“Paşinyan seçim etsin: ya “Yanukoviç variantı”, ya da “Elçibəy variantı”

Siyasət

10.06.2020 - 13:38

Qriqori Trofimçuk: “Hədə-qorxulardan əl çəkib Qarabağ məsələsinin həlli üçün digər variantlar üzərində işləmək lazımdır

 

Ermənistandakı daxili siyasi vəziyyət gərginləşir. Yalnız bir gündə - iyunun 8-də Baş Nazir Nikol Paşinyan üç güc strukturunun rəhbərlərini, yəni Milli Təhlükəsizlik Şurasının rəhbəri Eduard Martirosyanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanı və Ermənistan Polisinin müvəqqəti rəhbəri Arman Sarkisyanı dəyişdirdi.

 

Bunun ardınca Ermənistan parlamentindəki ikinci ən böyük siyasi qüvvənin - 132 deputatdan 25-ni təmsil edən “Çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qagik Tsarukyan Baş Nazir Nikol Paşinyan və hökumətinin istefasının vacibliyini bəyan etdi: “Mən əvvəl deyirdim ki, hökumətin tərkibinin 97 faizini dəyişdirmək lazımdır. Ancaq bu gün uğursuzluqları görərək deyə bilərəm ki, bu hakimiyyətin kadrlarının 97 yox, 100%-i dəyişməlidir, çünki onlar bütün sahələrdə uğursuz olduqlarını sübut etdilər”.

 

Parlamentdə təmsil olunan üçüncü ən böyük siyasi qüvvə - "İşıqlı Ermənistan" partiyası (17 deputat) da hesab edir ki, Ermənistan hökuməti islahatlar aparmaq iqtidarında deyil.

 

Rusiyalı politoloq Qriqori Trofimçuk AYNA-ya müsahibəsində düşmən ölkədə baş verənləri şərh edib.

 

- Paşinyanı belə kütləvi dəyişikliyə getməyə vadar edən səbəb nədir? Ermənistandakı daxili siyasi vəziyyət barədə nə deyə bilərsiniz?

 

- Paşinyanın etdiyi dəyişikliklərin hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Ümumiyyətlə, onu düşünülmüş, ağıllı siyasət yeritməkdə “ittiham etmək” olmaz. Sadəcə olaraq, inqilabın üçüncü ilində Paşinyan vəziyyəti görür və odur ki, hansısa dəyişikliklərdən, ona qarşı qüvvələrin birləşməsindən qorxur. Buna görə də özünə tam sadiq adamlar təyin etmək istəyir ki, hansısa qiyamlar olsa, güc strukturları tam olaraq onu dəstəkləsin.

 

Digər tərəfdən, Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, pisləri çıxarıb yerinə yaxşıları təyin etdiyini nümayiş etdirir. Amma tam əminəm ki, onun bu cəhdləri mənasızdır. Çünki, X anında bütün qüvvələr ona qarşı olacaq. Artıq indidən cəmiyyətin bütün təbəqələrində uğursuz inqlabçıya qarşı inamsızlıq çoxalır.

- Deməli, iddia edirsiniz ki, Ermənistanda ciddi siyasi böhran başlayıb?

 

- Bəli, başlayıb. Ozü də bunu əvvəlcədən proqnozlaşdırmaq olardı. Çünki, postsovet məkanında Qərb demokratiyası və kvaziliberalizmə doğru yönlənmək həmişə eyni və qəmli sonluqla başa çatır. Bizim şəraitdə bu meyarlar işləmir. Odur ki, Paşinyan artıq sonluğunu necə görməsi mövzusunda seçim etməlidir: Ya Ukraynadakı “Yanukoviç variantı”, ya da Azərbaycandakı “Elçibəy variantı”. Çünki, artıq o heç zaman “Lenin” və ya “Hitler” ola bilməyəcəyini yaxşı anlayır. Əgər Ermənistanda vəziyyət iqtisadiyyatın çöküşü və dərin böhranla bitsə, bu, Niko Vovayeviç (Nikol Paşinyan – red.) üçün heç də ən pis variant deyil: bu halda təlatümlər onun birbaşa özünə ziyan vurmayacaq. Çünki, onun üçün əsas olan kabinetini, statusunu əlindən ala biləcək daha bir “beliçantalı adamın” ortaya çıxmamasıdır. Bu “beliçantalı adamın” kölgəsi Paşinyanı daim qarabaqara izləyir.

 

- Bəs, bu şəraitdə, belə hökumətlə Qarabağ məsələsində nə danışaq? Müharibədən başqa yol qalırmı?

 

- Hesab etmirəm ki, Ermənistanla müharibə Azərbaycan üçün problemin birdəfəlik həllinin zəmanəti ola bilər. Əgər belə olsaydı, hesablamalar bunu təsdiq etsəydi, müharibə çoxdan başlayar və lazım olduğu kimi sona yetərdi. Məhz bu qarantiya olmadığı üçün bu günə qədər tammiqyaslı hərbi əməliyyatlar baş tutmayıb. Amma mübarizənin başqa yolu da var ki, oradakı qələbə heç də döyüş meydanından az önəmli deyil – söhbət informasiya müharibəsindən gedir. Bu döyüşdə qalib gəlmək üçün Azərbaycan ekspertləri, politoloqları və analitikləri ermənilərdən bir addım qabaqda və daha güclü olmalıdırlar.

 

Postsovet məkanında biz – ekspertlər tez-tez politoloji fəaliyyətin mahiyyətini səhv başa düşürük. Politoloq nominal məmurdan daha güclü siyasətçi olmalıdır ki, onun dedikləri hansısa proqnoz və tapmacalarla kifayətlənməsin, real siyasətdə effektiv işlənsin. Bjezinskinin misalı dediklərimə bir sübutdur. Hələ ki, Azərbaycanın profilli ekspertləri bu dediyim idealdan çox uzaqdırlar. Onların ancaq kobud müharibə variantlarından danışması dediklərimin sübutudur. Axı müharibəyə gedən ermənilərin də əllərindəki sadəcə ağac parçaları deyil. Odur ki, gündəlik müharibə təhdidlərindən, hədə-qorxularından əl çəkib Qarabağ məsələsinin həlli üçün digər variantlar üzərində də işləmək lazımdır. Axı düşmənini 1001-ci dəfə eyni təhdidlərlə qorxuda bilməzsən.

Müəllif: Nicat Hacıyev