Polkovnik: “Bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir”

Siyasət

27.09.2020 - 12:53

Anar Eyvazov: “Düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib”

 

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus üç tank, iki helikopter və üç pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır”. AYNA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant  Anar Eyvazov deyib.

 

Nazirlik rəsmisi qeyd edib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir: “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır”.

 

A.Eyvazov deyib ki, Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq, hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir: “Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir. Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır”.

 

“Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib. Cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir. Qələbə bizimlədir”, - deyə Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az