Uçuşların sayı həftədə 42-yə çatacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkəti dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Kanalın məlumatına görə, 23 noyabrda İsrail Nəqliyyat Nazirliyində “Flydubai”nin İsrailə qayıtması ilə bağlı müzakirələr üçün görüş keçirilib.
Uçuşların sayı dayandırılmadan əvvəlki ilə müqayisədə azaldılacaq və həftədə 42-yə çatacaq.
Qeyd edək ki, 30 sentyabrda Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik hadisəsi səbəbindən Təbuk hava limanına təcili eniş edib. 1 oktyabrda Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi hadisənin ikinci pilotun kapitana hücumu nəticəsində baş verdiyini və nəticədə hər ikisinin müxtəlif dərəcəli xəsarətlər aldığını təsdiqləyib. Ondan sonra uçuşlar dayandırılıb.
BƏƏ hakimiyyəti hadisənin səbəbini və şərtlərini, o cümlədən əməliyyat aspektlərini və təhlükəsizlik tədbirlərini araşdırmağa davam edir.