"Bəsdirin! Belə özbaşınalıq, biabırçılıq olmaz! Təcili tədbir görülsün!"
"Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində (Eksprementalnı) 4 aya yaxındır ki, angioqrafiya və digər bu tipli aparatlar işləmədiyinə görə xəstələrimiz - Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranların əməliyyat üçün müraciətimiz cavabsız qalır və bu da ürək və digər damar əməliyyatlarının keçirilməsini mümkünsüz edir".
AYNA xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu deyib.
O bildirib ki, Mərkəzdə əməliyyat olunmaq üçün gözləyən xeyli sayda Qarabağ əlilləri var: “Biz mərkəzlə əlaqə saxladıq. Dedilər ki, hələlik aparatlar nasaz vəziyyətdə qalır. Bu isə o deməkdir ki, əməliyyat üçün növbədə olan Qarabağ əlilləri, şəhid ailələri, veteranlarının həyatı təhlükədədir. Axı ağır vəziyyətdə olan insanlarımız var ki, təcili əməliyyat olunmalıdır, lakin aparatlar işləmədiyinə görə, onların həyatları risk altındadır. Aldığımız qeyri-dəqiq məlumata görə, bu səbəbdən hətta həyatını itirənlər var".
"Elmi Cərrahiyyə Mərkəzindən, onun rəhbərliyindən və kollektivindən narazı deyilik, onlarla problemimiz olmayıb. Amma belə də olmaz axı! Biz Səhiyyə nazirinə müraciət edirik: Bəsdirin! Belə özbaşınalıq, biabırçılıq olmaz! Təcili tədbir görülsün, nasaz avadanlıq təmir edilsin! Yaxın günlərdə problem həll olunmasa, Qarabağ qaziləri əvvəlcə Səhiyyə Nazirliyinin, sonra isə Səhiyyə naziri Oktay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcək. Bununla bağlı bir neçə təşkilatda müzakirələr gedir artıq”, - deyə R.Kərimoğlu vurğulayıb.