Yol polisi qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir
Azərbaycanın bir sıra rayonlarında yağan qar avtomobil yollarında çətinliklər yaradıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) açıqladığı məlumatda bildirilib.
Qeyd edilib ki, ölkənin bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
"Hazırda DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir. Bunula yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir", - deyə vurğulanıb.
DİN BDYPİ bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir.