Rusiya koronavirusun yeni dalğası ilə qarşı-qarşıyadır

Dünya

02.05.2020 - 12:28

Anna Popova: “Özünü sağlam hiss edən insanların arasında pozitiv test cavabları çoxluq təşkil edir”

 

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova koronavirusun asemptomatik dalğasının təhlükələri barədə danışıb. AYNA bu barədə Rusiya mediasına istinadən xəbər verir.

 

Xidmət rəisi bildirib ki, bu günə qədər Rusiyada təkrar infeksiya hadisəsi qeydə alınmayıb. Eyni zamanda xəstə bir insan özünü yaxşı hiss etsə də, xəstəliyin daşıyıcısı olaraq qala bilər. Çünki, virus bədəni çox uzun müddətdən sonra tərk edir. Popova bunu Rusiya xəstələri arasında aparılan araşdırmaların nəticəsi kimi qeyd edib. O, əlavə edib ki, özünü sağlam hiss edən insanların arasında pozitiv test cavabları çoxluq təşkil edir: “Bu da o deməkdir ki, virusun daha yeni dalğası ilə qarşı-qarşıyayıq”.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada üç milyondan çox insan koronavirusa yoluxub onlardan 208 mini ölüb. Qurbanların və xəstələrin sayına görə ABŞ birinci yerdə qalır və orada böyük bir fəlakət rejimi mövcuddur. Koronavirusa ən çox həssas olan ölkələrin siyahısına İspaniya, İtaliya, Fransa, Almaniya, İngiltərə və Türkiyə də daxildir.

Rusiya virusa yoluxanların sayına görə, artıq İran və Çini qabaqlayır. Ölkədə 106 mindən çox yoluxma var ki, bunların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb. Bu müddət ərzində 1073 nəfər ölüb.

Müəllif: Ayna.az