Paşinyandan növbəti sülh bəyanatı, çarəsizlik və sevimli vəzifəsini itirmək qorxusu

Siyasət

19.01.2023 - 18:24

Zərdüşt Əlizadə: “Ermənistan cəmiyyətinin böyük əksəriyyəti də, hakimiyyət də sülh sazişi imzalanmasını istəyir, amma qorxu buna imkan vermir”

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Paşinyan Ermənistan Parlamentində “hökumət saatı”nda çıxışı zamanı bildirib ki, Praqa görüşündə əldə olunmuş razılıq əsasında İrəvan sülh sənədinin imzalanmasına razıdır: “Biz aydın şəkildə bildirdik ki, Praqa bəyanatı əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq”.

Qeyd edək ki, ötən il oktyabr ayında Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda bəyanat qəbul olunub. Praqa bəyanatı ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Elə dünən rəsmi Bakıdan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dediklərinə cavab həm də Paşinyana cavab kimi sayıla bilər. Belə ki, Azərbaycan Xarici İşlər Nazilriyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə yanvarın 18-də Ermənistan Parlamentində sualları cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistanın bir aydır Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirməsi” ilə bağlı açıqlama yayıb.

Hacızadə deyib ki, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur: Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik. Məlumdur ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən il oktyabrın 2-də Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün ötən il dekabrın 23-də Moskvada keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, bununla da danışıqlar prosesini pozub. Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır”.

“Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir", - deyə XİN rəsmisi vurğulayıb.

Məlumdur ki, Paşinyan bundan əvvəl də bir neçə dəfə İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Amma üzərindən iki gün keçməmiş verdiyi bəyanatı təkzib edib, yaxud dediklərinin səhv anlaşıldığını bildirib. Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını analitiklər müxtəlif cür qiymətləndirirlər. Bəziləri bildirir ki, qeyri-ciddi imici ilə tanınan Paşinyan belə bəyanatlarla zaman qazanmağa, prosesi ləngitməyə çalışır. Bəziləri isə iddia edirlər ki, Paşinyan sülh sazişini imzalamaq istəyir, amma daxildəki revanşistlərin addımlarından çəkinir, hakimiyyətdən qovulacağından ehtiyyat edir.

Politoloq Zərdüşt Əlizadə ikinci fikirdə olanlardandır. Analitik AYNA-ya müsahibəsində bildirib ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti də, hakimiyyət də sülh sazişi imzalanmasını istəyir, amma qorxu buna imkan vermir:

- Ümumiyyətlə, Ermənistan hakimiyyəti anlayır ki, sülh sazişi imzalamaqdan başqa çarəsi yoxdur. Gec-tez bu saziş imzalanacaq. Sadəcə sülh sazişinin imzalanması kiçik məsələ deyil, mürəkkəb məsələdir. Bunun üçün qarşılıqlı ərazi bütövlüyünün tanınması lazımdır, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması baş verməlidir. Yaxşı hal odur ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti, mən deyərdim ki, 60 faizdən çoxu müharibənin olmamasını, yeni qan-qadanın baş verməməsini istəyir. Ermənilər də insandırlar, onlar da ölmək istəmirlər. Müharibədən beziblər. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən seçkilərdə məğlub Paşinyanın partiyasının böyük üstünlüklə qələbə qazanması da o deməkdir ki, erməni cəmiyyəti müharibə istəmir.

- O zaman niyə sülh sazişi imzalanmır?

- Çünki revanşistlər var, sülhü qəbul etmək istəməyənlər var. 30 ildir erməni cəmiyyətinə aşılanmış “tarixi erməni torpaqlarının qaytarılması”, “Böyük Ermənistan” nağıllarından xilas olmağı bacarmayanlar var. Azərbaycanın qanuni hüququnun tanınmasını Ermənistanın məğlubiyyəti hesab edən qüvvələr var. Bu baxımdan, kövrək vəziyyət var. Paşinyan və onun fraksiyası hansısa sülh variantını qəbul etməyə hazırdır. Nikol görüşlərdə, danışıqlarda sülhlə bağlı razılıqlar verir, öhdəliklər götürür, amma İrəvana qayıdanda görür ki, vəziyyət mürəkkəbdir. Anlayır ki, sülh imzalasa, hakimiyyəti ciddi böhranla üzləşəcək. Paşinyan isə sevimli vəzifəsini itirmək istəmir. Buna görə də süründürməçiliklə məşğul olmağa başlayır, öhdəliklərindən boyun qaçırır.

- Biz görmüşük ki, Paşinyan sülhlə bağlı bəyanat verir, bir gündən, hətta bir neçə saatdan sonra sözlərini geri götürür. Bu dəfə də Baş nazir dediklərindən geri dura bilərmi?

- İstisna deyil. Dediyim kimi, o, narazı kütlədən, xəyalpərəstlərdən, revanşistlərdən çəkinir. Paşinyanın mənbələri ona deyirlər ki, sülhlə bağlı addım atsan, o zaman revanşistlər hansı addımlar ata bilərlər. Bu addımlar içərisində terror aktı da var, hərbi çevriliş ehtimalı da var.  Erməni müxalifəti seçkidə uduzub, amma bu o demək deyil ki, zorakı əməllərdən çəkiniblər. Əksinə, zorakılıq baxımından revanşistlərin imkanları daha genişdir. Ona görə də Paşinyan bəyanat verir ki, sülh sazişini imzalamağa hazırdır, amma xəbər tutur ki, hakimiyyətinə ciddi təhlükə var, o zaman dediklərini təkzib edir. Özü də mən deyim ki, revanşistlər özbaşına deyillər, onların arxasında xarici qüvvələr var. Məsələn, Rusiya sülhü istəmir, İranda biz gördük ki, sülhü istəməyənlər var. Bunlar təbii ki,m o revanşistlərin qanlı terror törətməsinə, çevriliş etməsinə yardım edə bilərlər. Dediyim  odur ki, hər şey sadə deyil.

- Rəsmi Bakı sülh sazişi ilə bağlı bəyanat verdi və, Ermənistandan danışıqlar üçün cavab gözlədiyini açıqladı...

- Azərbaycana sülh lazımdır. Eyni zamanda, sülh Azərbaycana xeyirlidir. Ölkənin iqtisadi potensialı böyükdür və hakimiyyət bunu anlayır. Həmçinin hakimiyyət əhali arasındakı əhval-ruhiyyəni anlayır, buna uyğun addımlar atır.

Düzdür, Azərbaycan sülhlə bağlı müəyyən addımlar atır, faydalı işlər görür, beynəlxalq hüquqa uyğun təkliflər verir. Amma bunu geniş mənada həyata keçirmir. Bir qədər də nifrət ritorikası var ki, bu, ziyanlıdır. Məsələn İrəvana, Göyçəyə, Zəngəzura qayıdış haqqında bəyanatlar verilir. Bunlar məncə, ziyanlıdır. Təbii ki, İrəvan da, Zəngəzur da Azərbaycanın tarixi əraziləri olub, orada azərbaycanlılar yaşayıblar. Lakin iş elə gətirib ki, çar dövründə, SSRİ dövründə bu ərazilər Ermənistana verilib və indi beynəlxalq hüquq bu əraziləri Ermənistan ərazisi kimi tanıyıb. Sülh yaransın, ondan sonra azərbaycanlılar imkan olarsa, gedib Göyçədə yaşayarlar. Bu ritorikadan ermənilər, Ermənistan 30 il istifadə etdilər, əraziləri işğal etdilər, nə qazandılar?! Heç nə qazanmadılar, əksinə, bədbəxt günə qaldılar. Biz onların səhvlərini təkrarlamamalıyıq.

- Rəsmi Bakı elan etmir ki, İrəvanı, Zəngəzuru, Göyçəni ordumuz alacaq. Sadəcə orada azərbaycanlıların vaxtilə yaşadığını, deportasiya olunduqlarını, hansı ki, bunlar faktlardır, hüquqlarının bərpası üçün addımlar atılacağı bəyan edilir...

- Mən dedim axı, bəli, orada azərbaycanlılar yaşayıblar, oralar Azərbaycanın tarixi əraziləridir. Dediyim odur ki, bu ritorika qıcıq yaradır, sülhə ziyandır. Əksinə, biz deməliyik ki, sülh imzalandıqdan sonra əlaqələr açılacaq, gömrüklər açılacaq, inkişaf olacaq. Qarabağ ermənilərinin hüquqları təmin olunacaq, onlar Azərbaycan vətəndaşı kimi ləyaqətli yaşayacaqlar və s. Bu, ümumi prosesin xeyirinədir. Dünyaya da göstərməliyik ki, biz həqiqətən sülh istəyirik. Əks təqdirdə, proses uzanacaq və bundan Ermənistan xeyir görmədiyi kimi Azərbaycan da zərər görəcək.

Müəllif: Anar Bayramoğlu