Pensiya yaşı, pozulan hüquqlar, süründürməçilik... – Deputatlardan etiraz və təkliflər

Cəmiyyət

07.03.2023 - 14:15

Milli Məclisdə ombudsmanın məruzəsi dinlənilib: deputatlar təkliflər səsləndiriblər

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. S.Əliyeva məruzəsində bildirib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb: “Məftil və kəndirlərdən istifadə olunmaqla əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilib, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib”.

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”

“İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir. Dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”, - deyə S.Əliyeva çıxışında qeyd edib.

“Sosial yardımının təyin edilməsi mexanizmi təkmilləşdirilməlidir”

Ombudsman əlillik təyinatındakı problemlərə də toxunub: “Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyac var”.

“Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə həmin yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, kommunal və rabitə xərcləri məbləğinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə beşdən çox uşağı olan qadınlara verilən müavinətin cari transfertlər siyahısından çıxarılması zəruridir”, - S.Əliyeva vurğulayıb.

Qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edildi

S.Əliyeva orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi ilə bağlı təkliflər verib. Ombudsman həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulmasını da təklif edib.

S.Əliyeva qeyd edib ki, vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir.

“Məşğulluq altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur. Odur ki, məşğulluq orqanları vətəndaşın işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir”, - deyə S.Əliyeva məruzəsində diqqətə çatdırıb.

“Bu, təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir”

S.Əliyeva onu da qeyd edib ki, respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur: “Bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir. Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir”.

“İnsanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, xüsusilə tikintisi aparılan bina və qurğuların yaxınlığında, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır”, - ombudsman hesabatında qeyd edib.

Komitə sədri: “Cəzalandırılan yüksək vəzifəli şəxslər barədə məlumatlar məruzədə yer almalıdır”

S.Əliyevanın çıxışından sonra deputatlar məruzəni müzakirə edib, təkliflərini səsləndiriblər. İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc təklif edib ki, insan haqlarını ən çox pozan dövlət orqanlarının siyahısı ombudsmanın illik məruzəsində əksini tapmalıdır: “Bu, vacib amildir. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun normativ hüquqi-bazası gücləndirilməlidir. Son illər hüquqlarını qoruyan insanların sayı artıb. Təəssüflər olsun ki, mənzil-kommunal problemlər azalmayıb, mənzil alqı-satqısı, o cümlədən kommunal xidmətlərinin qiymətlərinin şişirdilməsindən şikayətlər artıb. İnsanları qanunsuz azadlıqdan məhrumetməyə görə məhkəməyə çıxarılan, cəzalandırılan yüksək vəzifəli şəxslər barədə məlumatların məruzədə əksini tapması da yaxşı olardı".

Naxçıvanda Ombudsman İnstitutunun ləğvi təklifi, məhkəmələrdə süründürməçiliyə etiraz...

Deputat Fazil Mustafa isə Naxçıvan Ombudsman İnstitutunun ləğv edilməsi təklifi ilə çıxış edib: “Ümumiyyətlə, unitar dövlətdə bir ombudsman təsisatı olmalıdır. Ancaq Naxçıvanda ayrı Ombudsman İnstitutu fəaliyyət göstərir. Eyni zamanda, Qarabağda da biri özünü “ombudsman” elan edib. Düşünürəm ki, indiki mərhələdə Naxçıvanda Ombudsman İnstitutu ləğv edilməlidir. Çünki bu, unitar dövlət prinsipinə ziddir. Bu gün Naxçıvanda hüququ pozulan insanlar ombudsman Səbinə Əliyevaya müraciət edə bilmirlər”.

Deputat Qüdrət Həsənquliyev isə istintaq orqanlarının sayının çoxluğundan şikayətlənib. Millət vəkili bildirib ki, Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var: “Çox az nazirlik var ki, onların istintaq orqanı yoxdur. Hesab edirəm ki, bu, düzgün deyil. Vahid İstintaq Komitəsi yaradılmalıdır, istintaqla da o orqan məşğul olmalıdır”.

“Məhkəmələrdə süründürməçilik halları da çoxalıb. Məsələn, AzərTAC-ın müxbiri 2022-ci ilin oktyabrından işə bərpa ilə bağlı müraciət edib, indiyə kimi süründürməçiliyə yol verilir. Belə hallara düşünürəm ki, ombudsmanın məruzəsində diqqət yetirilməlidir. Biz güclü hüquq-məhkəmə sistemi yaratmalıyıq ki, dövlət də güclü olsun”, Həsənquliyev vurğulayıb.

“Qadınlar üçün pensiya yaşının 60, kişilər üçün isə 62 olsun”

Deutat Razi Nurullayev isə pensiya yaşının azaldılması ilə bağlı təklif edib. Millət vəkili məzarlıqlarda monitorinq apardığını da diqqətə çatdırıb: “Mən yaslarda iştirak edirəm, o cümlədən qəbiristanlıqlarda monitorinq aparmışam. Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır. 65 yaşdan sonra vəfat edənlərin sayı azdır”.

“Ombudsmanın illik məruzəsində qadınlar üçün əmək pensiyasına çıxma yaşının azaldılması təklif edilir. Bu təklifi dəstəkləyirəm və hesab edirəm ki, bu, kişilərə də şamil olunmalıdır. Qadınlar üçün pensiya yaşının 60, kişilər üçün isə 62 olmasını təklif edirəm”, - deputat əlavə edib.

Deputat Kamilə Əliyeva çıxışında bildirib ki, parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir: “Bu gün ümumiyyətlə, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində problemlər qalır. Vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir. Nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir. Bu da bir çox insanın hüquqlarının pozulmasına gətirib çıxarır. Parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən niyə vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir?! Yalnız Ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunmuş olur”.

“1990-cı illərdə torpaq islahatları aparıldı və bu zaman bir sıra qanun pozuntularına yol verilmişdi. Bölgələrdə yaşayanlar insanların bir çoxunun hüquqları pozulub. Sualım odur ki, bu məsələ ilə əlaqədar Ombudsman Aparatına müraciət olunubmu və həlli istiqamətində nə kimi addımlar atıla bilər?”, - deyə deputat vurğulayıb.

Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu