Andrey Krasov: “Ruttenin müharibəyə hazırlıq çağırışı NATO-nun daxili problemlərini gizlətmək məqsədi daşıyır”
“NATO-nun baş katibi Mark Ruttenin müharibəyə hazırlıq çağırışı Avropa ölkələrindəki daxili problemləri gizlətmək məqsədi daşıyır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Andrey Krasov deyib.
Krasov deyib: "Təbii ki, adi insanı mövcud problemlərdən yayındırmaq üçün qlobal bir şər uydurmalıdırlar. Və onlar dəfələrlə Rusiyanı vətəndaşlarına bu qlobal şər kimi təqdim ediblər".
Parlament üzvü vurğulayıb ki, Rutte bu açıqlamanı NATO ölkələrində hərbi büdcələrin artırılmasını haqlı çıxarmaq üçün verib. Deputatın sözlərinə görə, NATO üzv dövlətləri Ukrayna ilə bağlı sülh danışıqlarını görməməzliyə vurur və Rusiyanı zəiflətmək üçün Kiyevə silah tədarük etməyə davam edirlər.
Rutte əvvəllər NATO ölkələrinin müharibəyə hazırlaşmağa başlamalı olduğunu bildirmişdi. NATO-nun baş katibi həmçinin hakimiyyət orqanlarını vətəndaşları münaqişə baş verərsə, evlərində elektrik və istilik olacağına, xəstəxanalar və ictimai nəqliyyatın isə fəaliyyətini davam etdirəcəyinə əmin etməyə çağırmışdı.