“Rusiya Ermənistana hələ də silah-sursat göndərir”

Siyasət

26.09.2020 - 19:04

Asim Mollazadə: “Ermənistan müharibə başlayacağı təqdirdə, bunun acı nəticələri ilə üzləşəcək, ciddi itkilər verəcək”

 

İşğalçı Ermənistanın genişmiqyaslı müharibəyə hazırlaşması günün əsas müzakirə mövzularından biridir. Bildirək ki, Ermənistanın müharibə hazırlıqları ilə bağlı kəşfiyyat məlumatları haqqında sıradan bir şəxs yox, birbaşa Azərbaycanın birinci şəxsi - Prezident İlham Əliyev açıqlama verdi. Yerli telekanallara müsahibəsində ölkə başçısı Ermənistanın yeni təxribatlara və təcavüzə hazırlıq gördüyünü açıq şəkildə söylədi və Azərbaycanın adekvat tədbirlər görəcəyini bəyan etdi. Prezident Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında da sözügedən məsələyə toxundu, beynəlxalq birliyə erməni işğalçılığı ilə bağlı çağırış etdi.

 

Düşmənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etməsi, rəsmi Yerevan tərəfindən aqressiv bəyanatların verilməsi bölgədə gərginliyin yaranacağı ehtimalını artırıb. Bir çox analitiklər hesab edirlər ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların tezliklə başlaması istisna deyil.

 

Regionda baş verənlərlə bağlı fikirlərini AYNA ilə bölüşən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə hesab edir ki, Prezident yerli mediaya müsahibəsində Ermənsitanın işğalçılıq siyasətini tam ifşa etdi:

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

- Söhbət ondan gedir ki, Ermənistan törətdiyi təxribatlarla, verilən bəyanatlarla danışıqlar prosesinə son qoydu. Onsuz da bugünədək Ermənistan danışıqların imitasiyası ilə məşğul idi, sülh prosesində irəliləyiş yox idi. Nikol Paşinyan və hökumətinin üzvləri tərəfindən verilən açıqlamalar, cəbhədə törətdikləri təxribatlarla imitasiya siyasətini də ifşa etmiş oldular, əsl real təcavüzkar olduqlarını nümayiş etdirirlər. İşğalçı ölkə rəsmiləri çox gözəl anlayırlar ki, erməni xalqına cavab vermək lazımdır. Çünki sosial vəziyyət ağırdır, ölkə əhalisi dilənçi vəziyyətinə düşüb. Vəziyyətdən çıxmaq üçün Paşinyan təcavüz siyasətinə əl atdı. Düşündülər ki, Azərbaycana hücum etsələr, Rusiyanı münaqişəyə cəlb etsələr, hansısa qazancı olar. Rəsmi Yerevanın Azərbaycana qarşı genişmiqyaslı təcavüz planları var. Dəqiq kəşfiyyat məlumatları var ki, işğalçı ölkə Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağa Orta Şərqdən terrorçu qruplar gətirir. Və gözlənilən müharibə prosesinə həmin terrorçuları da cəlb etmək istəyirlər. Niyyətləri ondan ibarətdir ki, münaqişə tək Cənubi Qafqazda olmasın, Orta Şərqə qədər genişlənsin.

 

- Bildirdiniz ki, Ermənistan sərhəddə təxribat törədərək Rusiyanı münaqişəyə cəlb etmək niyyəti güdür. Tovuz döyüşləri zamanı Rusiya prosesə qarışdımı?

 

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb edə bilmədi, KTMT-dən rəsmi Yerevana dəstək göstərilmədi. Amma təəssüf olsun ki, Rusiya mənfi addımlar atdı. Rusiya unutdu ki, o, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ölkələrdən biridir.  ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olaraq Rusiya yanlış addımlar atdı.

 

- Yəqin ki, Tovuz döyüşləri ərəfəsində Ermənistana göndərilən silah məsələsini nəzərdə tutursunuz...

 

- Bəli, Rusiya həmin ərəfədə İran vasitəsilə Ermənistana külli miqdarda silah-sursat göndərib. Bu, düzgün addım deyildi. Azərbaycan Prezidenti bununla bağlı rusiyalı həmkarına iradlarını bildirdi. Amma məlumatlar var ki, hələ də Ermənistana Rusiya tərəfindən hərbi yardımlar edilir. Ermənistan bu gün genişmiqyaslı müharibəyə hazırlaşır. Prezident İlham Əliyev Ermənistanın təcavüzə hazırlaşdığı ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə ona görə çatdırır ki, baş verəcək hərbi gərginliyin məsuliyyəti Ermənistanın üzərində olacaq. Beynəlxalq aləm məsələyə reaksiya verməlidir. Əks təqdirdə, necə deyərlər, günah bizdən getdi. Uzun illərdir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, BMT-nin müvafiq qətnamələri var, baxmayaraq ki, beynəlxalq hüquq normaları rəsmi Yerevanın tərəfindən kobud surətdə pozulur, bunun müqabilində Ermənistana qarşı hansısa qərar verilmir. Minsk Qrupunun həmsədrləri bir turist qrupu funksiyasındadır. Biz həmsədrlərin işğal olunmuş Azərbaycan ərazisinə gedən zamanlar hansı hoqqalardan çıxdıqlarının videosüjetlərinin şahidi olduq. Yenə də deyirəm, sülh danışıqları yoxdur, Ermənistan müharibəyə hazırlaşır. Azərbaycan Prezidenti bunu açıq şəkildə dünyaya çatdırdı, mesajlarını verdi.

Silah almaq istəyən Ermənistana Rusiya 100 milyon dollar verəcək

- Gözlənilən müharibədə Rusiya hansı mövqe sərgiləyəcək?

 

- Ümumiyyətlə, rəsmi Moskvanın mövqeyi təəssüf doğurur. Rusiyanın Ermənistana silah yardımı etməsi, onun dünyadakı imicinə də mənfi təsir göstərir. Terrorçuları silahlandıran, onları təmin edən ölkələr o terrorçuların törətdiyi faciələrin məsuliyyətini daşımalıdır.

 

- BMT-nin 75-ci sessiyasında çıxışında da İlham Əliyev məsələni üzv dövlətlərin rəhbərlərinə çatdırdı…

 

- Bəli, orada da ölkə başçısı Ermənistanın təcavüzə hazırlaşdığını bəyan etdi. İlham Əliyev BMT-də çıxışı zamanı həm Azərbaycan Prezidenti kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi dünyaya “terrorizmə yox”, “təcavüzlərə, işğallara son” mesajları verdi. Bilirsiniz, BMT-nin əsas funksiyası sülhün, demokratiyanın bərqərar olmasıdır, ətraf mühitin qorunmasıdır. Bununla yanaşı, BMT, həmçinin insan hüquqlarına hörmət edilməsinə çağırış edən təşkilatdır. 30 ildir Ermənistan bir milyon Azərbaycan insanının təməl hüquqlarını pozur, bir milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayır. BMT bu faktla bağlı missiyasından irəli gələn addımlar atmalıdır. Təəssüf ki, biz bunu görmürük. Mənə elə gəlir ki, Prezidentin mesajları həm də Azərbaycan xalqına idi. Ölkə başçısı xalqımızı diqqətli olmağa, səfərbərliyə çağırdı. Xalq bilməlidir ki, istənilən zaman ərazilərimizin azadlığı uğrunda mübarizəyə hazır olmalıdır. Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyini dəstəkləyən dostları da var. Yenə də təkrar etmək istəyirəm, Azərbaycan xalqının və dövlətinin istəyi münaqişənin sülh yolu ilə, itkisiz həll edilməsidir. Biz sülhdən, bölgədə əmin-amanlıqdan yanayıq. Amma bunu işğalçı Ermənistan istəmirsə, biz öz torpaqlarımızı hərbi yolla azad etməyə qadirik.

 

- Sizə elə gəlmir ki, Azərbaycan faktiki olaraq Rusiyadan uzaqlaşmaq xəttini götürüb. Prezident İlham Əliyevin silah məsələsi ilə bağlı Rusiya Prezidentinə iradı, son müsahibə və açıqlamalarında Rusiyanın işğalçılıq mahiyyətinə eyham vurması faktları var. Məsələn, heç vaxt Azərbaycanın faciələri ilə bağlı, Xocalı soyqrımı ilə əlaqədar Rusiyanın adı rəsmi şəkildə hallandırılmırdı. Bu dəfə isə erməni cəlladları ilə yanaşı, rus hərbçilərinin də rolunun olduğunu qeyd etdi. Eyni zamanda, SSRİ nostaljisi ilə yaşayan bəzi insanlarımıza səsləndi. Bunlar təsadüfdürmü?

 

- Təbii ki, Azərbaycan hər zaman öz qonşu dövlətləri ilə tərəfdaşlıq, əməkdaşlıq siyasəti həyata keçirməyə can atıb. Amma bizim mehriban qonşuluğumuza, əməkdaşlığımıza qiymət verilməsə, o zaman biz kiməsə borclu deyilik. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqının ən böyük sərvəti onun müstəqil dövlətinin olmasıdır. Məhz müstəqilliyimiz dövlətimizin inkişafının təməl daşıdır. Müstəqilliyimiz imkan verir ki, sərvətlərimizə sahib olaq, demokratik yolla inkişaf edək. Aydındır ki, xalqımız heç bir köhnə ideyaya qayıtmaq fikrində deyil. Mənə elə gəlir ki, Prezidentin çıxışında toxunduğu ən əsas, mühüm məqam ölkəmizin müstəqilliyi məsələsi idi. Biz inkişaf edən, güclü, demokratik bir dövlətik, bu istiqamətdə daha da inkişaf edəcəyik. Bununla yanaşı, bütün qonşu dövlətlərlə mehriban qonşuluq, əməkdaşlıq planlarımıza sadiqik. Hansısa xoşagəlməz hadisələr baş verirsə, bunun məsuliyyəti həmin ölkələrin üzərindədir.

 

- Ermənistanın müharibə hazırlığı gördüyü haqqında kəşfiyyat məlumatları var. Siz bildirdiniz ki, Tovuz döyüşlərində rəsmi Yereəvan KTMT-ni prosesə cəlb etmək istədi, amma alınmadı. Bu dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə KTMT hansı mövqeni göstərəcək?

 

- Təbii ki, açıq formada cəlb edə bilməyəcək. KTMT-nin nümayişkaranə şəkildə münaqişəyə cəlb olunması mümkün deyil. Bu, gizli şəkildə mümkündür. Hansı ki, bunun yolları var. Mən bir şeyi dəqiq bilirəm ki, həm Azərbaycan Ordusu, həm də Azərbaycanın qardaş ölkələri imkan verməyəcək ki, Azərbaycana qarşı təcavüz Ermənistanın növbəti işğalı ilə nəticələnsin. Əksinə, Ermənistan müharibəni başlayacağı təqdirdə, bunun acı nəticələri ilə üzləşəcək, ciddi itkilər verəcək. Bunu KTMT-yə üzv ölkələr də yaxşı bilir, dərk edir.

Müəllif: Anar Bayramoğlu