Qazağın kəndləri ilə bağlı İrəvana verilən ultimatumun tərcüməsi: sülhlə olmasa, hərblə

Siyasət

12.03.2024 - 18:19

Mərkəz rəhbəri: “Yaxın vaxtlarda 4 kənd təhvil verilməsə, Azərbaycan Ordusunun həmin kəndlərə girəcəyinə şahid olacağıq”

Erməni mətbuatı Ermənistanın işğalda saxladığı Qazaxın 7, Naxçıvanın 1 kəndinin (Kərki) qaytarılması ilə bağlı müzakirələrin intensivləşdiyini yazır. Bundan öncə Qazaxın anklav olmayan 4 kəndinin - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı – qaytarılmasının gündəmdə olduğu bildirilmişdi. Hətta Qazaxla sərhəd olan Tavuş rayon qubernatoru Ayk Qalumyan rayonda Azərbaycana aid kəndlərin olduğunu təsdiqləmişdi. Bir müddət öncə isə Azərbaycanın işğalda olan kəndlərinə daxil olmağa çalışan iki erməni silahlı şəxs saxlanılmış, onlara bu kəndlərin azərbaycanlılara aid olduğu bildirilmiş, bir daha bu kəndlərə girməmək şərti ilə azadlığa buraxılmışdılar.

Ermənistan Parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan “Hayeli” klubunda çıxışında deyib ki, birinci mərhələdə 4 kəndi, sonra digərlərini - Tavuş ərazisində olan 3 və Kərki kəndini qaytaracaqlar. Deputat bunun nəticəsində Lorinin sərhəd ərazisinə çevriləcəyini də vurğulayıb. Danielyanın sözlərinə görə, bu kəndlər strateji əhəmiyyət daşıyır və Ermənistanın şimal və cənub çıxışı üzərində olmaqla yanaşı, həm də Rusiyadan gələn qaz kəməri bu kəndlərin ərazisindən keçir.

Qeyd edək ki, Ermənistanın bir çox politoloqu və müxalifət deputatı vaxtaşırı olaraq bu kəndlərin strateji əhəmiyyətini vurğulayırlar. Ancaq məsələ də bundadır ki, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur: Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır və bu ərazi, Ermənistan Baş naziri Nikol Paşinyanın da qeyd etdiyi kimi, Ermənistanın “29,8 min kv.km ərazisinə” daxil deyil – başqa sözlə desək, İrəvan özü də bu kəndlərin işğalda olduğunu təsdiqləyib. İşğal edilən ərazi isə mütləq azad edilməlidir.

Kəndlərlə bağlı dünən isə daha bir maraqlı məlumat yayılıb. Ermənistanın “Past” qəzetinin məlumatına görə, Ermənistanda Qazaxın Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri ilə bağlı “Wikipedia” məqalələri redaktə olunub.

“Vikipediyada 4 kəndlə bağlı axtarış apardıq. Həmin kəndlərlə bağlı yazılar bir neçə gün əvvəl redaktə olunub. Belə bir qeyd qarşımıza çıxdı: “Bu səhifə sonuncu dəfə 1 mart 2024-cü il saat 16:20-də dəyişdirilib”. Əvvəlki mətnlər yoxdur və “Wikipedia”da ermənicə mətnlər Azərbaycan dilinə dəyişdirilib. Adlar da Azərbaycan toponimləri ilə qoyulub”, – qəzet yazır. Erməni mətbuatı sözügedən kəndlərin tezliklə Azərbaycana təhvil veriləcəyini yazır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın mövzu ətrafındakı suallarını cavablandırarkən deyib ki, əslində erməni mediasında gedən yazılar Azərbaycan üçün faydalıdır:

- Ermənistan cəmiyyəti hazırlaşsın ki, 4 kənd Azərbaycana təhvil veriləcək. İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanatda 8 kəndin azad edilməsi məsələsi qeyd olunmasa da, qeyri-rəsmi şəkildə məsələ gündəmə gəlirdi. Amma indiki qədər intensiv müzakirə yox idi. Müzakirələr genişləndikcə, belə təəssürat yaranır ki, əslində 8 kəndin müzakirəsi görüşlərdə olub. Başqa məlumatlar da sızdı ki, əslində Ermənistanın Baş naziri Nikol Paşinyan şifahi şəkildə kəndlərin Azərbaycana təhvil veriləcəyinə razılaşıb. Ona görə də Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı heç vaxt mövqe bildirmirdilər. Sonra elə mərhələ gəldi ki, artıq Azərbaycan rəsmiləri də, XİN-in bəyanatında da 8 kəndin geri verilməsi tələbi ortaya qoyuldu. Deməli məsələ ilə bağlı liderlər səviyyəsində də danışıqlar olub. Mümkündür ki, Paşinyan əvvəlcə Qazaxın ilkin mərhələdə 4 kəndin qaytarılmasına hazırdır. Ola bilsin ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşündə də məsələ müzakirə edilib.

Məsələ burasındadır ki, bizim üçün əsas həll olunmalı iki məsələ qalıb: kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizi.

- Səkkiz kəndin qaytarılması sizcə, hərbi, yoxsa danışıqlarla qayıdacaq? Çünki erməni mediası Azərbaycanın hərbi yola əl atacağını istisna etmir...

- Məsələnin həllinin iki yolu var: ya rəsmi İrəvan razılaşır və kəndlər sakit şəkildə Azərbaycana təhvil verilir, ya da rəsmi İrəvan prosesi uzatmaqla məşğul olur, bəhanələr gətirir, bundan sonra Azərbaycan Ordusu hərəkətə keçir. Paşinyan vaxt qazanmağa çalışacaqsa, Azərbaycanın ilkin olaraq dörd kənd uğrunda hərbi yola əl atmaqdan başqa alternativi qalmır. Yəni ki, hərbi əməliyyatla Azərbaycan kəndləri işğaldan azad edəcək. Yenə deyirəm, İrəvan prosesi uzadarsa, hərbi yola əl atılması ehtimalı böyükdür.

Düzünü deyim ki, mən bu kəndlərə görə Ermənistanın Azərbaycanla müharibə edəcəyinə inanmıram. Ermənistan elə zərbə alıb ki, müharibəyə halı qalmayıb. İkincisi, o kəndlərin Ermənistan üçün elə də strateji əhəmiyyəti də yoxdur. Hazırda orada ermənilər də yaşamırlar. Ona görə də, zənnimcə, Ermənistan danışıqlar yolu ilə kəndləri qaytaracaq. İrəvanın ağılı və məntiqi olsa, o kəndləri sakitliklə təhvil verər. Bunu etməsə, düşünsə ki, Azərbaycan hərbi yola əl atmayacaq, beynəlxalq təzyiqdən çəkinəcək, səhv qərar verər.

- Azərbaycan kəndləri hərbi yolla azad etməyə başlasa, beynəlxalq reaksiyaların sərt olacağı düşüncəsi təkcə Ermənistanda deyil, Azərbaycanda da var. Belə fikirlər səsləndirilir ki, hərbi yol Azərbaycana təzyiqləri gücləndirəcək,  buna isə ehtiyac yoxdur...

- Əlbəttə, Fransadan, ABŞ-dan Azərbaycan əleyhinə açıqlamalar, bəyanatlar verilə bilər. Amma güclü beynəlxalq təzyiq gözlənilmir.İkinci Qarabağ müharibəsi zamanı bizə əslində böyük təzyiqlər olmadı, çünki Azərbaycan öz ərazilərini azad edirdi. Qazaxın kəndləri də Azərbaycanındır. Bütün dünya da bunu bilir. Ermənistan rəsmiləri də bu kəndlərin Azərbaycana aid olduğunu etiraf edirlər. Sabah Azərbaycan Ordusu hərəkətə keçsə, Ermənistana aid kəndlərə girməyəcək ki, hansısa da təzyiq edilsin. Ermənistanın da rəsmi etiraf etdiyi Azərbaycan kəndləri azad edilməlidir, ya dinc yolla, ya da hərbi yolla. Əslində təzyiq etmək istəyən güclər Ermənistana ağıl verməlidirlər ki, itkilərə məruz qalmamaq üçün Azərbaycana aid olan kəndləri sakitcə boşaltsın.  

- Yaxınlarda işğaldakı kəndlər məsələsinin həll olunacağı gözlənilirmi?

- Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiya iclasından sonra bütün xəbər agentliklərində məlumat yayıldı ki, Azərbaycan ilkin mərhələdə Qazaxın 4 kəndinin qaytarılmasını tələb edib. Bunu Ermənistanda rəsmi Bakının ultimatumu kimi qiymətləndirdilər. Əslində doğru yanaşmadır, bu, ultimatumdur. Bunun tərcüməsi odur ki, yaxın vaxtlarda 4 kənd təhvil verilməsə, həqiqətən də Azərbaycan Ordusunun həmin kəndlərə girəcəyinə şahid olacağıq.

Müəllif: Anar Bayramoğlu