Parlamentdə pensiya yaşının azaldılması istənildi: "Kişilərdə 63, qadınlarda 60 yaş olsun"

Cəmiyyət

05.05.2022 - 20:12

Əli Məsimli: "Çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilsin"

Qüdrət Həsənquliyev: “Bu dəyişikliklərin heç də bütün vətəndaşların yaxşılığına olduğunu deyə bilmərəm”

Anar Kərimov: "Burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq"

Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən iclasında 22 məsələ müzakirəyə çıxarılıb. Gündəlikdə olan məsələlər içərisində Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) də müzakirə edilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli müzakirə zamanı deyib ki, Azərbaycanda pensiya təminatı sərtləşməyə başlayıb. 

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklər pensiya təminatının sərtləşməsinə yönəlib: "Əlbəttə, məsələlərə dərindən yanaşdıqda, pensiyalarla bağlı təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırmaq düzgün deyil. Hökumətin də bu məsələlərdə iştirakını vacib hesab edirəm. Azərbaycanda demoqrafik vəziyyət göstərildiyindən tamamilə dəyişib. Ailələrin əksəriyyəti indi 1 və 2 uşaqlıdır. Beş uşaqlı ailələrin sayı çox azdır. Ona görə təklif edirəm ki, çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilsin".

"Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib. Hesab edirəm ki,  Azərbaycanda orta ömür uzunluğunu nəzərə alaraq pensiya yaşına yenidən baxmaq lazımdır. Ölkəmizdə kişilərin pensiya yaşının 63, qadınların isə 60 olmasını məqbul hesab edirəm", - deyə Ə.Məsimli vurğulayıb.

“Bu dəyişikliklərin heç də bütün vətəndaşların yaxşılığına olduğunu deyə bilmərəm. Qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır. Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq". Bu sözləri çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır: "Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35 faizdən az olmasın”.

Müzakirələrdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, hazırkı layihə Prezident İlham Əliyevin təsdiqlədiyi 2014-2020-ci illər ərzində pensiya konsepsiyasından irəli gələn işlərdən ibarətdir.

"Yeni pensiya konsepsiyası üzərində işlənilməyə başlayıb. Burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq”, - deyə nazir müavini vurğulayıb.

A.Kərimov onu da söyləyib ki, 2020-2022-ci illərdə əlillik müddəti uzadılan 60 minə qədər şəxsə yenidən əlillik təyin edilib: "Əlillik 5 illik müddət bitəndən sonra təkrar qiymətləndirilməlidir. Bu müddət ərzində şəxsə vəsait ödənilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və həmin şəxslərə ödəniş olunub”.

“Çoxuşaqlı ailələr üçün uşaqların sayının hazırda olduğundan az götürülməsi məsləsinə yeni pensiya konsepsiyası çərçivəsində yenidən baxarıq. Eyni zamanda, sağlam ömür orta yaşına da yeni pensiya konsepsiyasında yenidən baxmaq olar", - deyə o, bildirib.

A.Kərimov xatırladıb ki, 2020-ci ildə 6 və daha çox uşağı olan ailələrin sayı 1137 nəfər idi: “İldə 20-ə yaxın ailədən söhbət gedir. Qüdrət müəllimin dediyi məsələ çox adamı əhatə etməyəcək”.

Nazir müavini qeyd edib ki, 2017-ci ildən bəri təxminən 6 min ağır şəraitdə işləyən vətəndaşımız müxtəlif səbəblərdən pensiya ilə bağlı müraciətə imtina cavabı alıb: "Bu dəyişikliklərlə onların da pensiya təminatı hüququ təmin ediləcək. Pensiya qanunvericiliyinə yeni təkliflər vətəndaşlara ciddi mənada müsbət təsir edəcək. Hazırkı layihə isə vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçündür”.

Müzakirələrdən sonra qanun layihələri ikinci oxunuşdan keçib. 

Müəllif: Anar Bayramoğlu