Fövqəladə Hallar Nazirliyi yanğınlarla bağlı məlumat yayıb
Quba və Qəbələdə meşə yanğınları olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.