Rəhbərinin qatilinə aşiq olan ölkə - “Stokholm sindromu”

Dünya

23.05.2022 - 14:15

Beləcə 36 il sonra tam əks mənzərənin şahidiyik

23 avqust 1973-cü ildə İsveçin paytaxtı Stokholmda quldurlar bir bankı qarət etmək üçün hücum edirlər. Bankda 4 bank əməkdaşını 6 gün girov saxlayırlar. Qarət başa çatdıqdan sonar girovlar nəinki soyğunçulardan şikayətçi olmurlar, hətta onların müdafiəsinə qalxırlar.

Bu hadisə tarixə “Stokholm sindromu” adı ilə düşür. Girovla onu girov götürən şəxs arasında yaranan münasibətlər, yaxınlaşma, simpatiya anlamına gəlir.

Avropada PKK-nı terrorçu adlandıran ilk lider

Yazıma yuxarıdakı xatırlatma ilə başlamağımın səbəbi İsveçin xarici işlər naziri Ann Lindenin “Twitter” hesabından paylaşdığı bu ismarıc oldu: “İsveç və PKK barəsində yayılan dezinformasiya səbəbindən xatırlatmaq istəyirik ki, PKK-nı terror təşkilatı siyahısına Türkiyədən sonra ilk daxil edən, 1984-cü ildə Olof Palmenin rəhbərlik etdiyi İsveç hökuməti olub. Eyni addımı Avropa İttifaqı 2002-ci ildə atıb. Bu mövqeyimiz dəyişməyib”.

Bu gün yenə İsveçdə yaşanan “Stokholm sindromu” ilə qarşı-qarşıyayıq. 1984-də İsveç təhlükəsizlik qurumları PKK-nı terror təşkilatı elan edən Baş nazir Olof Palmenin “intiqam hücumuna” məruz qala biləcəyi xəbərdarlığını etmişdi. Beləliklə, 28 fevral 1986-cı il axşam saatlarında Olof Palme həyat yoldaşı Lisbet Palme ilə birlikdə kinoteatrdan çıxarkən güllələnərək qətlə yetirildi.

İsveç Palmenin qatilinə yardım edir

Palmenin öldürülməsində düz 36 il sonra İsveçdəki mənzərə belədir: Baş nazirə qarşı sui-qəsdin arxasında olduğu şübhə doğurmayan PKK İsveç dövləti tərəfindən müdafiə olunur. PKK lideri Öcalanın şəkilləri ilə terror tərəfdarları rahatca gəzirlər hər yerdə. PKK ilə əlaqəli vətəndaş cəmiyyəti təşkilatları fəaliyyət göstərir, media orqanları terror təşkilatının təbliğatını aparır. Müxtəlif üsullarla pul toplayıb PKK-ya maliyyə yardımı edirlər.

İsveç dövlət rəsmiləri PKK-nın Suriya qanadı olan PYD/YPG nümayəndələri ilə görüşlər keçirirlər. Şəxsən XİN başçısı Ann Lindenin PYD/YPG təmsilçiləri ilə görüşdüyünü əks etdirən görüntülər yayılıb. İsveçin PKK/YPG-yə ildə 376 milyon dollar məbləğində maliyyə yardımı etdiyi haqda ciddi məlumatlar yayılıb.

Baş nazirinin qatilinə aşiq ölkə

Göründüyü kimi, XİN rəhbərindən tutmuş müxtəlif səviyyəli dövlət və hökumət yetkililərinə qədər PKK ilə təmasda olan, ona yardım edən bir ölkə var qarşımızda. O ölkə ki, başçısının qətlinin məhz PKK tərəfindən qətlə yetirildiyinə dair ciddi faktlar mövcuddur.  

Qısası, Baş nazir Palmenin qatilinə qucaq açan, onu hərtərəfli dəstəkləyən İsveç hökuməti sanki “Stokholm sindromu” yaşayır.

Palme sui-qəsdində PKK şübhəsi

Palme sui-qəsdi ilə əlaqədar polis 1988-ci ildə Xrister Petterson ad-soyadlı şəxsi saxlayıb. Onun 1970-də adam öldürdüyü də bəlli olub. Petterson 1989-da məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum edilib.

Amma onun sui-qəsdi törətdiyinə dair heç bir dəlil yox idi. Nəticədə 3 aydan sonra Petterson azadlığıa buraxıldı.

Palme sui-qəsdi dosyasının araşdırmaçı prokuroru 2020-ci ildə bir açıqlama verdi, qətlə şübhəli bilinən şəxsin, 2000-ci ildə ölən Stiq Engström olduğunu dedi. Onun qətli təkbaşına törətdiyini deyən prokuror bildirdi ki, Engströmün ölümündən dolayı dosyanı bağlamaq məcburiyyətində qalıblar.

Yeni dəlillərlə istintaq

Palme sui-qəsdi nə zaman gündəmə gəlsə, onun arxasında PKK-nın olduğu ehtimalları önə çıxır. Məsələn, 2015-ci ildə İsveçin “Aftonbaldet” qəzetinə açıqlama verən Palme cinayətini araşdırma qrupunun rəhbəri Hans Melander qeyd etmişdi ki, sui-qəsdin arxasında PKK-nın dayandığına dair onlarla dəlil, şahid var və son zamanlar yeni dəlillər ortaya çıxıb.

Palme PKK-nın hədəfindəydi

1980-ci illərin əvvəllərində Avropada sui-qəsdlər həyata keçirən, PKK-nın qurulmasında yer almış və zamanla fikir ayrılıqları üzündən terror təşkilatından qopan şəxslər İsveçə sığınmışdılar. Öcalan da Suriyadan çıxıb, PKK-nın mərkəzini İsveçə daşımaq istəyirdi. Bununla təbliğatlarını dünyaya daha rahat yaya biləcəkdilər.

Beləcə bir çox terrorçu kimi, xanımı Kesirə Öcalan da İsveçə sığınmışdı. Baş nazir Olof Palme ölkəsindəki kürd əsilli siyasətçilərə simpatiya bəsləyir, terrorla əlaqəsi olmayan, hətta PKK-nın hədəfində olan Kamal Burkay kimi siyasətçilərin fəaliyyətinə icazə verirdi.

Amma Suriyadan İsveçə köçmək istəyən PKK rəhbəri Öcalanın viza istəyini və oturum izni xahişini rədd etmişdi. Eyni zamanda, terror təşkilatı elan edilən PKK üzvlərindən bəzilərinin Türkiyəyə geri verilməsi barədə məlumatlar yayılmışdı.

Beləliklə, 1984-cü ildə keçirilən toplantılar PKK mənsublarının Avropaya göndəriləcəkləri, onların hər cür təşkilati və təbliğati fəaliyyətlərinə önəm veriləcəyi söhbətləri gəzirdi. Öcalan da İsveçdəki hadisələri, İsveç hökumətinin PKK əleyhinə mövqeyini daim dilə gətirir, xüsusilə İsveçə göndərilməsi planlaşdırılan terrorçunun daha peşəkar, daha hazırlıqlı olmasının vacibliyini qeyd edirdi...

Müəllif: Nedim Şener

Mənbə: “hurriyet.com.tr”

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli