Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.02.2021 - 13:51

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir

 

Fevralın 11-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz  11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 4-8, gündüz 15-20, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.

Müəllif: Ayna.az