Paşinyan yenə çətin sınaqla üz-üzə: ya sülh, ya da...

Dünya

05.02.2024 - 14:15

Deputat: “Rəsmi İrəvan və erməni cəmiyyəti sülh istəyirsə, o zaman qanunlarını dəyişməlidirlər, iddialarından geri çəkilməlidirlər”

Ermənistan Konstitusiyasının dəyişdirilməsi və yeni Konstitusiyanın qəbulu məsələsi erməni cəmiyyətinin gündəminin əsas müzakirə mövzusudur. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacının olduğunu elan etdi. Bundan sonra işğalçı ölkədə ajiotaj yarandı. Xüsusilə, Ermənistan müxalifəti Konstitusiya dəyişikliyinin Bakı və Ankaradan gəldiyini iddia edir və Paşinyanı erməni dövlətçiliyinin məhvinə apardığını vurğulayır.

Fevralın 1-də ölkənin Paşinyan “İctimai Televiziya”ya müsahibəsində əsas qanunun yarıtmazlığını bir daha bəyan edib. O bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: “Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq”.

Baş nazir qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni Konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.

Qeyd edək ki, Ermənistan Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi əngəldir. Bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb.

Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın qərarı da əsas tutulur. Bundan başqa sənəddə 1915-ci ildə Osmanlı dövlətində “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb. Ermənistanın himnində, bayrağında Türkiyə və Azərbaycana qarşı düşmənçilik yaymaqla yanaşı, həm də ərazi iddiası irəli sürülür.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, reallıqları qəbul etmək lazımdır:

- Ermənistanın Baş naziri bildirir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, Paşinyanın fərdi mövqeyi ola bilər. Həmin bəyanat sülh sazişində əksini tapırsa, o zaman İrəvan bunu ratifikasiya etməli olacaq. Məsələ gedib Ermənistanın Konstitusiya Məhkəməsində ilişib qalacaq. Çünki Ermənistan Konstitusiyasında ərazi iddiaları qalır. Demək Paşinyan sabah sülh sazişi imzalasa belə, bu, etirazlara səbəb olacaq. Çünki Ermənistan qanunlarına görə, Paşinyanın ixtiyarı yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanısın. Buna indiki Ermənistan Konstitusiyası imkan vermir. Konstitusiya dəyişikliyi etmədən Paşinyan sülh sazişinə imza atsa belə, o sənədin dayanaqlı olacağı şübhə altında qalacaq. Ümimiyyətlə, Konstitusiya dəyişikliyi olmadan Azərbaycan tərəfinin sülhə imza atacağı da inandırıcı deyil.

Eyni zamanda, Ermənistan Parlamentinin qərarları var ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı hansısa sənədə Ermənistan rəsmiləri imza ata bilməzlər. Demək istədiyim odur ki, Ermənistan Parlamentinin həmin qərarlarına da dəyişikliklər edilməlidir. Görünən odur ki, bunu Paşinyan hökuməti anlayır, ona görə də Ermənistan Konstitusiyasının dəyişdirilməsinə çalışır.

- Amma buna qarşı etirazlar var. Paşinyan bacaracaqmı, dəyişikliyə nail ola biləcəkmi?

- Əslində bu, Ermənistanın Azərbaycana güzəşti deyil, reallıqlarla barışmaqdır. İndi Ermənistan ictimaiyyətinin narazı kəsimi deyir ki, Qarabağ guya Ermənistana birləşib, Konstitusiyada təsbit edilib, Müstəqillik Bəyannaməsində var və s. Amma reallıq başqadır. Azərbaycan Qarabağı işğaldan azad edib, suverenliyimiz bərpa edilib. İndi Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşməsi maddəsinin olmasının nə əhəmiyyəti var. Azərbaycan üçün təbii ki, heç vaxt heç bir əhəmiyyəti olmayıb. Amma indi Ermənistan üçün də bunun əhəmiyyəti yoxdur. Konstitusiyada bunu saxlamaqla Ermənistan kimi aldadır? Əksinə, bu, Ermənistanın ziyanınadır. Çünki bölgədə dayanıqlı sülhün əldə olunmasına, qonşuluq münasibətlərinin qurulmasına, əməkdaşlığa əngəldir. Paşinyan məncə, indi Ermənistan cəmiyyətinə bunu izah etməyə çalışır. Konstitusiya dəyişikliyinə Paşinyan hökuməti nail ola biləcəkmi, dəqiq proqnoz vermək çətindir. Çünki Ermənistan stabil dövlət deyil, sabitlik də yetərincə yoxdur. Ona görə də hesab edirəm ki, hər şey ola bilər. Paşinyanı növbəti dəfə çətin sınaq qarşısındadır. Hər halda Paşinyan buna çalışır və reallıqları cəmiyyətə çatdırır. Rəsmi İrəvan və erməni cəmiyyəti sülh istəyirsə, o zaman qanunlarını dəyişməlidirlər, iddialarından geri çəkilməlidirlər.

- Konstitusiya ilə yanaşı, gerblərində dəyişiklik də gündəmdədir. Erməni müxalifəti iddia edir ki, bütün bu dəyişikliyi Azərbaycan və Türkiyənin istəyi ilə Paşinyan hökuməti həyata keçirməyə çalışır...

- Bu, sülhün tələbidir. Ermənistan cəmiyyəti, müxalif qüvvələri nə düşünməsindən asılı olmayaraq, sülh bu dəyişikliyi, ərazi iddialarına son qoyulmasını tələb edir. Gerblərində Türkiyə ərazisində olan Ağrı dağının əksi var. Əlbəttə, Ermənistan Türkiyə ilə normal qonşuluq münasibəti qurmaq istəyirsə kiflənmiş və heç bir əsası olmayan iddialarından geri durmalıdır. Axmaq iddialarına qanuni don geyindirmək cəhdi ilə, bu axmaq iddiaları Konstitusiyaya, gerbə salmaqla Azərbaycan və  Türkiyəyə İrəvan hansısa təsir etmir, edə də bilməz. Əksinə, bununla Ermənistan özünü elə çərçivəyə salır ki, bundan ciddi əziyyət çəkir.

Açıq deyək, bundan sonra bölgədə Ermənistan dövlətinin varlığı, yaxud yoxluğunun Azərbaycan üçün heç bir əhəmiyyəti qalmayıb. Azərbaycan öz siyasətini də, inkişafını da həyata keçirmək gücündədir. Eyni ilə Türkiyə üçün də elədir. Ümumiyyətlə, Ermənistan Türkiyə üçün çox xırda məsələdir. Məsələn, ABŞ Prezidenti bir neçə ilə əvvəl “erməni soyqırımı” ifadəsi işlətdi, Türkiyə üçün nə dəyişdi ki... Əlbəttə, heç nə. Ona görə də Ermənistan hakimiyyəti də, cəmiyyəti də düşünməli, ağıllı qərar verməlidirlər. Dövlət kimi qalmaq istəyirlərsə, Azərbaycanın şərtlərini qəbul etməli, sülhə gəlməlidirlər. Əks təqdirdə, inkişafdan qalacaqlar. 

Müəllif: Anar Bayramoğlu