Sən imkansızı bacardın...

Aktual

29.10.2023 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Mövlana Cəlaləddin Rumi az deyib, amma öz deyib: “Məni bilənlər bilir, bilməyənlər özü kimi bilir”.

Bəli, səni bilənlər bilir. Bilmək istəyənlərə isə deyim sən kimsən.

Sən Allahına aşiq, tarixinə sadiq bir topluma məxsussan.

...Bir zaman çaqqalların mühasirəsində yaralı aslandın. İstanbulda canın yanmışdı, Sarıqamışda qanın donmuşdu. Düşmənlər hər tərəfdən üstünə tökülmüşdü. Ancaq sən geri addım atmadı. Yaralarını sarıdın. Ayağa qalxdın. Döyüşdün və qazandın.

Qurd ağzından keçib qazandın.

İlan boğazından keçib qazandın.

İmkansızı bacardın. Küllərindən yenidən doğuldun. Yeni biçimdə doğuldun. Yorulmadın, usanmadın, yıxılmadın.

Sən Mersin qumsalının qızmarı, Qarsda gecə ayazı, Artvində çay nərəsi, Ağrıda qar işığısan.

Sən Kayseridə novruzgülü çiçəyi, Rizedə çay ətri, Çatakda qaya balısan.

Sən Torosların şəfalı çeşmə suyu, Ərzurumda kəsmə şəkər, Hatayda bənzərsiz nar şərbəti, Aydında unudulmaz əncir ləzzətisən.

Sən - dənizlər bölgəsi, göllər ölkəsi, çaylar məmləkəti, meşələr cənnəti, dağlar diyarısan.

Sən Ankarada bahar mehi, Bursada qış küləyi, Samsunda payız qasırğasısan.

Sən Sivasda saz havası, Boluda ney nəfəsi, Trabzonda kaman harayı, Vanda düyün halayısan.

Sən Konyada səma rəqsi, Ayasofyada azan avazı, Əşkinazidə Şabat duası, İzmirdə kilsə xorusan. Sən Osmaniyyədə “zəlzələ” quşu, Şırnakda sülh göyərçini, Nəmrudda dağ qartalısan.

...Köklərin torpağın dərinliklərində, bayrağın göylərin ənginliklərindədir.

Canından qopan şəhidlərin qanı sənin ay-ulduzlu bayrağını solmağa qoymadı, qoymaz...

...Sən qardaşın dayağı, dostun pənahı, düşmənin əcəlisən. Sən məzlumun yanında, zalımın qarşısındasan.

Sən Şərqi Avropadan Uzaq Şərqə qədər, Balkanlardan Qafqazlara, Orta Şərqdən Mərkəzi Asiyaya, Şimali Afrikadan Qərbi Çinə, Cənubi Asiyaya qədər... hər yerdə və hər zaman ədaləti təmsil edirsən.

Sən uğurlarınla, qüsurlarınla birlikdə varsan və var olmağa davam edəcəksən!

Dünyada ayaq altında qalan nə qədər qövm var. Sən isə hər zaman ayaqdasan və qəddar zehniyyətlərin üstünə ayaq açdığı insanları dünyanın hər yerində qoruyursan, onlara arxa çıxırsan.

Sən Şimali Atlantika Alyansının ən döyüşkən ordusu, İslam ümməti üçün hürriyyət örnəyisən.

Sən dəryadakı "TCG Anadolu", səmadakı "Kızıl Elma", qurudakı "Altay"san...

Sən gecələr çıraq işığında əsgərə corab, köynək toxuyan ağzı dualı nənələrin ölkəsisən.

Sən ən ağır çağında - müharibənin, işğalın boşaltdığı xəzinəyə öz qızıl-zinət əşyalarını sevə-sevə bağışlamış qız-gəlinlərin ölkəsisən.

Sən oğulları ilə çiyin-çiyinə, sinəsini düşmən gülləsinə sipər edən ataların ölkəsisən.

Sən qəhrəman "Mehmetcik"lərin qılıncının kəsərisən.

Sən tarixə fədakar türk əsgərinin şəhid qanı ilə yazılmış Çanaqqala zəfərisən. Sən şərəfli türk millətinin bağrından qopmuş böyük öndər Qazi Mustafa Kamal Paşanın şah əsərisən.

Sənin adın Türkiyə!

100 yaşlı Türkiyə Cümhuriyyəti dövlətisən.

...Bəlkə də bu yazımın üslubu sənə də qəribə gələcək. Bəlkə də pafos çox oldu. Ancaq 100 ildə bir dəfə pafosa da ixtiyarım var. Türkiyə Cümhuriyyəti olaraq sən mənim, bizim ikinci Vətənimizsən. Bu gün sənin - Türkiyə tarixinin ən gözəl, ən özəl yubileyidir. Türkiyə Cümhuriyyəti dövləti olaraq 100 ildir ki, var. Bundan sonra da yüz illərlə, min illərlə var ol!

Sonsuz sayğılarımla və könüldən təbriklərimlə...

Bahəddin Həzi

Müəllif: Ayna.az