Qarabağda məğlubiyyət kifayət deyil, Ermənistanı başqa cəza da gözləyir

Aktual

08.10.2020 - 19:14

Erməni cinayətkarlar törətdikləri əməllərin hesabını təkcə bizim torpaqlarda ödəməyəcəklər

 

Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanda bir çox mülki şəxsin evi yararsız hala düşdü. Bu hücumlar nəticəsində fərdi sahibkarlara məxsus obyektlər də ziyan gördü.

 

AYNA, ermənilərin atəşə tutması nəticəsində evlərinə və sahibkarlıq obyektlərinə ziyan dəymiş Azərbaycan vətəndaşlarının Avropa Məhkəməsində düşdükləri ziyana görə təzminat alıb-almayacaqlarını araşdırmağa çalışıb.

 

Qeyd etmək istərdik ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM), yurisdiksiyası Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasını təsdiq etmiş Avropa Şurasının bütün üzv dövlətlərinə şamil olunan beynəlxalq bir məhkəmə orqanıdır. Azərbaycan və Ermənistan Avropa Şurasının üzvləridir. Bu ölkələrin hər ikisi Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasını təsdiq edib.

 

Vəkil Kamandar Nəsibovun sözlərinə görə, Ermənistan ərazisindən atəşə tutulması nəticəsində əmlakını itirən Azərbaycan vətəndaşları AİHM-ə iddia ilə müraciət edə bilərlər: “İddiaçının əmlakına Dağlıq Qarabağ separatçıları tərəfindən atəşə tutulması nəticəsində ziyan dəydiyi ortaya çıxsa, Avropa İnsan Haqları Məhkəməsi iddianı baxılması üçün qəbul etməyə də bilər. Çünki separatçı rejim Avropa Məhkəməsinin yurisdiksiyası xaricindədir. İddiaçının əmlakına zərərin Ermənistandan atəş açılması nəticəsində dəydiyi sübut olunarsa, o, Avropa Məhkəməsi tərəfindən iddiasının təmin olunmasına nail ola bilər”.

 

Digər bir vəkil Muxtar Mustafayev isə deyib ki, həm Ermənistandan, həm də qondarma “Dağlıq Qarabağ Respublikası”ndan açılan atəş nəticəsində evləri zərər görən vətəndaşların Avropa Məhkəməsində qalib gəlmək üçün bütün şansları var: “12 dekabr 2007-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Çıraqov və digərlərinin iddiası barədə qərar qəbul etdi. Bu məhkəmədə altı Azərbaycan vətəndaşı - Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrailov Ermənistandan, Laçın rayonunun işğalı nəticəsində hərəyə 5 min avro dəyərində mənəvi ziyan tələb etdilər. Məhkəmə prosesində Ermənistanın nümayəndələri ölkələrinin Laçın rayonunun işğalındakı iştirakını inkar edirdilər, lakin Avropa Məhkəməsinin Böyük Palatası erməni tərəfinin dəlillərini qəbul etmədi”.

 

“Avropa Məhkəməsi “Çıraqovlar və başqaları”nın iddiasını təmin etmək qərarına gəldi. Avropa Məhkəməsi Böyük Palatasının qərarı ilə, Laçın bölgəsi də daxil olmaqla, Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində nəzarət etməsi gerçəkliyi tanınır. Fərmanda ayrıca, qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyinin Ermənistanın hərbi, maliyyə və siyasi dəstəyi ilə mövcud olduğu bildirilir”, - deyə Mustafayev bildirib.

 

Vəkilin sözlərinə görə, ermənilərin atəşə tutması nəticəsində əmlakına ziyan dəymiş vətəndaşların iddiasını təmin etmək üçün mərmilərin Ermənistan ərazisindən atılması vacib deyil.

 

Beləliklə, Qarabağda və yaxın ərazilərdə hərbi əməliyyatlar bitdikdən sonra, Azərbaycanla Ermənistan beynəlxalq hüquq müstəvisində də toqquşacaq. Prinsipcə, Azərbaycan tərəfi hadisələrin belə inkişafına hazırdır - Azərbaycan Baş Prokurorluğu erməni raket zərbələri ilə məhv edilmiş evlərdəki bütün dəlilləri diqqətlə toplayır.

 

Bir sözlə, erməni cinayətkarlar bizə təkcə işğaldan azad edilmiş ərazilərimizdə hesab verməklə kifayətlənə bilməyəcəklər. Onları beynəlxalq məhkəmələrdə də etdiklərinin əvəzini maddi təzminatla ödəməyə məcbur edəcəyik.

Müəllif: Rəşad Rüstəmov