“Rus “Orion”ları türk “Bayraktar”larının qatili ola bilməz”

Maraqlı

03.07.2021 - 15:15

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi ekspert: “Anonim bir mənbəyə istinadən verilən açıqlama cavablardan çox suallar doğurur”

 

Bugünlərdə Rusiya hərbi sənaye kompleksindəki bir mənbə “RİA Novosti”-yə verdiyi açıqlamada, Rusiyanın Türkiyə “Bayraktar”ının “qatilini” dünya silah bazarına çıxardığını açıqlayıb. Məlumata görə, bu, rusların ilk zərbə dronu “Orion-E”-dir ki, onun üçün ilk sifarişlər müştərilərdən alınıb. Əvvəllər “Orion” ixraca aviasiya silahı olmadan, yalnız kəşfiyyat versiyasında təklif olunurdu.

 

“Rusiyanın xüsusi layihəçi şirkəti “Rosoboroneksport” istehsalçı şirkət olan “Kronştadt” ilə birlikdə, universal silah sistemi ilə təchiz edilmiş, pilotsuz bir kompleksi – “Orion”u dünya silah bazarında tanıtmağa başlad”, - deyə agentliyin mənbəsi bildirib.

No description available.

Əlavə edib ki, “Orion”un zərbə təchizatlı modelindən ibarət təkliflər bu tip aparatlara tələbatı olan bir sıra xarici müştərilərə göndərilib və potensial alıcılardan bir neçə müraciət alınıb: “Bu dronun ixracatı üçün real tədarüklər bu ilin sonu-gələn ilin əvvəlində, Dubnadakı “Kronştadt” şirkəti tərəfindən pilotsuz uçuş aparatlarının istehsalı zavodunun açılışından sonra başlaya bilər. Göstəricilərin məcmu baxımından - “qiymət - keyfiyyət - intellektualizasiya” parametrlərinə görə rus hücum dronları “Orion-E” bazarda ən yaxşı təkliflərdən biri olacaq və Türkiyə “Bayraktar”ları kimi rəqiblərin “qatili” olacaq”.

 

“Rosoboroneksport”-un mətbuat xidməti mənbənin “RİA Novosti”-yə verdiyi məlumatları şərh etməyib. Eyni zamanda şirkət “Orion” pilotsuz kompleksinin həqiqətən böyük ixrac potensialına malik olduğunu və bənzərsiz taktiki və texniki xüsusiyyətləri və döyüş qabiliyyətləri sayəsində ona maraq oyandığını açıqlayıb.

 

Bildirilib ki, “Orion-E”-nin zərbə versiyası həm sabit, həm də hərəkətdə olan yer hədəflərini, zirehli maşınları və düşmən vasitələrini və onun canlı qüvvəsini yüksək məhsuldarlıqla məhv etməyə imkan verən universal bir aviasiya silah kompleksi ilə təchiz edilib: ““Orion-E” silahı, idarəolunmayan və korrektə edilə bilən hava bombaları ilə yanaşı, bir sıra müxtəlif idarəolunan raketləri də əhatə edir. Dronun döyüş yük ağırlığı 200 kiloqram, faydalı yük ağırlığı 250 kiloqrama qədərdir”.

 

Məlumata görə, “Orion-E” uzunmüddətli ortahündürlüklü insansız hava hücumu sinifinə aiddir. Cihaz bir günə qədər uçuşda ola bilər. Maksimum havaya qalxma çəkisi 1150 kiloqram, PUA-nın kreyser sürəti saatda 200 kilometr, maksimum uçuş hündürlüyü isə 7 kilometrdir. Dronun qanadları 16 metr, uzunluğu 8 metrdir.

 

Rus hərbçiləri pilotsuz kompleksin uçuş sınaqları çərçivəsində Suriyada terrorçulara qarşı kəşfiyyat və hava zərbələri üçün ondan fəal şəkildə istifadə edirdilər.

 

Rusiya və Türkiyənin döyüş PUA-larını inkişaf etdirmək sahəsindəki nailiyyətləri müqayisə edilə bilərmi? Bəlkə, bu məlumat, qeyri-rəsmi, yeri gəlmişkən, adını da açıqlamayan birisi tərəfindən verildiyi üçün - sadəcə arzuolunanı reallıq kimi qələmə vermək cəhdidir? Bəlkə də, Türk hərbi pilotsuz təyyarələrinin dünya şöhrəti (xüsusən Qarabağdakı qələbədən sonra) dünya gücləri səviyyəsində olsa da, istehsal olunan bir çox silah növünün keyfiyyətində özünü üstün saymağa alışmış Rusiyanın qüruruna toxunur? Axı həmin Qarabağda “Bayraktar”lar Rusiyanın satelliti olan Ermənistanın arsenallarının əsasını təşkil edən bir çox rus silah növünü asanlıqla məhv etdi.

 

Mövzunu AYNA-ya hərbi ekspert, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Azad İsazadə belə şərh edib:

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

“Bu günə qədər “Orion”u kiçik yük daşıya bilən bir kəşfiyyat vasitəsi kimi tanıyırıq. Onu anonim mənbənin qeyd etdiyi parametrlərlə müqayisə etsək, bunlar Azərbaycanda istifadə olunan model olan “Bayraktar”ın parametrləri ilə bir qədər üst-üstə düşür. Bəzi cəhətdən “Bayraktar”lardan üstündür, bəzilərində onlardan aşağı. Buna görə, “Orion”un “Bayraktar”ın “qatili” olduğunu söyləmək yəqin ki, hələ tezdir.

 

“Bayraktar”ın “qatili” ifadəsi ilə nəyin nəzərdə tutulduğunu yaxşı başa düşməliyik. Şəxsən mən bunu sakit, maneəsiz, havada “Bayraktar”ları vura və ya zərərsizləşdirə bilən bir növ aparat kimi başa düşürəm. “RİA Novosti” materialında təqdim olunan xüsusiyyətlərə görə, “Orion” pilotsuz uçuş aparatları ilə mübarizə məqsədi daşımır. Bu, o deməkdir ki, onlar “Bayraktar”ların yalnız silah bazarındakı rəqibi olaraq “qatil” ola bilər. Yəni, ruslar ümid edir ki, qiymətinə görə hamı Türkiyə pilotsuz təyyarələrini almağa son qoyacaq və “Orion”ları almağa başlayacaq.

 

Ancaq burada qeyd etmək lazımdır ki, Türkiyə istehsalçıları bir yerdə dayanmırlar, “Bayraktar”ları təkmilləşdirirlər və bu yaxınlarda yeni bir dron olan “Akıncı” buraxıldı. Üstəlik, dənizdə istifadə üçün PUA modeli istismara verilmə mərhələsindədir. Yəni pilotsuz təyyarələr istiqamətində Türkiyə müdafiə sənayesi fəal və gözəçarpan şəkildə inkişaf edir.

 

Bundan əlavə, açıq şəkildə başa düşülməlidir ki, hazırda yeni pilotsuz təyyarələrin inkişafı bütün dünyada artacaq, irəliləyəcək və yalnız Rusiya deyil, Qərb ölkələri də pilotsuz uçuş aparatlarını gücləndirəcək. Yəni bu bazarda hər zaman rəqabət olacaq və yaxın gələcəkdə “Orion”un “Bayraktar”ın ciddi bir rəqibinə çevriləcəyini düşünmürəm.

 

Pilotsuz təyyarələrə hər zaman bir qədər şübhə ilə yanaşıblar, bunlar əsas silah növlərinə kömək etmək üçün yaradılmış bir növ ikinci dərəcəli silah kimi qəbul edilib. Ancaq əvvəlcə bir az Liviyada və yalnız bundan sonra tamamilə Qarabağda Türkiyənin döyüş pilotsuz təyyarələri üstünlüklərini göstərdi və aydın şəkildə müasir silahlı qüvvələrdə yerini aldı.

 

Yəni “Orion” özünü əməldə göstərməlidir. Onların yalnız Suriyada terrorçulara qarşı istifadə edildiyi barədə məlumatlar var, ancaq bu ölkədə pilotsuz təyyarələrə qarşı işləyəcək praktik olaraq hava müdafiə sistemi yoxdur. Yenə də PUA-lara qarşı əsas qoruma onları məhv etmək deyil, başqa bir operatora, dispetçerə ötürmə - yəni fəaliyyətlərinin dayandırılmasına elektron şəkildə keçid texnologiyası olacaq.

 

Və əgər “Orion” həqiqi döyüşdə və ya bir növ təlim manevrində istifadə olunarsa, bunun nə qədər təsirli və müasir olduğunu açıq şəkildə söyləmək mümkün olacaq. Hələliksə, adını açıqlamayan bir mənbəyə istinadən verilən məqalə cavablardan çox suallar doğurur”.

Müəllif: Rauf Orucov