Qazaxıstan Prezidenti rus deputatın ərazi iddiasına cavab verib

Dünya

06.01.2021 - 12:28

Tokayev: “Tariximiz 1991 və ya 1936-cı ildən başlamır”

 

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Egemen Qazaqstan” qəzetində dərc olunan məqaləsində respublikanın əsas sərvətini “əcdadlardan miras qalan müqəddəs torpaq” adlandırıb. AYNA xəbər verir ki, bununla da Tokayev Rusiya Dövlət Dumasının deputatı və SSRİ Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun nəvəsi Vyaçeslav Nikonov tərəfindən qalmaqala səbəb olan açıqlamaya cavab vermiş olub.

 

Qazaxıstan Prezidenti ölkəsinin ərazilərinin kənardan heç kim tərəfindən xalqına verilmədiyini vurğulayıb: “Tariximiz 1991 və ya 1936-cı ildən başlamır. Xalqımız burada Qazax xanlığı dövründə və daha əvvəl - Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saklar dövründə yaşayıb”.

 

Tokayev onu da vurğulayıb ki, milli maraqları qorumaq və respublikanın ərazi bütövlüyünə şübhə edənlərin təxribatları ilə mübarizə aparmaq zəruridir.

 

Tokayev Qazaxıstanın hazırkı sərhədlərinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına da diqqət çəkib. Onun sözlərinə görə, bütün ərazi mübahisələri bu günə qədər həll edilib: “Dövlətimiz cənub, şimal, qərb və şərq hissələrinə bölünməyib. Respublikanın bir hissəsi olan Şərqi Qazaxıstan, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan bölgələri yalnız istiqaməti göstərən bir simvoldur”.

 

Qeyd edək ki, qalmaqal rus deputat Nikonovun Rusiyanın “Birinci Kanal”ının efirində “Qazaxıstan ərazisi Rusiyanın böyük bir hədiyyədir”, deməsindən sonra başladı. Deputatın bu ifadələrindən sonra Rusiyanın Qazaxstandakı müvəqqəti işlər vəkili Aleksandr Komarovu Xarici İşlər Nazirliyi çağırıldı və ona nota təqdim edildi.

 

Müəllif: Ayna.az