Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
Noyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.