"Mənim sərəncamım Baş Prokurora federal ölüm hökmlərinin icrasını sürətləndirməyi tapşırır”
ABŞ Prezidenti Donald Tramp ABŞ-da federal məhkəmələr tərəfindən çıxarılan ölüm hökmlərinin icrasının sürətləndirilməsini əmr etdiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Amerika lideri bu barədə ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı deyib.
"Mənim sərəncamım Baş Prokurora federal ölüm hökmlərinin icrasını sürətləndirməyi tapşırır. Münsiflər heyəti bu qərarı verdikdən sonra edam sürətli və qəti olacaq", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi onun sərəncamına əsasən, yetkinlik yaşına çatmayanların qətlində və ya təcavüzündə məhkum edilənlər, eləcə də "qurbanlarını öldürən insan alverçilərə ölüm cəzası tətbiq etməlidir".
Tramp həmçinin Kaliforniya qubernatoru Qevin Nyusomu bu ayın əvvəlində ştatda ölüm hökmünə məhkum edilənlərin hamısının cəzasını ömürlük həbs cəzası ilə əvəz etmək qərarına görə bir daha sərt tənqid edib.
Qeyd edək ki, bu qərar 560-dan çox məhkuma təsir edib. Nyusom 2028-ci il seçkilərində demokratların prezidentliyə aparıcı namizədi hesab olunur. Qubernator yanvar ayında ən yüksək vəzifəyə namizəd olub-olmadığına qərar vermək niyyətində olduğunu açıqlayıb. Nyusom ölüm hökmünə davamlı olaraq qarşı çıxır.
2025-ci ilin yanvar ayında vəzifəyə başladıqdan sonra Tramp federal ölüm hökmünün bərpası ilə bağlı fərman imzalayıb. O, federal edamlara qoyulan moratoriumu ləğv edib.