Paşinyana qarşı sui-qəsd hazırlanır?

Siyasət

09.02.2022 - 10:20

“Siyasi rəqibləri Baş naziri fiziki cəhətdən məhv edə bilərlər”

“Bu proseslər uzun sürə bilməz, onların sonu gələcək. Tezliklə cavab verməyin vaxtı çatacaq. Bu gün ordumuzun özünün müdafiəyə ehtiyacı var”.

Belə bir açıqlama ilə Ermənistanın sabiq Prezidenti Robert Köçəryan çıxış edib. Deyib edib ki, Paşinyan iqtidarı bunu bildiyinə görə müxalif qüvvələri təzyiq altında saxlamağa və onları zərərsizləşdirməyə çalışır.

Erməni mətbuatında əsas müzakirə mövzularından birinə çevrilən bu qalmaqallı açıqlamanı bəziləri Köçəryanın məğlubiyyətdən dolayı eyforiyası kimi qiymətləndirsələr də, əks qənaətdə olanlar, Ermənistanda növbəti inqilab ssenarisinin hazırlandığını söyləyənlər də var.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında bildirib ki, Köçəryan və Sərkisyanın hazırkı məqamda hərəkətə keçməsi təsadüfi deyil: “Məlumdur ki, son dövrlər Türkiyə ilə Ermənistan arasında yaxınlaşma meylləri hiss olunur. Hər iki dövlət bu məqsədlə xüsusi nümayəndələr də təyin edib. Onların arasında ilk görüş artıq baş tutub. Digər yandan Ermənistan kommunikasiya xətlərinin açılması istiqamətində danışıqlara hazır görünür. Bütün bunların fonunda yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması gözlənilir. Təbii ki, baş verənlər çoxsaylı cinayətkar əməllər törədən, erməni xalqının da nifrətini qazanan “Qarabağ klanı” üçün qırmızı xətdir. Onlar başa düşürlər ki, iki qonşu dövlət arasında münasibətlərin bərpası bu cinayətkar ünsürlərin sonunu gətirəcək. Bu səbəbdən hər vəchlə buna mane olmağa çalışırlar”.

Deputat hesab edir ki, “Qarabağ klanı” danışıqlar prosesini pozmaq üçün hər şeyə hazırdır: “Vaxtilə Robert Köçəryan Ermənistan parlamentində baş verən qətliamdan sonra iqtidara yiyələnib. Hakimiyyətdə olduğu dövrdə isə çoxsaylı cinayətlərə yol verib və məhz bu səbəbdəndir ki, erməni xalqı son seçkilərdə ona və siyasi varisi Serj Sərkisyana qapını göstərib. Paşinyan məğlub dövlətin rəhbəri olaraq yenidən etimad qazanıb ki, bu da öz növbəsində erməni xalqının müharibə istəmədiyini, bundan qorxduğunu aydın şəkildə ortaya qoyur”.

““Qarabağ klanı” müharibədən sonra Paşinyanın istefasına və növbədənkənar seçkilərin keçirilməsinə nail olsa da, öz əsas məqsədinə çatmadı. Köçəryan-Sərkisyan cütlüyünün yenidən iqtidara qayıtmaq şansları yoxdur. Lakin onların terrora əl atacağı, Paşinyanı fiziki cəhətdən məhv edəcəyi də istisna deyil. Həm Köçəryanın, həm də Sərkisyanın terror təcrübəsi var”, - deyə həmsöhbətimiz söyləyib.

Məhəməliyev vurğulayıb  ki, 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətindən sonra Ermənistanın yalnız bir yolu var: “Bu yol həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Məhz işğalçılıq siyasəti Ermənistanı bütün regional iqtisadi layihələrdən kənarda saxlayıb və nəticədə onlar bugünkü səfalət həddinə gəliblər. Ermənistan rəhbərliyi və ictimaiyyəti başa düşməlidir ki, işğalçılıq siyasətindən birmənalı şəkildə imtina etməyənə qədər onların nicatı yoxdur”.

Politoloq Rasim Ağayev də AYNA-ya şərhində deyib ki, Köçəryan və Sərkisyan “müharibə kartı”ndan Paşinyana qarşı istifadə etməkdə davam edir: “Onlar elə rəy yaratmağa çalışırlar ki, Azərbaycanın əldə etdiyi parlaq qələbə Paşinyana görədir və guya özləri iqtidarda olsaydı, bunun əksi baş verəcəkdi. Əslində isə bu, kökündən yanlışdır. Onlar uzun illər Ermənistanı bataqlıqda saxlayıblar. Cinayətkar əməllərə yol veriblər. Elə buna görə də erməni xalqı Sərkisyanı devirdi. Müharibədən sonra isə yenidən iqtidara qayıtmağa çalışdılar. Bu da alınmadı”.

“İndiki halda bu mənfur niyyətlərini həyata keçirmək üçün hər şeyə hazırdırlar. Görəndə ki, növbədənkənar seçkilər də onları xilas etmədi, digər üsullara əl atmağa başlayıblar. Daxildə nifaq toxumu səpmək, qızışdırıcı bəyanatlarla gündəmdə qalmağa çalışırlar”, - deyə siyasi şərhçi vurğulayıb.

Ağayevin sözlərinə görə, “Qarabağ klanı” yaxınlaşan Türkiyə-Ermənistan münasibətlərini özü üçün təhdid sayır: “Həm də bu səbəbdən hərəkətə keçiblər. Düşünmürəm ki, onların bu cəhdinin hər hansı nəticəsi olacaq. Olsaydı, son seçkilərdə olardı. Hansı ki, bu seçkilər müharibədən sonrakı məğlubiyyət eyforiyası dövrünə təsadüf edirdi. Həm Sərkisyan, həm də Köçəryan anlayırlar ki, onların siyasi perspektivləri yoxdur. Nəinki onların özləri, dəstəyini ifadə etdikləri qüvvələr də cəmiyyətdən dəstək ala bilməyəcəklər. Bu səbəbdən qəzəbli açıqlamalar verirlər. Hesab edirəm ki, Ermənistan cəmiyyəti geriyə deyil, irəliyə baxmağı öyrənməlidir. Belə olarsa, onların əhalisi düşdüyü bataqlıqdan xilas ola, mehriban qonşuluq şəraitində rifaha qovuşa bilərlər”.

Müəllif: Azər Niftiyev