Parlamentdə nazirlərlə və pensiya ilə bağlı etiraz: “Dəyişən heç nə yoxdur”

Cəmiyyət

27.12.2022 - 23:18

Deputatlar nazirlərin onlara cavab verməməsindən şikayətləndilər: “Bu kişi sizdən bəyəm əksikdir?”

Azərbaycan parlamentində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanunun müzakirəsi zamanı deputat Tahir Kərimli dövlət qulluqçularından narazılıq edib. Millət vəkili bildirib ki, məmurlar heç deputatların müraciətinə məhəl qoymurlar: “Dövlət qulluqçularının etik davranışları bu gün heç də xoş təsir bağışlamır. Müraciət edirsən, hiss edirsən ki, səni başından edir. Bunu deputata qarşı edirlərsə, vətəndaşla necə davranacaqlar?”.

“Deputatın müraciətinə bəzən heç rəhbər də yox, hansısa sektor müdiri cavab verir”

“Dövlət qulluqçuları bəzi qurumlardan nümunə götürməlidir. Daxili İşlər Nazirliyinə müraciət edirsən, nazir özü şəxsən cavab verir. Bu, elə Ramil Usubovun dövründə də belə olub. Bu kişi sizdən əksikdir? Mən xahiş edirəm ki, onlar öz davranışlarına diqqət yetirsinlər. Elə biz həmişə deyirik, amma dəyişən heç nə yoxdur”, - millət vəkili irad bildirib.

Deputat Ceyhun Məmmədov dövlət qurumlarının fəaliyyətindən gileylənib: “Dövlət qurumları bir sıra hallarda işə qəbulda obyektivlikdən uzaq qərar qəbul edirlər. Bu, gəncləri dövlətdən narazı salır, onların başqa sahələrə yönəlməsinə səbəb olur. Hesab edirəm ki, bu tendensiyaya son qoyulmalıdır”

C.Məmmədov onu da bildirib ki, məmurlar, nazirliklər deputatların rəsmi müraciətlərinə cavab vermirlər: “Biz məktub yazırıq, amma əksər hallarda şablon cavablar verilir. Deputatın müraciətinə bəzən heç rəhbər də yox, hansısa sektor müdiri cavab verir. Bu, həllini tapmalıdır. Düşünürəm ki, qanunu qəbulu ilə yanaşı, nəzarət mexanizmləri də olmalıdır”.

Müzakirədən sonra qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

“Daha az məbləğdə pensiya alanlardan 10 faiz, daha çox pensiya lanlardan isə 20 faiz məbləğ tutulacaq”

İclasda eyni zamanda, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi müzakirə olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında artıq ödənilmiş vəsaitin pensiyaçılardan geri alınmasının mexanizmi açıqlayıb: “Daha az məbləğdə pensiya alanlardan 10 faiz, daha çox pensiya lanlardan isə 20 faiz məbləğ tutulacaq. Beləliklə artıq ödənilmiş vəsait geri alınacaq. Bu, müsbət dəyişiklikdir”.

Komitə sədri həmçinin bildirib ki, iki ildir, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən onun investisiya fəaliyyətinin əsaslarının müəyyən etməsi ilə bağlı təkliflər səsləndirilir: “Artıq bu təkliflər nazirlik tərəfindən müsbət qarşılanıb və DSMF-nin investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi yaz sessiyasında müzakirəyə təqdim ediləcək”.

“Burada onun günahı olmadığından verilən pul geri alınmamalıdır”

“Mən pensiyalar haqda qanunun 39-cu maddəsinin 1-ci hissəsi haqqında fikrimi bildirmək istəyirəm. Hörmətli Musa müəllim qeyd etdi, müsbət dəyişiklikdir, pensiyaçılarımızın xeyrinədir. Bu il bizdə pensiya orta hesabla 363 manat, 2023-cü ildə isə 423 manat olacaq. Qeyd edim ki, burada müəyyən gerialmalar da nəzərdə tutulur. Hesab edirəm ki, pensiyaçının cinayəti və günahı olmadan ona artıq pensiya təyin edilibsə, burada onun günahı olmadığından verilən pul geri alınmamalıdır. Yox, əgər məmurla cinayət əlaqəsinə girilibsə, bu ayrı məsələdir”. Bu sözləri müzakirə zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Analıq məzuniyyətinə çıxan qadına deyibkər ki, sizə çox pul ödəmişik, geri qaytarın”

Millət vəkili xatırladıb ki, hər il inflyasiya var: “Bu il iki rəqəmli inflyasiya olub. Yaşlı adamların müalicəyə ehtiyacı var. Musa müəllimə müraciət edirəm, qanunvericilik subyekti ilə danışsın. Əgər pensiya məbləği orta aylıq əmək haqqından çoxdursa, ondan tutulsun, yox əgər məbləğ orta aylıq əmək haqqından azdırsa, tutulmasın. Amma pensiyaçıdan bunu tutmaq onlar üçün ciddi problem yaradacaq”.

“Bu yaxınlarda gənc ailə mənə müraciət ediblər, evdə hər ikisi işləyir və kirayədə qalırlar, ancaq güclə dolanırlar. Xanım analıq məzuniyyətinə çıxıb və məzuniyyət pulunu alıb. Sonra da gedib uşaq üçün çarpayı alıb və s. Amma sonra deyiblər ki, sizə çox pul ödəmişik, geri qaytarın. Əslində belə hallarda məsuliyyət səhvə yol verən məmurun üzərinə düşür”, - Həsənquliyev əlavə edib.

Deputat bildirib ki, deputatlar da pensiyaya çıxacaq: “Biz ağsaqqalların, pensiyaçıların qeydinə nə qədər qalsaq, bizim də qeydimizə o qədər qalacaqlar. Pensiyaçılarla bağlı məsələ önəmlidir. Onların çoxunu övladları saxlayır”.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu