“Tariximizdə ilk dəfə olaraq Avropa açıq və birmənalı şəkildə Gürcüstanın Aİ-yə üzv olacağını bəyan etdi”
“Düz 9 il əvvəl Gürcüstan Avropa İttifaqının assosiativ üzvü olub. Bu tarixi hadisə digər nailiyyətlərin, Gürcüstanın Avropa İttifaqına yekun inteqrasiyası istiqamətində ardıcıl hərəkatın əsasını qoydu”. AYNA xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili öz “Facebook” səhifəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, Azad Ticarət Sazişi gürcü sahibkarlarına öz məhsullarını Avropa İttifaqına sərbəst ixrac etmək imkanı verib.
“Ticarətin getdikcə artan sürəti xalqımızın rifahı üçün nəzərəçarpacaq nəticələr verir. Vətəndaşlarımız üçün xüsusi əhəmiyyət kəsb edən vizasız rejim haqqında saziş sayəsində Gürcüstan pasportu ilə Avropa İttifaqı daxilində sərbəst hərəkət imkanı yaranıb. Ötən il martın 3-də mən Gürcüstanın Aİ-yə üzvlük ərizəsini imzaladım”, - deyə Gürcüstan Baş naziri əlavə edib.
Qaribaşvili qeyd edib ki, bu prosesin davamı Avropa İttifaqı tərəfindən Gürcüstana Avropa perspektivinin verilməsi olub: “Tariximizdə ilk dəfə olaraq Avropa açıq və birmənalı şəkildə Gürcüstanın Aİ-yə üzv olacağını bəyan etdi. Uzun bir durğunluqdan sonra 10 ildən az müddətdə əldə edilən bu nailiyyət hökumətimizin və cəmiyyətin əhəmiyyətli hissəsinin birgə səyinin nəticəsidir”.
“İnanıram ki, proses ilin sonunda bu səylərin layiqincə tanınması və bizə namizəd statusunun verilməsi ilə davam edəcək. Bu da Gürcüstanın Avropa İttifaqına daxil olmasında həlledici mərhələnin başlanğıcını qoyacaq”, - deyə Baş nazir bildirib.