Paytaxt sakinlərinin Formula-1 gileyi: geridönüş mümkün deyil, lakin çarə var

Cəmiyyət

09.06.2022 - 10:25

İqtisadçı: “Bu yarış Bakıda yox, Ağdamda keçirilməlidir və hökumət bu istiqamətdə fəaliyyətə başlamalıdır”

Deputat: “Formula-1-in şəhərdə sıxlıq və tıxac yaratması, bu səbəbdən gərəksiz olması barədə iddialar əsassızdır”

Bakı şəhərində 10-12 iyun tarixlərində keçiriləcək Formula-1 yarışları ilə bağlı olaraq paytaxtda bəzi mərkəzi küçələr qismən, bəziləri isə tam bağlanıb. Bu səbəbdən iyunun 6-dan iyunun 14-nə qədər sərnişin avtobuslarının marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib. Lökbatan dairəsi ərazisindən avtomobillərin mərkəzə girişi dayandırılıb və Bayıl qəsəbəsinin sakinləri müxtəlif çətinliklərlə üzləşiblər.

Sosial şəbəkələrdə vətəndaşlar Formula-1 yarışlarına görə işə gecikdiklərini, əlavə problemlərlə üzləşdiklərini bildirsələr də, rəsmilər sözügedən yarışların ölkə üçün faydalı olduğunu iddia edirlər.

Bu arada Formula-1-in paytaxtdan kənarda keçirilməsi ilə bağlı təkliflər gündəmə gəlib. Qeyd edək ki, 2025-ci ilə qədər Azərbaycan üzərinə öhdəlik götürüb və orada göstərilir ki, müqavilə 2030-cu ilə qədər uzadıla bilər.

ReAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Formula-1 Azərbaycana turist axınına səbəb olmalı idi: “Bu yarışlar keçirildiyi ölkələrə birbaşa gəlir gətirməsə də, dolayı qazancları çox yüksək olur. Əsasən də turizm sektorundan. Xidmət sektoru, otellər, restoranlar, turizm obyektləri, hava yolları şirkətləri bu kimi beynəlxalq yarışlardan ciddi gəlir götürür”.

“Lakin Azərbaycanda təyyarə biletlərinin baha olması, hökumətin turizmin inkişafı istiqamətində islahatlar aparmaması bu yarışmadan da gözləntiləri puça çıxarıb. Hansı ki, vətəndaşlar bu və ya digər şəkildə Formula-1-dən faydalanmalı, gəlir əldə etməli idilər. Belə olardısa, yarışlarla bağlı narazılıqlar da aradan qalxardı. Bütün bunlar baş vermir və yolların bağlanması, tıxaclar səbəbindən əhalinin əsəbləri tarıma çəkilib. Çünki vətəndaşlar fərqindədir ki, bu yarışlar onlara heç bir fayda gətirmir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert təklif edir ki, Formula-1 yarışları Bakıda yox, Ağdamda keçirilsin: “Bir müddət öncə bununla bağlı təklif verdim və ictimaiyyətdə rəğbətlə qarşılandı. Çünki işğaldan azad edilmiş torpaqlarımızın tanıdılması, həmin ərazilərə turist cəlb edilməsi baxımından bu, olduqca önəmli bir qərar olardı. Nəzərə alanda ki, artıq işğaldan azad edilmiş ərazilərdə hava limanları da tikilib istifadəyə verilib, bunu təşkil etmək çətin olmayacaq”.

“Azərbaycan 2025-ci ilə qədər bu yarışları keçirməklə bağlı üzərinə öhdəliklər götürüb. Müqavilədə nəzərdə tutulur ki, müddət başa çatandan sonra daha beş il uzadıla bilər. Təbii ki, Formula-1 Azərbaycan Qran Prisinin paytaxtdan digər əraziyə köçürülməsi zaman alan prosesdir. Bunun üçün müəyyən təkliflər planı hazırlanıb təqdim edilməlidir. Burada yarışma şərtləri, uyğunluq prinsipləri və digər məqamlar xüsusi əhəmiyyət kəsb edir. Hökumət bu istiqamətdə fəaliyyətə başlamalıdır”, - Cəfərli söyləyib.

Əlavə edib ki, erməni lobbisinin Formula-1-in Ağdamda keçirilməsinə mane olmaq üçün təsir rıçağı yoxdur: “Düzdür, belə iddialar səslənir. Lakin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq miqyasda mövqeyi erməni lobbisinin təsir gücündən daha artıqdır. Bu mənada təşəbbüsün beynəlxalq təzyiqlərə məruz qalacağı ehtimalını real saymıram”.

Milli Məclisin üzvü, professor Kamilə Əliyeva isə fərqli düşünür. O, AYNA-ya açıqlamasında deyib ki, bu kimi tədbirlər ölkəmizin təbliğatı baxımından müstəsna əhəmiyyətə malikdir: “Qeyri-neft sektorunun tərəqqisi barədə danışarkən daha çox emal, aqrar və xidmət sektorunun inkişafından bəhs edilir. Təbii ki, bütün bunlar təsadüfi deyil və turizm bu gün dünyada ən gəlirli sahələrdən biridir. Formula-1 Azərbaycanın turizm potensialının inkişafına mühüm töhfələr verib”.

“Düzdür, koronavirus pandemiyası turizm sektorunun fəaliyyətində müəyyən axsamalar yaradıb, amma hər birimiz şahidik ki, son dövrlər Azərbaycana təşrif buyuran turistlərin sayında xüsusi artım var. Bu mənada mən bu və bu kimi beynəlxalq tədbirlərin davam etdirilməsinin tərəfdarıyam”, - deyə müsahibimiz vurğulayıb.

Deputat yarışmanın şəhərdə sıxlıq və tıxac yaratması, bu səbəbdən gərəksiz olması barədə iddiaları əsassız sayır: “Təbii ki, ildə bir neçə gün yolların bağlanması, müəyyən sıxlıq və tıxacların yaranması müəyyən narahatlıqlara səbəb olur. Lakin bu, o demək deyil ki, yarışlar əhəmiyyətsizdir. Formula-1 yarışması birinci il deyil ki, paytaxtımızda keçirilir və hökumətlə cəmiyyətin mövqeyi bu məsələdə də üst-üstə düşür. Bu mənada müxalif qüvvələrin Formula-1-in paytaxt sakinlərinin əsəblərini tarıma çəkməsi ilə bağlı iddialarını bölüşmürəm”.

Əliyeva sözügedən yarışın Qarabağda keçirilməsi barədə təklifi isə müsbət qarşılayır: “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə ölkəmizin qarşısında geniş imkanlar açmaqla yanaşı, regionda yeni reallıqlar yaradıb. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, işğaldan azad olunan ərazilər cənnətə çevriləcək. Təbii ki, Formula-1 yarışmasının Qarabağda keçirilməsi mümkündür. Lakin bu məsələdə yekun qərarı məsələyə məsul qurumlar verməlidir”.

Müəllif: Azər Niftiyev