Silahlı qarşıdurma 10 dəqiqə davam edib
Qırğızıstanla Tacikistan arasındakı dövlət sərhədində silahlı qarşıdurma olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin informasiya və kommunikasiya idarəsi məlumat yayıb.
Qeyd edilib ki, martın 10-da səhər saatlarında Tacikistan sərhədçiləri Qırğızıstanın Batken rayonun Teskey məntəqəsində sərhədin müəyyən edilməyən hissəsində növbə çəkərkən qarşı tərəfin sərhədçiləri əvvəllər hərəkət etdikləri marşrutu dəyişib. Tacikistan hərbçiləri Qırğızstan sərhədçilərindən ərazi tərk etməyə çağırış ediblər. Ancaq qarşı tərəf bu müraciətə məhəl qoymayıb. Tacikistan hərbçiləri onlara atəş açıb. Atışma 10 dəqiqə davam edib.
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi qeyd edib ki, Teskey sərhədin müəyyən edilməyən hissəsi olsa da oradan faktiki olaraq qırğızlar istifadə edirlər.