Dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var
Sentyabrın 5-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.