Sədrəddin Soltan: “Mövcud rejimə az da olsa müxalif siyasi fiqurun prezident olmasına icazə verilməyəcək”
İran Konstitusiyasının Keşikçiləri Şurası növbədənkənar prezident seçkilərində iştirakına icazə verilən namizədlərin yekun siyahısını formalaşdırmaq üçün seçimlərə başlayır. Bu barədə qurumun rəsmi nümayəndəsi Hadi Tahan Nazif İranın dövlət telekanalının efirində deyib. Onun sözlərinə görə, namizədlərin təsdiqi prosesi qanuna uyğun olaraq beş gün çəkir və sonradan daha beş gün uzadıla bilər. Beləliklə, prezidentliyə namizədlərin yekun siyahısının açıqlanması üçün son tarix iyunun 13-dür.
Nazif xatırladıb ki, ümumilikdə 80 namizəd seçki qərargahında qeydiyyatdan keçib. Lakin onların heç də hamısının adı seçki bülletenində olmayacaq. Çünki qeydə alınmış namizədlər hələ Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib. İran Konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.
Onu da bildirək ki, namizədliyini irəli sürənlər arasında sabiq Prezident Mahmud Əhmədinejatın da adı var. Eyni zamanda, prezidentliyə namizəd olan qadın siyasətçilər də mövcuddur.
Cənub qonşumuzda keçiriləcək seçkilər, seçkilərlə bağlı ehtimallar haqqında AYNA-nın suallarını “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb. Analitik deyib ki, İranda prezidentlik institutu icraçı orqandır, böyük işlər görməyə gücü yetmir:
- Çünki arxasında nə hərbi qüvvə dayanır, nə polis. İranda əsas qərar verən şəxs Ali Dini Liderdir. İran Prezidenti hakimiyyətə deyil, hökumətə başçı olur. Dövlətin həqiqi başçısı isə İranın Ali Dini Lideri, yəni hazırda Seyid Əli Xameneidir. İran Konstitusiyasına görə Prezident ölkənin ikinci rəsmi şəxsidir. Sabiq Prezident İbrahim Rəisinin qəzada ölümündən sonra növbədənkənar seçkilərin keçirilməsi labüd idi. Qarşıdan gələn seçkilərdə kimin seçiləcəyini proqnozlaşdırmaq mümkündür. İranda son 20 ildə islahatçı və mühafizəkar siyasətçilər bir növ növbələşmə ilə dövlət idarəçiliyinə gəliblər. Məsələn, sabiq Prezident Həsən Ruhani islahatçı partiyadan olsa da, ondan əvvəlki Prezident Mahmud Əhmədnejad mühafizəkar partiyaya aid siyasətçi idi. Həmçinin Xatəmi islahatçı xəttə mənsub olub. Bildiyimiz kimi, həlak olan İbrahim Rəisi də mühafizəkar cərəyanın nümayəndəsi idi. Fikrimcə, İranın hazırkı sosial iqtisadi vəziyyətini nəzərə alaraq, mövcud rejimə az da olsa müxalif siyasi fiqurun prezident olmasına icazə verilməyəcək. Ona görə də növbədənkənar prezident seçkilərində də Xameneiyə yaxın şəxsin namizədliyinjin üzərində dayanılacaq. Yəni Xameneyi kimi məsləhət görəcəksə, həmin şəxs də İran Prezidenti olacaq. İran qanunlarına görə, dini rəhbər hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə, növbəti Ali Dini Rəhbər seçilənə qədər postdakı Prezident onun əvəzləyicisi və səlahiyyətli şəxsdir. Bu səbəbdən həmin şəxsin siyasi elita tərəfindən qəbulu vacibdir.
- Namizədlər arasında sabiq Prezident Mahmud Əhmədinejatın da adı var. Keçmiş Prezidentin yenidən seçilməsi ehtimalı nə qədərdir?
- Əhmədinejat 2005-2013-cü illərdə Prezident olub və mühafizəkar xəttin tərəfdarıdır. O, daha çox sosial proqramların icrasına üstünlük verən dövlət başçısı kimi tanınıb. Eyni zamanda, Holokostu İran Prezidenti olaraq rəsmən inkar edib, Rusiya ilə münasibətlərin normallaşması tərəfdarıdır. Mühafizəkar siyasətçi olaraq, İsrailə qarşı kəskin çıxışları ilə yadda qalıb. Əhmədinejat həm də Ali Dini Lider Seyid Əli Xamenei ilə münasibətlərində çatlar olan siyasətçi kimi tanınır. Prezident olduğu zaman Əhmədinejat Xameneini dini lider kimi saymadığı deyilirdi.
Onun namizədliyini irəli sürməsi normal haldır. Əhmədinejat ötən seçkilərdə də namizədliyini irəli sürsə də, qeydə alınmamışdı. Düşünmürəm ki, Əhmədinejatın namizədliyini qeydə alsalar da, bu, seçkilərin aktiv keçiriləməsinə, seçki fəallığını artırmağa xidmət edəcək. İran tarixində iki dəfə prezident olmuş şəxsin bir müddətdən sonra yenidən bu posta qayıtması təcrübəsi yoxdur. Ona görə də düşünmürəm ki, Əhmədinejatın bu seçkilərdə favorit olması, uğur qazanması ehtimalı azdır. Hətta ola bilər ki, Əhmədinejatın namizədliyi heç qeydə alınmasın. Çünki bundan əvvəl keçirilən parlament seçkilərini o tənqid edib. Buna görə Əhmədinejatın namizədliyini qeydə alınmaması ilə cəzalandırılması ehtimalı da böyükdür.
- İran Prezidenti olmaq istəyən qadınlar da var ki, namizədliklərini irəli sürüblər. Dini mühafizəkar bir ölkədə İran Prezidenti postunu bir qadının tutması ehtimalı nə qədərdir?
- Çox az ehtimal olunur. Ötən seçkilərdə də namizədliyini irəli sürən qadınlar var idi ki, onların namizədliyini heç qeydə almadılar. Nəzərə almaq lazımdır ki, İranda hicabla bağlı ötən il gərginliklər yaşandı. İndi qadınların namizədliklərini qeydə almaqla İran göstərmək istəyə bilər ki, bu ölkədə qadınların hüquqları qorunur, azadlıqları pozulmur. Əslində isə İran Prezidenti postuna bir qadının oturması ehtimalı sıfırdan da aşağıdır.
- Seçkilərdən sonra İran-Azərbaycan münasibətlərində hansı dəyişiklik gözlənilir?
- Dediyim kimi, əsas Prezident deyil, Ali Dini Rəhbərin qərarlarıdır. Biz ötən 4 ildə, yəni 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-İran münasibətləri necə mütəhərrik və dəyişkən xarakterdə davam etdiyini, bu proseslər zamanı Tehranın mövqeyini aydın şəkildə gördük. Sonrakı dövrdə Tehran Bakı ilə bağlı buraxdığı səhvləri düzəldirmiş kimi görünməyə çalışdı. “Xudafərin” və “Qız Qalası” hidroqovşağının açılış mərasimində hər iki dövlət başçısının iştirakı ümidverici addım sayılır, amma münasibətin formalaşması birbaşa və ancaq İran prezidentinin qərarına bağlı deyil. Ona görə də hesab edirəm ki, gələcəkdə də iki ölkə münasibəti Xameneinin xarici siyasətindən asılı olacaq.