Şimaldan tuşlanan “qəzəb oxları” – Putin harada və necə səhv etdi…

Siyasət

04.04.2022 - 10:16

“Ayı” yaralıdır, ona nizələr vurublar, çoxlu qan itirib və çalışacaq ki, ətrafını parçalasın

Rusiya Dövlət Dumasına “həmvətənlər”lə əlaqəli qanun layihəsi təqdim olunub. Layihədə xaricdə yaşayan, rus dilini bilən şəxslərin Rusiya ərazisində yaşayan həmvətənlər kimi tanınması təklif edilir. Eyni zamanda, SSRİ-nin dağılmasından ötən 30 il ərzində SSRİ vətəndaşlığı olmayan “yeni nəsil soydaşlara” da qanunun şamil olunması nəzərdə tutulur və “həmvətən”lə “SSRİ vətəndaşlığı” arasındakı bağ ortadan qaldırılır.

Bu, ötən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqramında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar və Rusiya imperiyası təbəələrinin varislərinin sadə yolla vətəndaşlıq almasını şərtləndirən qanun layihəsini Dumaya təqdim etməsindən sonra Moskvanın ikinci cəhdidir.

Məlumdur ki, Rusiyada yaşayan miqrantlar müxtəlif maneələrlə üzləşirdilər və onların qarşılaşdığı ən ciddi problemlərdən biri də yaşayış qeydiyyatı ilə bağlı məsələydi. Üç aydan bir sərhədi tərk edib, yenidən qayıtmaq tələbi qoyan, bazarlarda kütləvi reydlər keçirərək keçmiş ittifaq ölkələrinin vətəndaşlarının belinə böyük məbləğdə cərimələr yükləyən bir hökumətin birdən-birə “SSRİ vətəndaşlarına” “yaşıl işıq” yandırılması təsadüfi deyil.

Hələ bir müddət öncə xarici işlər naziri Sergey Lavrov deyirdi ki, rus dili öz mövqeyini çox tez itirməyə başlayıb: “Son dövrlərdə suverenlik qazanan və öz mədəniyyətini qorumaq istəyən ölkələr üçün rus dili birdən-birə mövqeyini itirib. Mərkəzi Asiyada rus dilinin mövqeyi zəifləyir”.

Təbii ki, bu, sıradan bir açıqlama deyildi və Moskva bununla hansısa ssenariyə hazırlığının anonsunu verirdi.

2021-ci ilin sonunda “2022-ci ildə dünya dəyişəcək, daha heç nə əvvəlki kimi olmayacaq” deyən Baydenin cəlbedici demokratiya vədlərinin qarşısında isə o zaman üçün çarəsiz görünməyən, dünyanın ən böyük atom dövləti Kremlin rəhbəri dayanırdı. Okeanın o tayından dünyaya demokratiya vəd edən Bayden kimi, Qara Dənizin bu tayında Putin də avtoritar dəyərləri, həm də özünü qorumalı idi. Bir tərəfdə ona çəhrayı eynəklərlə baxan insanların ümidləri üzərində manevr edən Qərb, digər tərəfdə isə atoritarizmin qalxanına və qalasına çevrilmiş Moskva qərar tuturdu.

İlk zərbə Moskvadan gəldi. Yeni ilin elə ilk günündə Qazaxıstanda başlayan saray çevrilişi məhz Kremlin drijor çubuğu ilə hərəkət edən KTMT-nin müdaxiləsi ilə yatırıldı. Qarşıda isə Ukraynaya hücum planı dayanırdı. Əslində Qazaxıstanda baş verənlər həm Qərb, həm də Rusiya üçün Ukrayna böhranı öncəsi bir məşq idi. Moskva burada da bir neçə günə əməliyyatı bitirib, Zelenskini yola salacağını, Yanukoviç və ya digərlərinin timsalında etibarlı adamını hakimiyyətə gətirib, ardınca isə könüllü şəkildə Ukraynanı tərk edəcəyini düşünürdü. Məhz bu ssenari onu tələyə saldı. Bununla da Kreml Qazaxıstandakı əminliyini Ukraynada itirmiş oldu.

Ona qarşı tətbiq olunan sanksiyalar da, iqtisadi və psixoloji təzyiq elementləri də yalnız bir məqsədə xidmət edir - Putin rejimini sarsıtmaq, Rusiyada Qərbə loyal hakimiyyət formalaşdırmaq, bununla da bütün diqqəti daha ciddi rəqib olan Çinə yönəltmək.

“Şimal ayısı” yaralıdır, ona nizələr vurublar, çoxlu qan itirib, lakin hələ sağdır. Çalışacaq ki, ətrafını parçalasın. Məhz elə buna görə də rus dili, rusdillilər, “SSRİ vətəndaşları” və s. arqumentlərlə postsovet ölkələrində yerləşdirdiyi və hər il saxlanmasına milyardlarla vəsait xərclədiyi “beşinci kolon”ları daha da gücləndirməyə çalışır. Hesab edir ki, bununla hüquqi zəmin yaradacaq və gələcəkdə bir qrup “rusdillinin” tələbi ilə həmin ölkələrə təcavüzünü rəsmiləşdirəcək.

Bu, həm də keçmiş ittifaq dövlətlərinin rəhbərlərinə bir mesajdır ki, “həddinizi bilin!” Bu, Kremlin çox sevdiyi bir texnologiyadır və Sovet “KQB”-sinin şinelindən çıxıb. Biz bunu Belarusda, Qazaxıstanda, hətta Gürcüstan və Qırğızıstanda da müşahidə etmişik.

“Rusiya bizi itirməkdən qorxur, çünki onun həqiqi mənada yaxın müttəfiqləri qalmayıb və Qərb Belarusa maraq göstərməyə başlayıb. Bizim hər kəsə cavabımız məlumdur: Belarus heç kimlə başqasına qarşı dostluq etmir. Biz çoxvektorlu, proqnozlaşdırıla bilən, ardıcıl xarici siyasətin tərəfdarıyıq. Rusiya bizimlə qardaşlıq münasibətlərini tərəfdaşlıq münasibətləri ilə əvəzləyib. Nahaq! Bura “nüvə silahı” atmayın, partlayış törətməyin, çünki elə bir yanğın başlayar ki, Vladivostoka qədər, hər kəsə ağır olar”, - kimi sərt açıqlaması ilə 2020-ci ilin prezident seçkiləri öncəsi Kremlə əzələ nümayiş etdirən Lukaşenka cəmi bir neçə ay sonra deyəcəkdi: “Putin mənə dostdan da irəlidir. Biz doğma qardaşıq və dünyanı eyni cür görürük. Qərb bizim aramızı vurmaq istəyirdi. Bizim Putinlə heç zaman problemimiz olmayıb, sadəcə bəzi incilik oldu deyə, alternativ neft mənbələri axtardıq”.

Təbii ki, Lukaşenka səmimi deyildi. Sadəcə Moskvaya üz çevirmək niyyəti Tixanovskayanın qalib elan edilməsi ilə onun devrilməsini şərtləndirirdi. Yalnız bir çıxış yolu vardı – yenidən Putinə sığınmaq.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü bir daha göstərdi ki, Kreml, eləcə də onun rəhbəri Vladimir Putin bu gün həm də vaxtilə etdiyi səhvlərin bədəlini ödəyir. Rəqib ona qarşı demokratiya silahı ilə silahlanıb və məhz elə buna görə də bütün postsovet ölkələri ilə həmrəydir.

Mürəkkəb geosiyasi şəraitdə Rusiyanı açıq dəstəkləyən və özlərinin təbirincə desək, dost adlandırdıqları dövlətlərin siyahısı isə belədir – Belarus, Qırğızıstan. Belarus barədə danışdıq. Qırğızıstan demokratik seçkilərin keçirildiyi və son 18 ildə bir neçə dəfə hakimiyyət dəyişikliyinin baş verdiyi bir ölkədir. Rusiyanın qeyri-dost dövlətlər saydığı Moldova və Gürcüstan isə ona qarşı yönələn sanksiyalara qoşulmur.

Moskva hələ də anlamır ki, ona qarşı hiddətin bir səbəbi imperialist maraqları və digər formada SSRİ-ni yenidən bərpa etmək cəhdidirsə, digər səbəbi hüquq və azadlıqların pozulmasında fəal iştirakıdır. Demokratik idarəetmə Rusiya üçün təhlükəli sayılsa da, heç olmasa yarımavtoritar hakimiyyətləri dəstəkləməklə, Moskva özünə yönələn hiddəti azalda bilərdi. Axı bu gün Gürcüstan seçkilərində əhali “Qərbin proyekti” Saakaşvilinin deyil, Kremlə yaxın İvanişvilinin partiyasına səs verir.

Bütün hallarda region çalxalanır və kifayət qədər həssas mərhələyə qədəm qoyub. Rusiya “persona non-qrata” elan edilib. Təbii ki, bununla barışmayacaq. Əsas rəqibi isə okeanın o tayındadır və SSRİ-yə birbaşa aidiyyəti olmayan qonşu dövlətləri qoruyur. Moskva anlayır ki, həmin ölkələrə qarşı hər hansı hücum Üçüncü Dünya müharibəsinin başlaması demək olacaq və döyüş meydanında bu dəfə Ukrayna ilə yox, NATO ilə üz-üzə gələcək.

“Yaralı ayı” isə heç bir halda buna getməyəcək. Lakin itaətkar mövqeyə keçib, öz süqutunu da tezləşdirməyəcək və nəticədə yenidən “SSRİ kartı”nı ortaya atacaq. Necə ki, atıb və “rusdillilər” adı altında müxtəlif dövlətlərdə yerləşdirdiyi “beşinci kolon”ların qüvvəsini artırmağa çalışır.

Belə vəziyyətdə bizdən tələb olunan milli həmrəylik, təxribatlara uymamaq, hakimiyyətdən tələb olunan isə real islahatlara başlayıb, vətəndaş həmrəyliyinə nail olmaqdır. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu sınaqdan da üzüağ və ləyaqətlə çıxmalıyıq.

Müəllif: Azər Niftiyev