyd edib ki, Rusiya Şimali Koreyaya qonşu ölkənin işğalında yardıma görə pul ödəyəcəyini vəd edib.

Pentaqon bu məlumatı şərh edərkən bildirib ki, Şimali Koreya qoşunları Ukraynaya göndərilsə, onlar “top yeminə” çevriləcək. ABŞ ordusunun sözçüsü general-mayor Pat Rayder deyib: “Əgər mən Şimali Koreya qüvvələrinin lideri olsaydım, Ukraynaya qarşı cinayətkar müharibəyə top yemi kimi qüvvələrin göndərilməsini şübhə altına alardım”.

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In iyunun 19-da ikitərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar. Bu, Rusiya Prezidentinin Şimali Koreyaya səfəri zamanı baş verib. Sənədə əsasən, Rusiya Federasiyası və KXDR ölkələrdən birinə təcavüz olarsa, bir-birinə yardım edəcəklər.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya 2022-ci ilin yayından Rusiyanı silahla təmin edir. Bundan əvvəl Putinin Ukraynadakı Rusiya ordusunun bir sıra uğursuzluqları ilə bağlı yardım çağırışı olub. Artıq Şimali Koreyadan Rusiya Federasiyasına təxminən 5 milyon artilleriya mərmisi, eləcə də ballistik raketlər göndərilib.

Amerikanın qeyri-kommersiya təhlükəsizlik təşkilatı C4ADS-in məlumatlarını təhlil edən “The Washington Post” qəzetinin yazdığına görə, təkcə keçən ilin avqustundan 2024-cü ilin yanvarına qədər Şimali Koreya Rusiyaya 1,6 milyona yaxın artilleriya mərmisi tədarük edib. Nəşr qeyd edir ki, Uzaq Şərqdəki iki limandan Ukrayna ilə sərhəddəki 16 yaşayış məntəqəsinə ümumilikdə 74 min metrik ton partlayıcı çatdırılıb.

Müəllif: Ayna.az