Referendum gözləntiləri qafaları qarışdırır – <font color=red> DİQQƏT PAYIZA</font>

Siyasət

08.06.2020 - 13:09

Qarışıq seçki sisteminə keçilməsinə münasibət birmənalı deyil: Parlamentdəkilər “yox”, kənardakılar “hə” deyirlər

 

Azərbaycanda proporsional seçki sisteminin yenidən bərpa edilməsi mövzusu gündəmə gəlib. Siyasi kluarların müzakirə mövzusuna çevrilən proporsional sistemin qaytarılması, əsasən müxalif partiyaları, belə deyək ki, Milli Məclisdə təmsil olunmayan təşkilatları ruhlandırıb. O baxımdan ki, həmin təşkilat səlahiyyətliləri hesab edirlər ki, sözügedən sistem bərpa olunarsa, onların parlamentdə mandat əldə etməsinə ümid artır.

 

Deputat Zahid Orucun Milli Məclisin son iclaslarının birində “Parlament müxalifəti” qanunu ideyasını ortaya atması da proporsional sistemə dönüş imkanlarını artırır. Fikirlər var ki, bu ilin payızında Konstitusiyaya dəyişiklik üçün ümumxalq səsverməsi - referendum keçirilməsi mümkündür. Bu ehtimal “Parlament müxalifəti” qanunu məsələsinin ortaya çıxması baxımından bir qədər də güclənir.

 

Qeyd edək ki, Azərbaycan seçki sistemində 2000-ci ilə qədər proporsional seçki mövcud olub. Daha doğrusu, Milli Məclisdə olan 125 deputatın 25-i proporsional, yerdə qalan 100 deputat isə majoritar sistemlə mandat əldə edib. 2002-ci ilin avqustunda isə Konstitusiya referendumundan sonra qarışıq sistem ləğv edilib, bütünlüklə majoritar seçki sisteminə keçilib. Artıq 18 ilə yaxındır ki Azərbaycanda keçirilən seçkilər yalnız mojaritar qaydada baş tutur.

 

Onu da bildirək ki, proporsional sistem dünyada qanunverici orqanlara keçirilən seçkilərdə ən çox istifadə olunan sistemdir. Bu sistemin müxtəlif formalarından 80-dən çox ölkədə istifadə olunur. Burada seçicilər partiyalar tərəfindən təklif edilən namizədlərə səs verirlər. Qapalı siyahı sistemində seçicilərin partiya tərəfindən təklif edilən namizədlər üzərində heç bir təsir imkanı yoxdur. Lakin açıq siyahı sistemində seçicilər partiyanın siyahısının müəyyən edilməsinə və seçilməsinə təsir edə bilirlər. Bəzi ölkələrdə, məsələn, Niderland və İsrail kimi dövlətlərdə "saf" proporsional sistemdən istifadə olunur. Bu sistemdə seçki limitinə uyğun olaraq partiya qalib gəlmək üçün müəyyən edilmiş faizdən çox səs toplamalıdır.

 

“Proporsional sistemə ehtiyac yoxdur”

Asim Mollazadə Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb

Azərbaycanda adıçəkilən seçki sisteminin bərpa olunmasını istəyən partiyalarla yanaşı, buna ehtiyac olmadığını düşünənlər də var. Məsələn, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə AYNA-ya deyib ki, hazırda belə bir dəyişikliyə ehtiyac görmür.

 

“Majoritar seçki sistemi ilə də partiyalar inkişaf edə bilər. Bir sıra ölkələrdə majoritar seçki sisteminin mövcudluğu siyasi partiyaların təmərküzləşməsinə, inkişafına gətirib çıxara bilir. İki, üç, maksimum dörd partiyalı sistem formalaşır ki, onlar da inkişaf edirlər. Buna misal olaraq ABŞ-ı, Böyük Britaniyanı göstərmək olar. Bu gün Azərbaycan parlamentli respublika idarəetmə üsuluna keçmirsə, buna ehtiyac da yoxdur. Hazırda ölkənin hər bir bölgəsi, rayonu majoritar sistemlə parlamentdə təmsil olunur. Bununla da hər bir bölgə ölkə parlamentində deputatı vasitəsilə istəyini ifadə edə bilir”, - o bildirib.

 

“Proporsional seçki sistemi biləvasitə parlamentli respublika üsul-idarəsində tətbiq edilir. Yəni, hökumət parlamentdə formalaşır. O baxımdan, ikitirəlik yaranmaması üçün bu seçki sistemindən istifadə olunur. Amma bizdə Prezident üsul-idarəçiliyidir. Digər yandan, çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminin təsirli olacağını düşünmürəm. Baxsanız, görərsiniz ki, post-sovet ölkələrinin hansında belə sistemə keçid olubsa, o ölkənin cəmiyyətində qarşıdurmalar artıb, idarəetmə sistemi zəifləyib. Belə cəmiyyətlərdə, həmçinin partiya-korrupsiya sistemi formalaşıb. Hesab etmirəm ki, indiki halda Azərbaycanda dövlət idarəetmə sisteminin dəyişməsinə ehtiyac var”, - Mollazadə vurğulayıb.

 

DİP sədri hesab edir ki, hakimiyyət bölgüsü olmalı, parlament hakimiyyəti güclənməlidir: “Azərbaycanın hər bir bölgəsinin də həmin hakimiyyət bölgüsündə təmsilçiliyi vacibdir. Əsas məsələ parlamentin gücünün, səlahiyyətinin daha çox olması, icra hakimiyyəti üzərində nəzarətinin güclənməsidir. İcra strukturlarının Milli Məclis qarşısında hesabatlılığı təmin edilməlidir. Biz bu istiqamətdə fəaliyyəti gücləndirməliyik. Yeri gəlmişkən, bu barədə Prezident İlham Əliyev Milli Məclisin açılış iclasında fikirklərini açıqladı. Ölkə başçısı bildirdi ki, hər bir icra orqanının nümayəndəsi parlamentə gəlib hesabat verməlidir, deputatların qaldırdığı məsələlərə reaksiya verməlidir, problemlərin həllinə çalışmalıdır. Mənə elə gəlir ki, bu istiqamətdə fəaliyyətimiz gücləndirilməlidir. Bunları etmək üçün seçki sisteminin dəyişilməsinə, idarəetmə üsulunun başqa formasına keçilməsinə ehtiyac görmürəm”.

 

Deputatın sözlərinə görə, bu gün Azərbaycan dövlətinə qarşı təhlükələr var: “Dağlıq Qarabağ bölgəsi erməni işğalındadır, ölkəmiz ərazi bütövlüyünü bərpa etməyib. Yenidən SSRİ-ni bərpa etmək xülyası ilə yaşayan qüvvələr də var. Bölgəmizdə digər maraqlı dairələr də mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin güclü olması ehtiyacını ortaya qoyur. Dövlətin əsaslarının güclü olmasında majoritar seçki sistemi ən yaxşı sistemdir. Bu sistemlə siyasi partiyaların inkişafı, təmərküzləşməsi də mümkündür. O halda, sistemi dəyişməyə lüzum yoxdur”.

 

“Hansı partiya sədri proporsional seçki sistemini istəmirsə, gedib başqa işlə məşğul olsun”

Onlar Milli Şuranın adını dəyişib LGBT qoysalar, daha səmimi ...

AĞ Partiyanın sədri Tural Abbaslı isə proporsional seçki sisteminin bərpasının qatı tərəfdarlarındandır. Partiya rəhbəri AYNA-ya fikirlərini açıqlayarkən, proporsional sistemin üstünlüklərini də sadalayıb. Bildirib ki, demokratik düşərgə illərdir, proporsional seçki sisteminin bərpası, buna keçidlə bağlı çağırış edir.

 

“Bütün dünya, hətta qonşu Gürcüstan, düşmən Ermənistan belə, tam olaraq bu sistemə keçib. Azərbaycanda isə 2000-ci ilə qədər tam olmasa da, qarışıq seçki sistemi mövcud olub, 100 deputat majoritar sistemlə, 25 deputat isə proporsional sistemlə mandat qazanıb. Ondan sonra bunu ləğv etdilər, təkmandatlı sistemə döndülər. Proporsional sistemin üstünlükləri daha çoxdur, nəinki majoritar sistemin. Əgər çoxpartiyalılığı istəyiriksə, siyasət meydanında daha peşəkarların olmasını arzulayırıqsa, partiyalar inkişaf etməlidir. Partiyaların inkişafı isə birbaşa proporsional seçki sistemi ilə mümkündür. Çünki, bu sistemdə namizədləri partiyalar müəyyənləşdirir. O zaman təşkilatlar daxilində rəqabətlilik yaranır, praymerizlər keçirilir, nüfuz yarışları olur. Bununla da partiyadaxili də inkişaf baş verir, cəmiyyət də aktivləşir. Cəmiyyətdə siyasətlə məşğul olmaq istəyən, yeni ideyaları olan, özünü siyasətdə görən adamlar partiyalara qoşulurlar, təmərküzləşirlər. Bu, ən primitiv siyasi anlayışlardır”, - Abbaslı qeyd edib.

 

AĞ Partiya sədri Azərbaycanda proporsional sistemin tam aradan götürülməsindən sonrakı proseslərə diqqət çəkib: “Ondan sonrakı proseslərə nəzər salanda görürük ki, partiyalar zəiflədi, sıradan çıxdı. Hətta, hakim Yeni Azərbaycan Partiyası (YAP) belə, öz funksionallığını itirdi. Çünki rəqabət yoxdursa, digər siyasi partiyalar mübarizə apara bilmirsə, onda hakim partiyaya da ehtiyac qalmır. Fərdlər, şəxslər daha çox önə çıxır, nəinki partiyalar. Bunlar da köklü dövlətin və demokratik cəmiyyətin qurulmasına təhlükələr yaradır. Dünyanın istənilən inkişaf etmiş ölkəsinə baxsaq, görərik ki, orada oturuşmuş partiyalar var. Onlar da yüz illərdir ki, dövlətin idarəçiliyində bu və ya digər formada iştirak edir. Bizdə necədir? Milli Məclisin tərkibinə baxsaq, görərik ki, alverçilərdən tutmuş, siyasətin “s” hərfindən xəbəri olmayan adamlara kimi oturublar orada. Nə siyasətə təsirləri var, nə ictimai proseslərdə nüfuzları var. Sistem də elə qurulub ki, onlarla mübarizə aparıb, qalib gəlmək mümkünsüz olur”.

 

“Məsələn, mən siyasətdə gənc sayılıram, 20 ildir ki, siyasi səhnədəyəm, 3 dəfə deputatlığa namizəd olmuşam, amma bir biznesmen gəlir rəqib olur. Həmin dairədə 3 küçəni pulu hesabına asfaltladır, 10 ailəyə tozsoran hədiyyə verir və deputat olur. Belə adamlar qanunvericiliyə hansı töhfəni verə bilər, onların dövlət idarəçiliyinə hansı xeyirləri ola bilər?! Bu məsələ iqtidar-müxalifət davası deyil, dövlətçilik davasıdır. Ənənə formalaşmalıdır, siyasətdə dayanıqlılıq təmin edilməlidir”, - həmsöhbətimiz vurğulayıb.

 

Partiya rəhbərinin qənaətincə, dövləti siyasi institutlar idarə etməlidir ki, güclü, xarici müdaxilələrə sinə gərən dövlət olasan: “Hesab edirəm ki, siyasi islahatlar keçirilməlidir. İslahatlarda da ilk addım proporsional seçki sisteminin bərpası olardı. Mən çox istərdim ki, bu ilin payızında Konstitusiyaya dəyişiklik üçün referendum keçirilsin. Təbii ki, birdən-birə tam proporsional sistemə keçiddən hakimiyyət çəkinə bilər. Amma ilkin addım kimi qarışıq - yarı majoritar, yarı da proporsional sistemə keçid etmək mümkündür. Ümumiyyətlə, majoritar sistemdə qalmaq, seçkiləri bu formada keçirmək dövlətə zərbədir, ölkənin inkişafını əngəlləyən amildir. Hansısa partiya sədri bunu istəmirsə, o zaman başqa işlə məşğul olsun. Çünki, hər bir partiya sədri proporsional sistemin bərpasında, partiyasının inkişafında maraqlı olmalıdır. Artıq cəmiyyətdə nüfuz qazana biləcək partiyalara təkan verilməlidir ki, onlar inkişaf etsin. Burada şəxsi ambisiyalar ikinci plana keçməlidir. Dövlətimizin güclənməsi üçün bir-birini qəbul edən, mübarizəni də qaydalara uyğun aparan siyasi sistem formalaşmalıdır. Düşünürəm ki, “Siyasi partiyalar haqqında” Qanun yenidən müzakirə olunub qəbul edilməlidir. Referendum keçirib seçki sistemini dəyişmək lazımdır. Radikal qərar olmasa da, ən azından yumşaq keçidə, yəni yarı majoritar, yarı proporsional sistemə keçmək lazımdır. AĞ Partiya olaraq bu yöndə siyasi müzakirələrə açığıq. Bu, yenə deyirəm ki, iqtidar-müxalifət yox, Azərbaycan dövlətinin təməl daşı məsələsidir”.

 

Nəticə

 

Göründüyü kimi, fikirlər yenə haçalanır. Hazırda Milli Məclisdə təmsil olunan partiya sədri Asim Mollazadə referendum keçirilməsinin, proporsional seçki sisteminin bərpasının tərəfdarı deyil. O, hesab edir ki, hazırkı majoritar sistem partiyaların inkişafı baxımından da, dövlətin siyasi dayaqlarının möhkəmliyi anlamında da ən yaxşı sistemdir. Milli Məclisdə təmsilçiliyi olmayan partiya sədri Tural Abbaslı isə proporsional sistemin bir an öncə bərpasının vacib olduğunu düşünür.

 

Və nəzərlər 2020-ci ilin payızına dikilib – referendum ehtimalına. Koronavirus pandemiyasının nə zaman bitəcəyi isə bilinmir. Dərmanı yox, vaksini yox. Pandemiya şəraitində ümumxalq səsverməsi mümkündürmü? Hər şey mümkündür, necə ki, koronavirusun ən çox yayıldığı qonşu Rusiya iyulun 1-də Konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedir. Və yaxud da, bəlkə payıza kimi koronavirus bitdi?! Hər şey dövlət idarəetməsinin siyasi qərarlarını verən söz sahibinin qərarından asılıdır.

Müəllif: Anar Bayramoğlu