“Rusiya xaricdəki, o cümlədən Qarabağdakı missiyasını dayandıracaq” – SABİQ NAZİR

Aktual

10.03.2022 - 19:27

Tofiq Zülfüqarov: “İrəvan istəyir ki, bölgəmizdən gedən Moskvanın yerini Paris doldursun, amma bu, mümkün deyil - ən real güc Ankaradır”

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətindəki ərazilərdə olan qanunsuz erməni silahlı birləşmələri son günlər aktivləşiblər. Terrorçu ünsürlər mütəmadi olaraq atəşkəsi pozmaqdadırlar. Azərbaycan Müdafiə Nazirliyi martın 8-dən 9-na qədər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki qanunsuz erməni silahlılarının Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutduqlarını açıqlayıb. Nazirliyin məlumatına görə, Azərbaycan silahlı qüvvələrinin Xocalı və Goranboy rayonlarında yerləşən mövqeləri onların hədəfi olub və cavab atəşi açılıb: "Azərbaycan Ordusu mülki obyektləri hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq atəş açır".

Nazirliyin daha bir açıqlamasında isə bildirilir: "Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Elə bu ərəfədə Qarabağdakı rus sülhməramlılarının canlı qüvvəsinin bölgəni tərk etdiyi iddia olunan videogörüntülər yayılıb. Kadrlarda Rusiya bayrağı sancılmış hərbi nəqliyyatın adam daşıyan yük maşınlarını müşayiət etdiyi görünür. Bu görüntülərin hansı şəraitdə və nə vaxt çəkildiyi məlum deyil. Məsələ ilə bağlı rəsmi məlumat da yoxdur. Lakin görünən odur ki, Qarabağda hansısa hərəkətlilik müşahidə edilir.

Baş verən qlobal proseslər, Rusiyanın Ukraynaya hərbi təcavüzü, Ukrayna ətrafında yaranan böhran fonunda, Cənubi Qafqazda hərəkətlənmələrin olacağı bir çox analitiklərin mülahizələrində əksini tapmaqdadır. Xüsusilə də, Qarabağda qalmış separatçı-terrorçu dəstələrin bu ərəfədə Azərbaycan tərəfindən təmizlənəcəyi ehtimalları var. 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində Ukrayna böhranı fonunda Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarının çoxalmasını, Rusiya sülhməramlılarının fəaliyyətini, rəsmi Bakının diplomatik addımlarını şərh edib. Qeyd edib ki, Vətən müharibəsindən sonrakı dövrün əsas mahiyyəti Azərbaycanın azad olunmuş ərazilərə qayıdış prosesinin təşkilidir:

- Artıq o mərhələyə yaxınlaşırıq ki, əhali Qarabağa qayıda bilsin. Bu prosesi görən Qarabağdakı ermənilərin ərazilərimizi sürətlə tərk etməsi prosesi gedir. İndi isə daha bir amil ortaya çıxıb ki, bu, Rusiyanın Ukrayna və Qərblə arasındakı müharibə, böhrandır. Bu müharibənin nəticəsi demək olar ki, bəllidir: Rusiya məğlum olacaq və zəifləyəcək. Təbii ki, məğlubiyyətdən sonra Rusiyanın siyasətində ciddi dəyişikliklər baş verəcək. Kremlin imicə hesablanmış siyasi-hərbi layihələri mövcuddur. Həmin layihələr Kreml tərəfindən ixtisara salınacaq. Məsələn, Rusiyanın Suriyadakı varlığı, xarici ölkələrdəki hərbi bazaları, sülhməramlı əməliyyatlar və s. Hiss olunur ki, vəziyyətin kəskinləşməsi nəticəsində Rusiya bu layihələrini ixtisar edəcək, ya da tam şəkildə ləğv edəcək.

Əlbəttə, bunu hər kəs başa düşür, hesablaya bilir. Biz indi görürük ki, Qarabağdakı erməni separatçıları ənənəvi yola əl atırlar - təxribata. Onlar başa düşürlər ki, Rusiya sülhməramlılarının bölgədən gedişi, yaxud kontingentdə sayın azaldılması qaçılmazdır. Ermənilərin məqsədi ondan ibarətdir ki, təxribatlar törədərək məsələni yenidən gündəmə gətirsinlər, Rusiya ilə Azərbaycan əlaqələrinə xələl gətirsinlər. Guya ki, Azərbaycan Rusiyanın zəifləməsindən istifadə edərək Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozur. Bu, ermənilərin məqsədirir. 

Digər məsələ var - Ermənistan istəyir ki, Rusiyanı bölgədə hansısa Qərb ölkələrindən biri əvəzləsin. Rəsmi İrəvan daha çox Fransanın bölgədə Rusiyanı əvəzləməsini istəyir. Paşinyanın Fransaya səfəri, keçirdiyi görüşlər də bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Fransada qarşıda seçki keçiriləcək və ənənəvi olaraq ermənilər fəallaşacaqlar. Amma Fransanın bölgədən çıxacaq olan Rusiyanı əvəzləməsi ehtimalı o qədər də real deyil. Regionda Rusiyanı əvəz edəcək, buna qadir olan yeganə ölkə Türkiyədir. Çünki Türkiyənin Azərbaycanda və Gürcüstanda olan mövqeləri, geopolitik vəziyyət prosesi qaçılmaz edir. Təxminən vəziyyət belədir, baş verən hadisələrin mahiyyəti budur. 

- Rəsmi Bakının siyasi addımları Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin qorunması baxımından nə qədər uğurludur?

- Azərbaycan strateji təmkinlik siyasətinə üstünlük verir. Hesab edirəm ki, bu seçimdə rəsmi Bakı haqlıdır. Rusiyanın Cənubi Qafqazdan getməsi real görünür. Bir çoxları, şəxsən mən əvvəldən Rusiyanın bölgədən gedə biləcəyi proqnozunu verirdik. İndi isə proseslər göz qabağındadır. Rusiya gedəcək, amma prosesləri izləmək, gözləmə mövqeyində durmaq daha məntiqlidir. Tələsməyə lüzum yoxdur. Hesab edirəm ki, tələskənlik Azərbaycanın xeyrinə deyil. Təmkinlilik nümayiş etdirməklə, proseslərin bizim üçün ağrısız, rahat şəkildə başa çatmasına nail olmalıyıq. Təbii, Türkiyə ilə koordinasiyalı siyasət daha çox xeyrimizədir. Ermənilər təxribat törədirlər, ənənəvi siyasətləridir. Amma Azərbaycan buna çevik və yetərincə ciddi cavab verir. Ümumiyyətlə, Ukraynadakı müharibə, Rusiyanın hər gün bir az da məğlub olması Qarabağdakı terrorçu ünsürlərin canına qorxu salıb. Onlar başa düşürlər ki, Rusiya sülhməramlıları orada çox qalmayacaq. 

- Təxribatlara Azərbaycanın sərt cavabı, sülhməramlıların fəaliyyətindən narazılıq, onlardan beynəlxalq təşkilatlara şikayət və s. var. Sanki Azərbaycan Rusiyaya qarşı sərt mövqe göstərir. Bu, Kremlin qıcığına səbəb olmamış deyil. Rəsmi Bakının addımları Azərbaycan üçün Rusiya təhlükəsini artırmır ki?

- Azərbaycanın "dozalanmış təzyiq" siyasəti və strateji təmkinliliyi müşahidə olunur. Şəxsən tərəfdarı deyiləm ki, belə gərgin dönəmdə vəziyyəti daha da gərginləşdirək. Onsuz da proseslər bizim xeyrimizə inkişaf edir. İkincisi, biz görürük ki, Qarabağdakı sülhməramlıların rəhbərliyi ilə erməni quldurları, terrorçuları müəyyən əlaqələr qurublar. Əlbəttə, bunun qarşısı alınmalıdır. Azərbaycan tərəfi addımlar atmalıdır və ciddi addımlar atılır. Bəllidir ki, indiki mərhələdə sülhməramlılar və onların rəhbərliyi lazımlı olduqlarını göstərmək istəyirlər. Bəlkə, elə bu səbəbdən erməniləri təxribatlara təşviq edən də sülhməramlılardır. Çünki sülhməramlılar başa düşürlər ki, Qarabağda sakitlik olsa, onlara ehtiyac qalmayacaq, qısa müddətdə getməli olacaqlar. Sülhməramlılardır, separatçı ünsürlərdir - bunlar xırda oyunçulardır.

Hesab etmirəm ki, onlar bu oyunları ilə nəyisə dəyişə biləcəklər. Ümumi proses ondan ibarətdir ki, Rusiya bölgəmizdə zəifləyir. Burada dərin hesablama aparmağa lüzum yoxdur. Rusiyanın zəifləməsi ilə bu dövlət üçün üçüncü, beşinci dərəcəli layihələr dayandırılacaq. Daha doğrusu, Rusiya bu layihələrini ixtisar edəcək, ya da tamamilə ləğv edəcək. O layihələrdən biri də Qarabağdakı sülhməramlı missiyadır. Tendensiya hər kəsə aydındır. 

- Dediklərinizdən belə anlaşılır ki,  işğalda qalan digər ərazilərimizi azad etmək üçün, Xankəndidə suverenliyimizi bərpa etmək üçün uzun zaman gözləməyəcəyik...

- Proseslər sürətlə baş verməkdədir. İndidən dəqiq demək ki, Xankəndidə suverenliyimizi tezliklə bərpa edəcəyik, bu, düzgün olmaz. Yaxud da desək ki, illər lazımdır, yalan olar. Mütəxəssislər bildirirlər ki, bu ilin iyun ayında Rusiyada defolt olacaq, ölkə kollaps yaşayacaq. Bəllidir ki, defolt nəticəsində siyasi böhran da yaşanacaq. Hakimiyyətin dəyişməsi kimi hadisələr gözlənilir. Təbii, Rusiyada bu cür hadisələr baş verərsə, Qarabağda hansısa sülhməramlıların qalması mümkün olmayacaq. Sülhməramlılar bölgədə yoxdursa, demək ki, Qarabağda separatçılığa meyl edən ermənilər oradan qaçacaqlar. Qarabağda 20-25 min civarında erməni qalıb ki, onların da yarısı separatçılardır. Qalan ermənilər var - hansı ki, onlar məsələnin həllini istəyirlər - sakit oturacaqlar, Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. İnanmıram ki, onların sayı çox olsun. Çünki müharibənin nəticələri onu göstərir ki, Qarabağda separatçılığa meylli olmayan ermənilər siyasi oyunların qurbanı olmaq istəmirlər. Bu baxımdan, həmin ermənilər Qarabağda qalmağın perspektivini görmürlər. Qalan olarsa da, 2 min civarında ola bilər. Hər halda vəziyyət bu cür görünür.

Müəllif: Anar Bayramoğlu