Qadınların siyasətə qarışması ölkənin qarışmasının qarşısını ala bilər

Siyasət

18.12.2019 - 12:17

Bəzi valideynlər hələ də qız uşaqlarının oxumasına qarşıdırlar, nəinki siyasətçi olmalarına

 

“Qlobal gender bərabərsizliyi indeksi” reytinqində Azərbaycan qadınların siyasi təmsilçiliyi baxımından 153 ölkə içərisində 140-cı, parlamentdə təmsilçilikdə isə 107-ci yeri tutub. Azərbaycan həmin indeksə daxil olan dövlətlər arasında qadın naziri olmayan 10 ölkədən biridir.

 

Üzücü nəticədir, məsələni həll etmək üçün ümumilikdə cəmiyyətin düşüncəsi dəyişməlidir. Bunun üçün də uğurlu rol-modellər lazımdır ki, həmin düşüncələri dəyişdirə bilsin. Həmçinin, televiziyalarda, mətbuatda ictimai-siyasi sahədə uğur qazanmış xanımların təbliğatı aparılmalıdır ki, cəmiyyət yavaş-yavaş buna alışsın.

 

Çünki bəzi valideynlər hələ də qız uşaqlarının oxumasına qarşıdırlar, nəinki siyasətçi olmasına. Hələ də qadınlara qarşı müəyyən sərhədlər mövcuddur.

 

Skandinaviya ölkələri dünyanın ən inkişaf etmiş ölkələridir. Araşdırma aparılıb və nəticələrə görə idarəetmədə və siyasi təmsilçilikdə qadınların sayı 71 faizə yaxındır. Bu da həmin ölkələrin istər beynəlxalq əlaqələrində, istər daxili siyasətində, istərsə də iqtisadi-sosial göstəricilərində çox uğurlu nəticələr əldə etməsində vacib rol oynayır.

 

Sözün qısası, xanımların ictimai-siyasi səhnəyə cəlb edilməsi siyasi səhnənin sivilləşməsinə, qəbul ediləcək qərarların sosiallaşmasına səbəb olacaq. Bütün siyasi partiyalar, ictimai təşkilatlar bunun üçün çalışmalıdır. Xanımların siyasətə qarışması ölkənin (pis mənada) qarışmasının qarşısını ala biləcək faktor ola bilər.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert