Rusiya üçün fəlakət ssenarisi - “Böyük Yeddilik”dən böyük qərar

Aktual

28.06.2022 - 18:57

Şahin Cəfərli: “Rusiyanın Ukraynaya qarşı təcavüzü dayansa belə, sanksiyalar aradan qalxmayacaq”

Qabil Hüseynli: “Embarqolar bir tərəfdən Ukraynaya hücumla bağlıdırsa, digər tərəfdən, nəyin bahasına olursa-olsun, Putin rejimini devirmək niyyətindən qaynaqlanır”

Məlumat verdiyimiz kimi, Almaniyada “Böyük Yeddilik” (G7) ölkələri liderlərinin görüşü baş tutub. Bu gün isə Madriddə NATO-nun sammiti öz işinə başlayıb. Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda hər iki beynəlxalq tədbir dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır. G7 liderlərinin toplantısında qrupa daxil olan ölkələr Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməklə bağlı razılığa gəlib. 

Sanksiyalar Rusiyanın hərbi sənayesi, hərbi istehsalı və tədarük zəncirini əhatə edəcək. Eyni zamanda qrupa daxil olan ölkələr  tərəfdaş dövlətlərlə (Argentina, Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika) qalıq yanacaqlardan asılılığın azaldılması və yaşıl enerjiyə keçid prosesini sürətləndirmək barədə razılıq əldə edib.

Qeyd edək ki, G7 qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır. 1976-cı ildə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb.

2014-cü ildə Ukraynadakı vəziyyət səbəbindən Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.

“Yeddilər qrupu” ölkələri liderlərinin Almaniya görüşünü AYNA-ya şərh edən politoloq Şahin Cəfərli deyib ki, dünya liderlərinin sammiti əsasən Rusiyaya qarşı sanksiyalarla diqqət çəkib: “Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü aparıcı Qərb dövlətlərini bir araya gətirib. Onlar Kremlə qarşı vahid cəbhədən çıxış edirlər və G7 qrupuna daxil olan ölkələrin rəhbərləri bu məsələdə xüsusi prinsipiallıq nümayiş etdirirlər. Bu məqamda qeyd edim ki, 2014-cü ilə qədər Rusiya da bu qrupun üzvü olub. 2014-cü ildə məhz Ukraynada törətdiyi işğalçılıq siyasəti səbəbindən qrupdan kənarlaşdırılıb”.

“Son sammit zamanı Rusiyaya qarşı əlavə sanksiyalar barədə razılığa gəlinib. Qərara alınıb ki, Rusiyanın hərbi sənayesi ilə yanaşı, istehsal olunan qızıla da embarqolar tətbiq edilsin. Hansı ki, qızıl istehsalı Rusiya iqtisadiyyatında önəmli yerlərdən biri tutur. Bəzən belə iddialara rast gəlirik ki, Rusiya Avropa tərəfindən üzünə bağlanmış bazarları Çin və Hindistana məhsul satmaqla kompensasiya edir. Bu, yanlış yanaşmadır və nəzərə almaq lazımdır ki, Rusiya Çin və Hindistana idxal etdiyi məhsulları Avropaya satdığı qiymətə sata bilmir”, - deyə həmsöhbətimiz bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü dayansa belə, bu, sanksiyaların aradan qalxmasına səbəb olmayacaq: “Bu, ən yaxşı halda Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqinin qarşısını ala bilər. Müharibə dövründə tətbiq edilən sanksiyaların, embarqoların isə qısa müddətdə ləğvinə səbəb olmayacaq. Hətta müharibə bitəndən sonra Qərb Rusiyaya qarşı embarqolardan təzyiq aləti kimi istifadə etməyə davam edəcək”.

Lakin bununla yanaşı, analitikin fikrincə, Rusiyanın qısa müddət ərzində iqtisadi baxımdan çökəcəyini də gözləməyə dəyməz: “Çünki şimal qonşumuz kifayət qədər böyük dövlətdir və onu qısa zaman ərzində çökdürmək mümkün deyil. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da qısamüddətli perspektiv üçün nəzərdə tutulmayıb. Şübhəsiz ki, Rusiyanın bundan sonra hər hansı perspektivi yoxdur və Moskva qonşularını da arxasınca dərin bataqlığa çəkmək istəyir”.

“NATO-nun zirvə toplantısında da ciddi qərarların qəbul olunacağı gözlənilir. Təxminən 10 il öncə Rusiya NATO tərəfindən strateji tərəfdaş adlandırılırdı. Bu gün isə onu “ən ciddi və birbaşa təhdid” adlandırmağa hazırlaşırlar. Bu, Moskvada ciddi narahatlıq yaradır və Ukraynaya qarşı son şiddətli hücumlar da məhz bundan qaynaqlanır”, - deyə Cəfərli vurğulayıb.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, Qərb son illərə qədər bir çox məsələlərdə Rusiyaya dəstək verib: “Artıq bu siyasətdən birmənalı şəkildə imtina edilib. Diplomatiyada heç də hər şey göründüyü kimi deyil. Uzun illərdir ABŞ və Qərb Moskvanı tənqid etsə də, arxada müəyyən dəstək namyiş etdirirdilər. Yəni, siyasi bazarlıq edə və müəyyən məsələlərdə anlaşa bilirdilər. 2014-cü ildə Rusiyanın Ukraynaya hücumu zamanı Qərbin yürütdüyü siyasət də bunun nəticəsi idi”.

“Bu gün isə dünya gücləri, əsasən də “Yeddilər qrupu”nda təmsil olunan ölkələr Rusiyaya qarşı sərt siyasətə üstünlük verir. Görünən budur ki, bu siyasət davam edəcək. Əks halda şimal qonşumuza yönəlik sanksiyaların miqyası bu qədər böyük olmazdı. Rusiyaya qarşı embarqolar bir tərəfdən Ukraynaya hücumla bağlıdırsa, digər tərəfdən, nəyin bahasına olursa-olsun, Putin rejimini devirmək niyyətindən qaynaqlanır”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Hüseynlinin sözlərinə görə, artıq Qərbin özündə də müharibənin uzun müddət davam edəcəyinə inanmağa başlayıblar: “Putin bilir ki, müharibəni dayandırsa belə, sanksiyalardan yayına bilməyəcək. Bu səbəbdən Ukraynaya qarşı hücumları davam etdirir. Son günlər isə təcavüzkar hücumlar daha da şidddətlənib. Paytaxt Kiyevdə yaşayış binaları rus ordusunun hava hücumlarına məruz qalır. G7 qrupu ölkələri liderlərinin görüşü və NATO-nun zirvə toplantısı çərçivəsində Kreml dünya güclərinin ona qarşı daha sıx birləşdiyini görür. Təklənmiş durumda isə daha çox insanı qurban edəcəyi, Ukraynanı daha çox itkilərə məruz qoyacağı ilə dünyanı təhdid edir. Lakin bu təhdidlərin heç bir nəticəsi olmayacaq. Moskva həm də anlayır ki, müharibəni dayandıracağı təqdirdə digər postsovet ölkələri də onun nəzarətindən qopmağa çalışacaq. Bununla isə heç bir halda barışmaq istəmir”.

Müəllif: Azər Niftiyev