Paşinyan: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır"

Aktual

18.04.2023 - 16:17

Baş nazir Azərbaycan Prezidenti ilə Praqa və Soçi görüşlərində razılaşdığını bəyan edib 

"Ermənistan Azərbaycan SSRİ-nin əraziləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında (parlamentdə) hökumətin 2022-ci il üzrə hesabatını təqdim edərkən deyib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman realdır ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan bir-birinin ərazi bütövlüyünü tanısın, bu gün və əbədi olaraq bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürsün”, - Paşinyan bildirib.

Paşinyan bu barədə Azərbaycan Prezidenti ilə Praqa və Soçi görüşlərində razılaşdığını bəyan edib.

“Həm İrəvandan, həm də Bakıdan rəsmi açıqlamalar var. Mən bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan öz ərazi bütövlüyünü tam şəkildə tanıyır və Ermənistan SSR ərazisini Ermənistan ərazisi kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyir”, - Baş nazir söyləyib.

Paşinyan bildirib ki, Azərbaycanın danışıqlar zamanı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Ermənistan tərəfinin özü ərazi bütövlüyünün əsası kimi SSRİ-də hazırlanmış Ermənistan və Azərbaycan SSR ərazilərinin xəritələrinin müqaviləyə əlavə edilməsi təşəbbüsü ilə çıxış edib".

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə