“Putin ümumi səfərbərlik elan edə bilməz, çünki...”

Dünya

14.07.2022 - 18:31

Yevgeni Maqda: “ABŞ-da seçkiqabağı mübarizə Ukrayna-Amerika dövlətlərarası gündəliyinin elementinə çevirib”

Ukraynalı politoloq Yevgeni Maqda AYNA-ya müsahibəsində ölkəsində gedən müharibə və gözləntilər barədə fikirlərini bölüşüb.

- Son zamanların ən səs-küylü hadisələrindən biri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, etnik ukraynalı Viktoriya Spartsın Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermaka qarşı ittihamlarıdır. O, Yermakın Rusiya hakimiyyəti ilə əlaqəsi ola biləcəyini bildirib. Bu ittihamlar nə dərəcədə əsaslıdır?

- Qeyd edim ki, Viktoriya Sparts nəinki Andrey Yermakın Rusiya ilə mümkün əlaqələrini açıqlamayıb, həm də ABŞ Prezidenti Co Baydendən ona müvafiq məlumat verməsini istəyib. İnanıram ki, o, bu cavabı alacaq. Həm ABŞ, həm də Avropa İttifaqı təkcə Zelenskinin aparatının rəhbəri səlahiyyətlərindən deyil, həm də İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbəri təyinatının təxribatından narahatdır. Ukraynada olduğu kimi, Qərbdə də çoxları bunun arxasında Yermakın Prezident Aparatındakı müavini Oleq Tatarovun dayandığına inanır. Bu arada, bu prokurorluğun rəhbərinin təyinatı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun sədri postuna müsabiqə Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi üçün şərtdir. Ona görə də bu cür ittihamlara məhəl qoymamaq uzaqgörənlik deyil.

- Viktoriya Sparts onu da iddia edir ki, Birləşmiş Ştatlar dövlətlərin Ukraynaya hərbi yardım kimi ayırdığı vəsaitlərin təyinatı üzrə istifadə olunduğuna əmin deyil. Amma mənim fikrimcə, bu, absurddur. Çünki ABŞ-da Ukrayna ordusunun silahlanması prosesinə nəzarət edən Pentaqonun bir sıra nümayəndələri var. Spartsın bundan xəbəri yoxdur?

- Həqiqətən də, Spartsın sözləri onun mənsub olduğu Respublikaçılar Partiyasının ritorikasının bir hissəsidir. Respublikaçılar indi müxalifətdədirlər və qisas almaqda qərarlıdırlar. Noyabrın 8-də ABŞ-da “mid terms” - Nümayəndələr Palatasının üzvlərinin də seçiləcəyi aralıq seçkilər keçiriləcək, ona görə də Sparts çox fəaldır. Daha bir vacib məqam var - rəsmi Kiyevin onun hücumlarına cavab formatı ABŞ-da seçkiqabağı mübarizənin elementini Ukrayna-Amerika dövlətlərarası gündəliyinin elementinə çevirib. Və əgər noyabrda Respublikaçılar Nümayəndələr Palatasına və Senata nəzarəti ələ keçirsələr, Yermak çətin anlar yaşayacaq.

- “ABŞ-ın Ukraynaya dəstəyi lazımi qədər davam edəcək”, - deyə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan bldirib. Ağ Evin bəyanatları onun real addımları ilə nə dərəcədə üst-üstə düşür?

- Xatırlatmaq istəyirəm ki, Rusiyanın tammiqyaslı işğalı zamanı Ukraynanın dünyanın heç bir ölkəsi ilə hərbi-texniki yardım göstərilməsi haqqında müqavilələri olmayıb. Buna görə də vəziyyət sözün əsl mənasında yolda dəyişir. ABŞ Ukraynanı çoxlu silahlarla təmin etməklə yanaşı, həm də Ukraynaya dəstək üçün digər müttəfiqləri birləşdirən “Ramstein” layihəsinin moderatoru oldu. Əlbəttə ki, Ukrayna Silahlı Qüvvələrinin daha çox silaha ehtiyacı var, lakin onların təchizatının həcmini artırmaq üçün kampaniya aparmağın ən yaxşı yolu artıq alınmış haubitsalardan və MLRS-dən səmərəli istifadə etməkdir.

- Böyük Britaniyanın Baş naziri Boris Consonun istefaya getməsi rəsmi Londonun mövqeyinə necə təsir edəcək?

- Əminəm ki, Böyük Britaniyanın mövqeyi dəyişməyəcək, çünki Ukraynanı dəstəkləmək onun öz maraqlarına uyğundur. Düzdür, Consonun istefasından sonra Londonun hərəkətləri bir qədər az ekssentrik olacaq.

- Rusiya Federasiyası Dövlət Dumasının aşağı palatasının növbədənkənar iclası iyulun 16-na təyin edilib. Rusiya Prezidenti Vladimir Putinin bu iclasa qatılacağı və ölkədə ümumi səfərbərlik elan edəcəyi ilə bağlı çoxlu fikirlər səslənirdi. Lakin Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov artıq bildirib ki, Putin iyulun 15-də Dövlət Dumasında çıxış etməyi planlaşdırmır. Dövlət Dumasının bu növbədənkənar iclasının mənası nə ola bilər?

- Mən Putinin ümumi səfərbərlik çağırmaq qabiliyyətinə şübhə edirəm. Bu, Kremlin fikrincə, “plan üzrə gedən xüsusi hərbi əməliyyat” anlayışına zidd olardı. Rusiyada səfərbərlik müharibə elanı kimi qəbul olunacaq – zənnimcə, Putinin ritorikası əsasında Ukraynaya deyil, Qərbə. Ona görə də səfərbərlik daha çox Rusiya hakimiyyətinə qarşı oynayacaq. Dövlət Dumasının iclasının gündəliyini proqnozlaşdırmaq mətniqli iş deyil, çünki çoxdan məlumdur ki, Rusiya parlamenti müzakirə yeri deyil, Kremlin təklif etdiyi hər şey orada qəbul olunacaq.

Müəllif: Əkbər Həsənov

Ramanada faciə

Dünən, 17:26 Hadisə