“Sən Allah, çıx get evə” - Polislə jurnalistin karantin “dueli”

Cəmiyyət

07.04.2020 - 16:21

Xüsusi rejim dövründə mətbuat nümayəndəsi hər hansı problemlə qarşılaşarsa, nə etməlidir?

 

Aprelin 5-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evlərini tərk etmələri xüsusi icazə ilə mümkündür. Bunun üçün 8103 qısa nömrəsinə SMS göndərmək lazımdır.

 

Lakin izn almadan da hərəkətinə məhdudiyyət tətbiq edilməyən bəzi kateqoriya vətəndaşlar var. Bu kateqoriyaya media nümayəndədləri də daxildir. Jurnalistlər xidməti vəsiqə və ya iş yerindən arayış təqdim etməklə istədikləri yerə gedib-gələ bilərlər.

 

Bəs, bu bir neçə gündə mətbuat nümayəndələri hansısa məhdudiyyətlə üzləşiblərmi? AYNA jurnalistlər arasında kiçik sorğu keçirib.

 

Tural Ağatlı: “Məhdudlaşdırma qərarının qüvvəyə minməsindən 2 gün qabaq – aprelin 3-də zərurətdən dolayı Xırdalandan Bakıya getməli oldum. Beləliklə, Bakı-Sumqayıt yolunda dözülməz tıxac. “Ekologiya postu”nun keşikçiləri avtomobillərin bir hissəsini buraxır, qalanları geri göndərirdilər (təkrar qeyd: hələ aprelin 3-dür). Narazılıq, mübahisə və cərimələr... 1.5 saatlıq tıxacdan sonra sıra mənə çatdı. “Olmaz”lar nəslinin nümayəndələri, sadəcə şəxsiyyət vəsiqəmə baxdılar: “Rayon qeydiyyatıdır, olmaz!” Nə xidməti vəsiqəmə əhəmiyyət verən vardı, nə də ayın neçəsi olmasına. Ən əsası, vətəndaşlarla normal ünsiyyət, izahat, davranış yoxdur: “Olmaz, vəssalam!” Onlara jurnalist olduğumu, iş ardınca yollara düşdüyümü, mənim hərəkətimə rəsmi icazə verildiyini, üstəlik Operativ Qərargahın məhdudlaşdırma qərarının 2 gün sonra qüvvəyə minəcəyini izah edənədək xeyli vaxtım getdi. Arxada uzun tıxac, öndə izdiham, əsəblər tarımda. Axırı çox maraqlı qurtardı: “Yaz bunu, yaz! Sonra da burax, getsin!” Serjant avtomobilimin dövlət seriya nömrəsinə baxıb, əlindəki planşetə nəsə yazdı və yolumu açdılar. İsrarıma rəğmən, nə yazdılar, niyə yazdılar, cavab verən olmadı”.

 

Emin Səfərov: “Aptekə maska almağa getmişdim, əczaçı "yoxdur" dedi. Evə qayıdanda polislə Daxili Qoşunların hərbçiləri saxladılar ki, “hanı maskan?” Adımı, soyadımı soruşdular. Dedim, birincisi məsafə saxlayın, ikincisi də, gəlin gedək aptekə, maska varsa, alım. Üçüncüsü də, mən özümü və ətrafımı sizdən də çox düşünürəm. Dünyada bir milyon insanın koronavirusa yoluxduğunu, ölənlərin sayının 50 mini keçdiyini, Azərbaycanda da 403 (sorğu hazırlanan gün rəqəm belə idi – red.) aktiv koronavirus daşıyıcısı olduğunu nəzərə alsaq, maska tələb etməkdə haqlısız, bu, sizə verilən tapşırıqdır. Amma biz də gözləyirik, görək Mikayıl Cabbarovun dediyi gündəlik 300 min maska istehsalına nə vaxt başlanılır. Dedi, “sən Allah, çıx get evə””.

 

İlkin Muradov: “Mənim yaşadığım ərazidə küçəyə çıxmaq problem deyil, baxmayaraq ki, nəzarət də var. Sadəcə, artıq bir müddətdir, evdəyəm. Mənim jurnalist kimi mövzularım və sahəm məhkəmə, kriminalistikadır, indi isə çox dövlət orqanları kimi bu sahədə də dinclikdir”.

 

İlhamə Rəsulova: “Bir müddətdir ki, onlayn mediada işləyən həmkarlarım kimi mən də işimi evdən görməli oluram. Əslində, işimizdə hər hansı gerilik nəzərə çarpmır, onsuz da mövzular, yazılar işləndikdən sonra internet üzərindən yayılır. İznə gəlincə, getdiyim yer yaşadığım yerdəki məhəllə marketidir, buna da iznə ehtiyac yoxdur. Evdən kənara çıxacağamsa da, redaksiyadan xüsusi arayışım var”.

 

Xaricdə yaşayan jurnalist Elnur Məcidli: “Bakıda SMS ilə çölə çıxmağa burun büzənlər bilsinlər ki, Fransada hər dəfə çölə çıxanda forma sənədi doldurub, tarix və saat qoyub imzalamaq məcburiyyəti var. Keçən həftə maşınımda 30-40 A4 kağızı (artıq vaxtı keçmiş attestasiyalar) yığılmışdı. SMS ilə icazə, qat-qat daha rahat və innovativ ideyadır. Fransada da elektron icazə sənədinə keçməliydilər, gözləyək, görək nolur”.

 

Bəs, karantin dövründə jurnalist öz fəaliyyəti zamanı hər hansı problemlə qarşılaşarsa, nə etməlidir?

 

AYNA-nın sualı cavablandıran media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu deyib ki, jurnalistlərin bu cür vəziyyətlərdə fəliyyətlərinə qadağa qoyula bilməz. “İndi də karantin şəraitində jurnalistlər üçün bildiyim qədər DİN-lə Mətbuat Şurası birgə monitoronq qrupu var, işdir, hər hansı jurnalistin problemi yaranarsa, fəaliyyətinə məhdidiyyət olarsa, bu halda media işçisi şikayət və müraciətini edə bilər. Əgər burada effektiv olmazsa, məhkəməyə müraciət haqqı var. İndiki halda da söz və ifadə azadlığına əngəl olarsa, deməli, sui-istifadə halları var”.

 

Yeri gəlmişkən qeyd edək ki, iznlə küçəyə çıxmağın ilk günündə maraqlı nəticələr var. Belə ki, aprelin 5-də 8103-ə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib. Bunlardan da, təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

 

P.S. İndi ölkədə jurnalistlərə qibtə ilə baxanlar var. Bəlkə də, bu, jurnalist nüfuzunun bərpası üçün bir şansdır. Deməli, jurnalistlərin iznsiz küçəyə çıxma “xoşbəxtliyi”ni yaşamaq istəyənlər də var. Hətta, saxta jurnalist vəsiqəsi düzəltdirmək istəyənlər də varmış. Bir ara gözümüzü mazol edən “press” yazılı qondarma jurnalist maşınları kimi. Allah peşəsinə hörmət edən jurnalistlərin peşəsinin hörmətini uca tutsun.

Müəllif: Raminə Eyvazqızı