Pensiya yaşı Milli Məclisin gündəmində: “Kişilər üçün 62, qadınlar üçün 59 olsun”

Aktual

30.05.2023 - 14:16

Deputatlar toplaşdılar: Parlamentdə Türkiyədəki seçkilərdən danışıldı, pensiya yaşı ilə bağlı təkliflər səsləndirildi

Bu gün Milli Məclisin iclası keçirilib. Gündəliyinə 28 məsələ daxil edilən iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər. Spiker Sahibə Qafarova mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turundan danışıb və qeyd edib ki, qardaş ölkə əsl demokratiya nümunəsi göstərib.

“Qardaş Türkiyədə mayın 28-də keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Əsl demokratiya şəraitində keçirilən seçkilərdə cənab Ərdoğanın qalibiyyəti Azərbaycan xalqı tərəfindən də sevinclə qarşılandı. Ərdoğanın rəhbərliyi altında Azərbaycan və Türkiyə bundan sonra da yüksək səviyyədə inkişaf edəcək”,- Milli Məclis sədri vurğulayıb.

Deputatlar Ərdoğanın qələbəsindən danışdılar

Deputat Elşad Mirbəşiroğlu vurğulayıb ki, Ərdoğanın dövründə Türkiyə dünyada güclü mövqeyə malik olub: “Qardaş Türkiyədə demokratik ab-havada baş tutan seçki cənab Ərdoğanın tarixi qələbəsi ilə başa çatdı. Bu, Azərbaycan-Türkiyə qardaşlığının qarşıdakı dönəmdə yeni müstəvidə inkişafına mühüm töhfə olacaq".

“Rəcəb Tayyib Ərdoğan Türk dünyasının böyük oğludur. Ərdoğan İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında oldu. Ərazilərimiz azad ediləndə o torpaqlara səfər edən ilk xarici ölkə prezidenti kimi tarixə düşdü. Ərdoğan eyni zamanda, Azərbaycanın da böyük oğludur. Çünki Azərbaycanla olan dostluq və qardaşlıq bu amili şərtləndirib. Türkiyə xalqını, hörmətli Ərdoğanı təbrik edirəm". Bu sözləri isə deputat Aydın Mirzəzadə səsləndirib.

“Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı”

Deputat Zahid Oruc isə vurğulayıb ki, Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi olub: “On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də türk xalqının mənəvi-siyasi iradəsinin ifadəsi idi. İkinci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı”.

“Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu. Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın zəfər kursu davam etməlidir”, - Z.Oruc əlavə edib.

Deputat: “Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti Azərbaycanda keçiriləcək seçkilərə hazır olduğu kimi də dəyərləndirilə bilər”

Millət vəkili hesab edir ki, Ərdoğanın qələbəsi Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu: “Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğu kimi də dəyərləndirilə bilər. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək. Ona görə də zəfərimizə geridönməz xarakter vermək, Böyük Qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədəki  qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik”.

“Əgər vətəndaş özü pensiyaya çıxmaq istəyirsə, bunu onun özünün seçiminə buraxmaq lazımdır”

Deputat Tahir Kərimli iclasda pensiya yaşının endirilməsi məsələsini gündəmə gətirib. Millət vəkili təklif edib ki, pensiya yaşı kişilər üçün 62, qadınlar üçün isə 59 olmalıdır.

“Hesab edirəm ki, pensiya yaşı mütləq aşağı salınmalıdır. Amma burada seçim də qoyulmalıdır. Əgər vətəndaş özü pensiyaya çıxmaq istəyirsə, bunu onun özünün seçiminə buraxmaq lazımdır. Bir çox ölkələrdə pensiya yaş həddi bizdən aşağıdır. Ona görə də bu məsələyə bir qədər diqqətlə yanaşmalıyıq. Bu, cəmiyyətdən gələn sosial sifarişdir", - deputat vurğulayıb.

Deputat Musa Quliyev isə yaş həddi ilə bağlı başqa təklif verib. Millət vəkili hesab edir ki, büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65-dən 70-ə qaldırılmalıdır: “Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi həmkarlarımın və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb. Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmamışlar, heç bir bilik və  bacarığa malik deyillər kimi davranaraq, onları elə ad günündəcə işdən azad edirlər.  Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır”.

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa artırılsın”

“Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir. Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur”, - deputat vurğulayıb.

Millət vəkilinin fikrincə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır: “Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın Konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır. Ona görə də hesab edirəm ki, yaş həddi 70-ə qaldırılsın. Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa artırılsın. Əgər bu təklifi Milli Məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sessiyasında müzakirənizə təqdim edə bilərik".

Deputatların cari məsələlərlə bağlı təklifləri dinlənildikdən sonra Milli Məclisin iclasının gündəliyində olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Müəllif: Anar Bayramoğlu