İmişli Rayon Prokurorluğu məlumat yayıb
İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə AYNA-ya İmişli Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə COVID-19 əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Təbib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.