Rusiyadakı Azərbaycan diasporu ölüm sükutunda

Aktual

21.05.2021 - 21:53

Bizimkilərdən fərqli olaraq, Rusiya erməniləri saxta qışqır-bağırdan əl çəkmirlər

 

Bəzən erməni diasporunun beynəlxalq aləmin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək səylərini görəndə, istər-istəməz tarixi vətənlərinin aktual problemlərinin başa düşülməsi və təşkilatlanmalarına həsəd aparırsan. Belə ki, bugünlərdə Rusiya Ermənilər Birliyi (SAR) müraciət yaydı.

 

“Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə təcavüzü və mayın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın dövlət sərhədini pozması ilə əlaqədar”, - deyə başlayan və BMT Baş katibinə, bu təşkilatın Təhlükəsizlik Şurasının üzv dövlətlərinin nümayəndələrinə ünvanlanan müraciətdə “rəsmi Bakının BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozmasına” diqqət çəkir: “BMT üzvü olan Azərbaycan Respublikası son zamanlarda BMT-nin Nizamnaməsinə və mövcud beynəlxalq hüquq normalarına məhəl qoymadığını açıq şəkildə nümayiş etdirdi və yalnız Ermənistan Respublikasının ərazi bütövlüyünü deyil, eyni zamanda bu ərazinin mülki əhalisinin həyatı və təhlükəsizliyini də təhlükə altına aldı. Bu cür addımlar bölgədəki vəziyyətin destabilizasiyasına gətirib çıxaracaq silahlı qarşıdurmaya qədər gəlib çıxa bilər”.

 

Burad bir maraqlı sual yaranır: Niyə Rusiyanın ictimai bir təşkilatı Ermənistanla bağlı BMT-yə müraciət edir? SAR maksimum 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan və Ermənistana davamlı sülh və əmin-amanlıq yaratmağa kömək etmək məqsədi ilə Rusiyanın dövlət qurumlarına müraciət edə bilər. Ancaq gördüyümüz kimi, SAR beynəlxalq hüququn prinsiplərinə istinad edərək, BMT-yə müraciət edir.

 

Rusiya Erməni Təşkilatlarının Koordinasiya Şurası da SAR-dan geri qalmır və “Azərbaycanın illərdir cəzasız qaldığı üçün erməni xalqına qarşı tamamilə açıq-aşkar təcavüzü” hesab etdiyi bir müraciət yaydı.

 

Erməni həyasızlığının həqiqətən həddi yoxdur. 30 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulur. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələr Ermənistan rəhbərliyi tərəfindən demonstrativ şəkildə nəzərə alınmadı. İndi isə Rusiyadakı erməni diasporu bütün dünyaya Azərbaycanın Ermənistana “təcavüzü” barədə qışqırır.

 

Bu xəttin uzun müddətdir davam etdiyini qeyd etmək lazımdır. SAR hətta Rusiya rəhbərliyinə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan marionet rejiminin “müstəqilliyini” tanımağı da xahiş etmişdi.

 

Rusiya ermənilərinin bu cür aktivliyi fonunda Rusiyadakı Azərbaycan diasporu ölüm sükutuna qərq olmaqda davam edir. Azərbaycan diasporu təkcə BMT-yə deyil, həm də Rusiyanın dövlət qurumlarına SAR-ın təxribat xarakterli hərəkətlərindən şikayətlənmir. İnsanlarda Azərbaycan diasporunun öz susqunluğu ilə yalnız Rusiya ermənilərinin Azərbaycana qarşı təxribatları davam etdirməsinə təkan verdiyi hissi yaranır.

 

Nəzərə alsaq ki, Rusiyadakı Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin (“FNKA AzerRos”) başında talış separatçılarına rəğbət bəsləyən Xanoğlan Əliyev dayanır, baş verənlər heç də təəcüblü görünmür.

 

“FNKA AzerRos” rəhbəri erməni diasporunun təxribat xarakterli hərəkətləri barədə bəyanatlar qəbul etmək əvəzinə Ximki şəhərində ictimai iaşə yeri kimi fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini açır. Göründüyü kimi, Rusiyadakı Azərbaycan diasporu daha ciddi və vacib vəzifələri həll etmək üçün hələ yetişməyib...

Müəllif: Asif Aydınlı

GÜLSÜM

Dünən, 22:14 Yazarlar