Ermənistan PUA xəyalları arxasınca uçur – <font color=red> Amma əks tərəfə</font>

Maraqlı

14.02.2021 - 19:41

Onlar ilk dronları bizdən əvvəl istehsal etməyə başladı, lakin bu gün vəziyyət tamam fərqlidir

 

İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl, Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akob Arşakyan, daim istehsalına “məxməri inqilab”dan 10 il əvvəl başlayan yerli pilotsuz uçuş aparatları (PUA) ilə öyünürdü. Lakin müharibənin 44 günü ərzində erməni cəmiyyəti Azərbaycanın hücumlarının dəf edilməsində erməni PUA-larının aktiv istifadəsinin şahidi olmadı. Bu barədə İrəvan mediası dəfələrlə yazıb.

 

Buna baxmayaraq, indi həmin məmur yenidən mif hazırlamaqla məşğul olmaqda davam edir. Mətbuat konfransı keçirərək jurnalistlərə dedi ki, “Ermənistan istehsalı olan pilotsuz uçuş aparatlarının Qarabağda geniş miqyasda istifadə edilməməsinin səbəbi onların kütləvi istehsalının olmaması ilə əlaqədardır”.

 

Bundan sonra “zərbə və kəşfiyyat PUA-larının inkişafı və istehsalı çərçivəsində maliyyələşdirmə layihələri qəbul olunduğunu və bəzilərində işlərin artıq başa çatdığını” söylədi. Arşakyana görə, hər iki tip PUA üçün Ermənistan istehsal gücünə çatmalıdır: “Məsələn, hücum dronları hazırda sınaqdan keçirilir. Serial sifarişlər yalnız kəşfiyyat PUA-ları üçün verilə bilər, çünki 2020-ci il üçün bütün hazırlıq işləri onlar üzərində aparılıb. Digər sahələrdə sifarişlər yalnız 2021-ci ildə verilə bilər. Parametrlərinə görə rəqiblərindən geri qalmayan kəşfiyyat PUA-ları Qarabağda istifadə edildi və özlərini yaxşı cəhətdən göstərdi. Müharibə zamanı hazırlıq testlərindən keçməyən, lakin hazır olan o PUA-lar da istifadə edildi”.

 

O zaman erməni tərəfinin PUA-larının çəkilişlərinin Azərbaycan tərəfinin etdiyi kimi, praktik olaraq niyə yayılmamasına dair sualı cavablandıran nazir dedi ki, “söhbət kəşfiyyat cihazlarından getdiyindən, verdikləri məlumatlar gizlidir və açıqlanması məqsədəuyğun deyil”.

 

Bir sözlə, adamın güclü fantazaiyası var. Göründüyü kimi, səslənənlər millətin özünüsakitləşdirməsi üçün təmsillərdir, amma bunlar nə qədər faydalıdır? Nə üçün yalnız vədlərin və nağılların eşidildiyi bir mətbuat konfransı təşkil edildi? Yalanlarla erməni cəmiyyətinin beynini doldurmaqdansa, onlara həqiqəti söyləmək və ölkələrinin düşdüyü vəziyyətin səbəbləri barədə bütün həqiqəti tam dərk etmələrinə kömək etmək daha yaxşı deyilmi?

 

Mövzunu AYNA-ya hərbi ekspert, Müdafiə Nazirliyinin sabiq əməkdaşı Cavanşir Hüseynov şərh edib:

 

“PUA - (istər kəşfiyyat, istərsə də hücum) müəyyən bir hərbi sənaye bazası olmadan yaradılması mümkün olmayan mürəkkəb bir texnoloji prosesin nəticəsidir. Ermənistandakı hərbi-texniki vəziyyət ondan ibarətdir ki, hələ bu texnologiyalar onlarda tam olaraq yoxdur, olanlar isə çox zəifdir... Hələ 1992-ci ildə, Birinci Qarabağ müharibəsi gedən döyüşlərdə, Azərbaycan Müdafiə Nazirliyinə PUA yaratmaq üçün bəzi insanların hazır layihələrlə necə yaxınlaşdığını, planlarını gətirdiyini xatırladım. Hətta, o zaman Hərbi Hava Qüvvələri komandanlığı bu məsələyə diqqətlə baxdı və müzakirə etdi. Ancaq texnoloji və texniki cəhətdən PUA-ları təkcə qalxma və enmə üçün deyil, döyüşdə tam istifadə etmək çətin idi. Yəni o dövrdə sənaye potensialımız döyüş dronlarının kütləvi istehsalına hazır deyildi.

 

PUA istifadəsinin hazırkı müvəffəqiyyəti hələ də yalnız Türkiyə və İsraildən hazır məhsul almağa başlamağımızla deyil, eyni zamanda cihazlarla yanaşı əlavə texnologiyalar aldığımızla da əlaqələndirilir. Buna görə də bir müddətdən sonra Azərbaycan İsrailə məxsus PUA modellərini istehsal etməyə başladı. Müqayisə üçün, təxminən 60-70-ci illərdə mövcud Koreya avtomobil nəhənglərinin hazır “Opel” avtomobillərini necə aldıqlarını və onların bazasında “Daewoo”, “Hyundai” və s. istehsal etməyə başlamalarını xatırladım. Texnologiya satın aldılar və beləliklə öz avtomobil sənayelərini inkişaf etdirdilər. Bu, müsbət bir nümunədir. Mənfi bir nümunə SSRİ-nin İtaliyanın “Fiat” istehsal texnologiyasını satın alması, lakin dünya bazarında heç kimlə rəqabət edə bilməyən “Jiquli” istehsalına başlamasıdır.

 

Yəni texnologiyanın alınması həmin vaxt üçün effekt vermir, bunun üzərində işləmək, bu işi inkişaf etdirmək lazımdır. Buna görə də, Ermənistanda PUA istehsalı və s. haqqında bütün bu söhbətlər, əlbəttə ki, yarınağıllardır. Bəli, razıyam, Ermənistan Azərbaycandan əvvəl özünün istehsalı olan ilk pilotsuz uçuş aparatlarını istehsal etməyə başladı, lakin bunlar asanlıqla aşkar olunan adi ibtidai PUA-lar idi. Çox zəif taktiki və texniki xüsusiyyətləri var idi. Qalxma maksimumu çox aşağı idi və havada qalma vaxtı az idi.

 

İstehsal etdikləri hər şey kəşfiyyat vasitələri səviyyəsində qaldı. Və bunlar sadəcə görünmə zonasına düşən obyektləri çəkməyə qadir, sadə bir videokamera əlavə edərək havaya qalxan pilotsuz aparatlardır. Yeri gəlmişkən, İŞİD yaraqlıları eyni kustar PUA-lardan Suriyadakı Rusiya bazasına və husilər  Səudiyyələrə hücum etmək üçün istifadə etdilər. Yəni bunlar adi, deyək ki, bir növ partlayıcı maddənin az qala skotçla yapışdırıldığı kiçik motorlu uçan vasitələrdir.

 

XXI əsrin müasir PUA-ları, əlbəttə ki, yüksək dəqiqlikli optik gücünə, havada qalma marjasına və yerdən daha dəqiq nəzarətə sahib olan daha inkişaf etmiş bir texnikadır. Buna görə də yaxın gələcəkdə Ermənistan hərbi sənaye kompleksinin Türkiyə və ya İsrail PUA-ları ilə müqayisə ediləcək bir şey istehsal edəcəyini düşünmürəm. Artıq “Oreon” pilotsuz təyyarələrinin istehsalına başlamış Rusiya hərbi sənaye kompleksi belə, öz ordusunu bunlarla tam təchiz edə bilmir və eyni zamanda bu modelin texniki göstəriciləri İsrail və Türkiyə həmkarlarından ciddi dərəcədə geri qalır.

 

Nazir Arşakyanın açıqlamalarına gəldikdə, indi hamımız xəbər lentini çox diqqətlə izləyir, hər cür videolara baxır və görürük ki, erməni cəmiyyətində 44 gün ərzində baş verənlərlə bağlı izahat axtaran çoxsaylı  insanlar var. Onların mübahisələri və yanaşmaları çox fərqlidir. Kimsə tarixlə, kimsə hərbi-texniki, kimsə sui-qəsd, kimsə siyasi cəhətdən - baş verənlərin hər şeyin təsadüf olduğunu, bunun kiminsə zərərli niyyətinin nəticəsi olduğunu izah etməyə çalışır (və hər şeydən əvvəl, öz cəmiyyətləri üçün). Amma heç bir vəclə cəmiyyətləri, dövləti və ordusu içərisində strateji struktur problemləri görmürlər. Reallıqlar isə başqa cürdür: bu müharibənin uduzulmasında  vəziyyətə ayıq baxıb, Bakı ilə məhsuldar danışıqlara getmək istəməyən Ermənistanın özü, cəmiyyətinin siyasi elitası günahkardır.

 

İndi isə oradakı hər kəs bunun üçün ağıllı bir bəhanə axtarmağa çalışır. Əlbəttə ki, erməni cəmiyyəti miflər qurmağa, bəzi mövcud olmayan vəziyyətlərə meyl göstərməyə və adi şeylərə beşinci icad olunmuş bucaqdan yanaşmağa meylli olduğuna görə, məsul məmurların və nazirlərin belə qəribə çıxışlarının şahidi oluruq. Arşakyanın mətbuat konfransı növbəti “qeyri-standart”, onların baxımından orijinal, lakin əslində gülməli bir yanaşmadır və sistem uğursuzluqlarını izah etmək cəhdlərindən başqa bir şey deyil”.

Müəllif: Rauf Orucov