İctimai birliyin təsis sənədləri hazırlanıb, qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunub
Azərbaycanda Prezident Təqaüdçüləri Birliyi yaradılıb. AYNA xəbər verir ki, bu barədə “ Heydər Əliyev və Prezident Təqaüdçüləri: Gələcəyə ünvanlanan strategiya” adlı tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirli məlumat verib.
Orxan Dəmirli bildirib ki, ictimai birliyin təsis sənədləri hazırlanıb, qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunub: "Prezident təqaüdünün təsis olunması Ulu Öndər Heydər Əliyev tərəfindən çağdaş, təhsilli, bilikli Azərbaycan gəncliyinin formalaşması istiqamətində həyata keçirilən islahatların böyük elementidir".
O qeyd edib ki, Birliyin yaradılmasının məqsədi Prezidentin sərəncamları əsasında Prezident təqaüdünə layiq görülən bütün gənclərin səylərinin birləşdirilməsi, Ulu Öndərin irsinin və ideyalarının cəmiyyətimizdə təbliği, ölkəmizdə, xüsusilə regionlarda yaşayan istedadlı, təhsildə fərqlənən gənclərin təlim-tədrisi və sonrakı inkişafında dövlətimiz tərəfindən görülən tədbirlərə əlavə dəstək tədbirlərinin görülməsi istiqamətində bütün səylərin birləşdirilməsidir.
Tədbirdə bütün təqaüdçülərin yeni Birliyin çətiri altında birləşməsinə çağırış edilib. "Ümidvaram ki, birliyimiz qeydə alınacaq. Hər birinizi üz olmağa dəvət edirəm. Prezident təqaüdçüləri olaraq ictimai birlik adı altında bütün səylərimizi səfərbər edəcəyik”, - Orxan Dəmirli qeyd edib.
Xatırladaq ki, tədbirdə ilk və sonuncu prezident təqaüdçüləri də iştirak edib.