Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb
Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir. AYNA xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster 11-ci turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.
Qeyd edək ki, turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.