Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq?

Dünya

01.07.2024 - 22:15

Həkimlər Klinikalar SEO Xidməti

Hüquqşünas: “AİHM-in qərarı indi daha çox siyasi əhəmiyyət kəsb edir və onun təzminat şəklində hüquqi nəticələrini yəqin ki, illərlə gözləməli olacağıq”

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya Federasiyası hökumətini 2014-cü ildə işğal başlayandan bəri müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisi və Sevastopol şəhərində insan hüquqlarının pozulmasına dair inzibati təcrübəyə görə məsuliyyət daşıdığı qərarı verib. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) komissarı Marqatita Sokorenko bu barədə iyunun 25-də öz “Facebook” səhifəsində məlumat verib.

Xüsusilə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi çoxsaylı insan hüquqlarına Rusiya tərəfindən riayət edilməməsi ilə bağlı sübut edilmiş faktları aşkar edib: yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, şəxsi azadlıq hüququ, hərəkət azadlığı hüququ, xüsusi mülkiyyət hüquqları, media azadlığı, dinc toplaşmaq və s.

Ukrayna media məkanında bu xəbər son dərəcə müsbət qarşılanıb və təkcə tərəfdaş ölkələrin koalisiyası deyil, həm də beynəlxalq məhkəmə institutları tərəfindən işğalçıya qarşı mübarizədə Ukraynaya dəstəyin növbəti təzahürü kimi qiymətləndirilib.

Ukraynanın ADER HABER hüquq firmasının hüquqşünası Andrey Kornienko məsələ ilə bağlı yazdığı analitik məqaləsində məsələnin detallarına toxunub. Hüquqşünas qeyd edib ki, son qərar əsasdır: “Ona əsasən AİHM Rusiya tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması faktlarını müəyyən edib. Amma gələcəkdə məhkəmə bu iş üzrə əlavə qərar - zərərçəkmişlərin xeyrinə ədalətli təminat verməli olacaq. Əslində, bu qərar pilotdur və açıq şəkildə digər dövlətlərarası işlərə baxılmasına da öz təsirini göstərəcək. Xüsusilə, Donetsk və Luqansk vilayətlərində insan hüquqlarının pozulmasına aid olan “Ukrayna və Hollandiya Rusiyaya qarşı işi”ndə. Bu, eyni amanda, vətəndaşların və ya hüquqi şəxslərin AİHM-ə təqdim etdiyi fərdi ərizələr əsasında Rusiya Federasiyasına qarşı işlərə baxılması prosesini sadələşdirəcək”.

“Lakin bütün müsbət məqamlara baxmayaraq, sual hələ də açıq qalır: AİHM-in qərarı necə həyata keçirilməlidir? İrəliyə baxsaq, onun Rusiya tərəfindən məcburi icrası üçün hüquqi alətlərin hələ mövcud olmadığını iddia etmək olar. Məsələ burasındadır ki, AİHM-in 46-cı maddəsində bəyan edilmiş yekun qərarlarının məcburi xarakter daşımasına baxmayaraq, onların praktikada icrası konvensiyanın iştirakçısı olan dövlətin iradəsi əsasında həyata keçirilir. Rusiya Avropa Şurasından çıxarılıb və 16 sentyabr 2022-ci ildən AİHM-in üzvü deyil. Lakin hətta 2022-ci ilin sentyabrına qədər Rusiya Federasiyası dövlətlərarası işlər üzrə AİHM qərarlarının icrasından bütün vasitələrlə yayınıb. Bunun bariz nümunəsi AİHM-in “Gürcüstanın işi” üzrə Rusiyaya qarşı 2021-ci il yanvarın 21-də qəbul etdiyi qərarıdır”, - deyə Sokorenko hesab edir.

Bununla belə, hüquqşünas qeyd edib ki, iddiaçılar, o cümlədən Ukrayna ümid edir ki, Rusiya Federasiyası gələcəkdə nə vaxtsa Avropa Şurasına qayıtmaq niyyətindədir: “Və sonra AİHM-in bütün qərarlarına əməl etməyə borclu olacaq. Ukrayna Ədliyyə Nazirliyi keçən il bildirmişdi ki, Ukrayna öz tərəfdaşlarına beynəlxalq orqanların məhkəmə qərarlarının qüvvəyə mindiyi təqdirdə müharibədən zərər çəkmiş ukraynalılara itkiləri ödəməyə imkan verəcək kompensasiya mexanizmi yaratmağı təklif edir. Əslində kompensasiya mexanizminin tətbiqi təkcə AİHM qərarlarının icrası kontekstində deyil, həm də Rusiya Federasiyasının hərbi təcavüzü nəticəsində dəymiş zərərin ödənilməsinə dair milli məhkəmələrin və beynəlxalq arbitrajların məhkəmə aktlarına münasibətdə vacibdir. Amma indiyədək rəsmilər konkret razılaşmaların əldə olunması ilə bağlı, məsələn, belə bir mexanizmin modeli ilə bağlı heç bir təfərrüat verməyiblər. Lakin yəqin ki, ukraynalı beynəlxalq hüquqşünasların və diplomatların səyləri kompensasiya mexanizminin Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutmasını təmin etməyə yönələcək”.

“Beləliklə, bu gün AİHM-in “Krım işi” ilə bağlı qərarı daha çox siyasi əhəmiyyət kəsb edir və onun təzminat şəklində hüquqi nəticələrini yəqin ki, illərlə gözləməli olacağıq. Lakin buna baxmayaraq, Rusiyanın təcavüzündən əziyyət çəkən hər kəs milli və beynəlxalq məhkəmə qurumları ilə əlaqə saxlamalı, Rusiya tərəfindən törədilən qanun pozuntularını sənədləşdirməli və dəymiş ziyanın həcmini təsdiqləməlidir. Gec-tez Rusiya Ukraynaya vurduğu ziyanı ödəmək məcburiyyətində qalacaq”, - deyə hüquqşünas məqaləsini tamamlayıb.

Müəllif: Turan Abdulla